Bütün xəbərlər
Azərbaycanda turistlərin yerləşdirilməsi fəaliyyəti ilə məşğul olanların sayı artıb
Tarix: 11-07-2019 09:41 | Bölmə: Sosial


Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artıb.
Trend-in məlumatına görə, 2014-cü ildə Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə məşğul əhalinin sayı 55,7 min nəfər idisə, 2015-ci ildə bu rəqəm 61,5 min nəfər, 2016-cı ildə 68,4 min nəfər, 2017-ci ildə 73,5 min nəfər olub.
Ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı bir qədər də artaraq 78,2 min nəfərə yüksəlib.
Ötən müddətdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artsa da, maliyyə və sığorta fəaliyyəti üzrə bu say azalıb.
2014-cü ildə 32,8 min nəfər bu sahə ilə məşğul olduğu halda, 2018-ci ildə bu göstərici 27,4 minə enib.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib. Bununla əlaqədar ölkədə turizm fəaliyyəti ilə məşğul şirkətlərin sayı getdikcə artır. Hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir.
Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir: "Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz üzərinə götürməsin".


Baxış sayı: 484


Bölməyə aid digər xəbərlər