Bütün xəbərlər
"Sumqayıtın 70 illik yubileyinə hazırlıq işləri kompleks şəkildə davam etdirilir"
Tarix: 31-07-2019 03:33 | Bölmə: Sosial



Sumqayıt şəhərinin 70 illik yubileyilə bağlı başlanan hazırlıq işləri kompleks şəkildə davam etdirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayevin News24.az-a verdiyi açıqlamaya görə, tədbirlər noyabr ayına qədər başa çatdırılmalıdır: «2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Artıq şəhərin 70 illik yubileyi ilə bağlı tədbirlərə start verilib. Sumqayıtın şəhər statusu aldığı 22 noyabr tarixində Şəhər Günü münasibətilə möhtəşəm tədbir keçiriləcək. Bildiyiniz kimi son illər Sumqayıt şəhərində 4,2 kilometr uzunluğunda, 106 hektar ərazidə müasir bulvar yaradılıb. Hazırada bulvarın ərazisi şimala doğru 1 kilometr artırılır. Ərazidə uşaqların səmərəli istirahətini təmin etmək məqsədilə əyləncə mərkəzlərinin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikiləcək, fəvvarə quraşdırılacaq. Bununla yanaşı, Xəzərin sahilində çimərlik zonası salınacaq, 292 ədəd istirahət otaqlarının da inşa edilməsi planlaşdırılır. Genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yolun şəhərin Səməd Vurğun küçəsinə birləşdiriləcəyi bildirilir. Bulvar ərazisinin ikinci hissəsi bu ilin noyabr ayında Sumqayıtın 70 illik yubileyi ərəfəsində əhalinin istifadəsinə veriləcək».
E.Qocayevin sözlərinə görə, «Nizami» kinoteatrının inşası da həyata keçirilir: «1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək. Bütün bunlarla yanaşı şəhərdə məhəllədaxili yollar, küçə və prospektlərdə əsaslı təmir işləri aparılır, yollar asfaltlanır, yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir».


Baxış sayı: 795


Bölməyə aid digər xəbərlər