Bütün xəbərlər
BÖYÜK QURTULUŞ TARİXİMİZ - 100 -ƏFLATUN AMAŞOV
Tarix: 15-09-2018 09:50 | Bölmə: Cəmiyyət

O bir türk zabiti - qəhrəman, mətin, 
Doğma qardaşına yardıma gəldi. 
Qırğına tutulan millətimizin 
Haqlı savaşına yardıma gəldi.
Böyük Bəxtiyar Vahabzadənin “Tənha məzar” şerindən olan bu sətirlərin həsr edildiyi türk zabitinin Bakını işğaldan azad etməsindən bir əsr keçir. Böyük qurtuluş tariximizin 100 ili tamam olur.
Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını erməni-daşnaq cəngindən xilas etməsinin müstəsna siyasi əhəmiyyəti var. Bu barədə tarixçilər kifayət qədər yazıblar və düşünürəm ki, əlahəzrət zaman keçdikcə məsələ ilə bağlı daha fərqli məqamlar aşkara çıxarılacaqdır.
Əlbəttə, 70 illik sovet dövrünü yaşadıq. 1918-ci ilə qədərki Çar Rusiyası dövrü də bizimdir. Hər ikisi türk varlığı və kimliyinin təhdid edildiyi, yasaqlandığı tarixdir. Obrazlı desəm, yumruqların sıxıldığı və bu varlıq və kimliyin ovuc içərisində sıxılıb qaldığı tarix. Çox acı və üzücü tarix...
Ancaq biz ilk fürsətdəcə özümüzü tanıdıq. Bizdən olanları tanıdıq. Bizdən olanlar bizləri tanıdılar. Qardaş yardımına gəldilər. Bizlər bir-birimizi unuda bilməzmişik axı. 15 sentyabr Anadolu və Azərbaycan türklərinin timsalında uca türk millətinin şücaət şərabının badələrə sığmadığı unudulmazlıq tarixdir. Bakısız Azərbaycan olardımı? Olmazdı, əsla olmazdı!
Müasir dövrdə Türkiyə və Azərbaycan münasibətləri dünyanın heç bir dövlətlərarası münasibətlərində olmadığı və ola bilməyəcəyi qədər möhkəmdir. Bu möhkəmliyin təməl tarixidir 15 sentyabr. 15 sentyabr türk qardaşlığının sınaqdan başıuca, üzüağ çıxdığı ortaq tarixdir.
15 sentyabr gələcəyimiz üçün mayakdır. Gələcək bizimlədir, türklərlədir. Bizə biz olmağı öyrədən şanlı tariximizlə qürur duyuruq. Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı, var olsun dövlətlərimiz, var olsun uca millətimiz!


Baxış sayı: 730


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib