Azərbaycan voleybolçuları Tokio-2020 üçün Braziliyada mübarizəyə başlayır
Tarix: 31-07-2019 13:10 | Bölmə: Sosial


                    Azərbaycan voleybolçuları Tokio-2020 üçün Braziliyada mübarizəyə başlayır

Sabah qadın voleybolçular arasında 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə start veriləcək. 
APA-nın məlumatına görə, dörd illiyin ən möhtəşəm yarışında iştirak üçün Azərbaycan yığması da mübarizə aparacaq. 
D qrupunda yer alan Covanni Kapraranın rəhbərlik etdiyi komandanın şansları yüksək qiymətləndirilmir. Çünki əsas heyət üzvlərindən Yana Kulan və Yekaterina Jidkovanın olmaması hücumda problemlər yarada bilər. Həmçinin komandamızın müdafiə xətti də lazımınca güclü deyil. Bu, Qızıl Avropa Liqasında da özünü aşkar şəkildə büruzə verdi. Amma kifayət qədər təcrübəli voleybolçunun ilk dəfə xarici mütəxəssisin rəhbərliyi altında meydana çıxacağını nəzərə alsaq, ən azı sonadək mübarizə aparacağını gözləməyə dəyər. Düzdür, qrupda yalnız qalib lisenziyaya sahib olacağından oyunlara ev sahibliyi edən Braziliya daha şanslı hesab edilir. 
Azərbaycan turnirə Dominikan Respublikası ilə başlayacaq. Avqustun 1-də baş tutacaq görüşdəki rəqib komandamız üçün tanışdır. DÇ-2006-da 3:1 hesabı ilə məğlub edib, DÇ-2014-də eyni hesabla uduzduğumuz dominikanlılarla oyunda aşkar favorit yoxdur. Qalib gələcək komanda növbəti matçlarda daha inamlı çıxış etməyə çalışacaq. 
Voleybolçularımız ertəsi gün ev sahibi Braziliya ilə gücünü yoxlayacaq. Matçda rəqib çox şanslıdır. Olimpiadanın ikiqat qalibi ilə görüşdə sensasiyaya imza ata bilsək, lisenziyaya böyük ölçüdə şans yaranacaq. Çünki son matçda Kamerun yığması ilə üz-üzə gələcəyimizdən avqustun 3-də baş tutacaq qarşılaşmada təmsilçimiz favoritdir. 
Tokio-2020-yə vəsiqə uğrunda qadınların yarışında isə ümumilikdə 24 yığma mübarizə aparacaq. 6 qrupda baş tutacaq matçlardan sonra birinci yerin sahibləri birbaşa Oyunlarda iştirak hüququna yiyələnəcəklər. 
Azərbaycan millisinin heyəti
Toppaylayıcılar:
 Kristsina Yaqubova, Yana Əzimova, Şəfaqət Alışanova
Blokçular: Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova, Mariya Kirilyuk
Hücumçular: Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova
Liberolar: Leyla Parşkova, Bəyaz Əliyeva
D qrupu
1 avqust

21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan
2 avqust
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası
3 avqust
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun
Qeyd edək ki, D qrupunun oyunları Braziliyanın Uberlandiya şəhərində keçiriləcək. 








Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər