Bütün xəbərlər
Keçmiş nazirin qızına məxsus şirkətin gəlirləri açıqlandı
Tarix: 26-01-2021 01:25 | Bölmə: Mədəniyyət

                 



Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsus olan və Rusiyada fəaliyyət göstərən “QALS” şirkəti son bir il ərzində 5 milyon 684 min rubl (75 min 786 dollar) gəlir əldə edib.
Kult.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Vergilər Xidməti açıqlayıb. Məlumatda bildirilir ki, Suad Malekinin yeganə təsisçisi olduğu “QALS” şirkəti 319 min 908 rubl (4 min 265 dollar) vergi ödəyib.
Qeyd edək ki, “QALS” şirkəti 05.07.2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alğı-satqısı ilə məşğuldur.
Mətbuatda yayılan məlumatda bidirilir ki, “QALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.
Onu da qeyd edək ki, “GALS” adı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin də sabiq nazirə bağlı olduğu bildirilir. “GALS Gallery”, “GALS Beauty and Spa” və “GALS” MMC-yə sabiq nazirə yaxın olan şəxslər rəhbərlik edir. Bunlardan başqa sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) rəhbərlik etdiyi “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC 29.03.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb.
Sabiq mədəniyyət nazirinin həyat yoldaşı və qızından başqa kürəkəni Şahriar (Şəhriyar) Maleki də Azərbaycanda biznes fəaliyyətilə məşğuldur. Əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.
Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən azad edilib.


Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya