Bütün xəbərlər
Qusar rayonunda İnsan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib
Tarix: 27-05-2019 11:47 | Bölmə: Sosial

Qusar rayon Gənclər Evində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi çərçivəsində insan alveri ilə mübarizə mövzusunda tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri Mehriban Abdullayeva açaraq həyata keçirilən layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb və insan alveri ilə mübarizə haqqında məlumat verib. Bildirib ki, insan alveri dünyanın ən əsas problemlərindən biridir. Hər il minlərlə insan, əsasən, qadınlar və uşaqlar, ya öz ölkələrində, ya da xaricdə istismar və başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. Gəncləri bu sosial bəladan qorumaq üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan təşkilatın sədri qeyd edib ki, bu problemlə üzləşməməli üçün gənclərlə psixoloji söhbətlər aparılacaq, layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə KİV-lərdə insan alveri ilə bağlı geniş maarifləndirici məlumatlar yayımlanacaq, bugün 1 milyondan artıq istifadəçisi olan facebook sosial şəbəkəsində təşkilatın İnsan alverinə dair yaratdığı və idarə etdiyi qrup vasitəsilə gənclər və yeniyetmələrə müxtəlif informasiyalar çatdırılacaq. Mehriban xanımi bildirib ki, layihənin həyata keçirilməsində məqsəd İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır, həmçinin insan alverinə qarşı mübarizə və insan alveri qurbanlarının müdafiəsi üzrə fəaliyyətin daha səmərəli aparılması istiqamətində imkanların artırılmasıdır. O, gələcək təhlükələrin qarşısının alınması məqsədilə insan alveri qurbanlarının tapılması, onların başına gələnlərin ictimaiyyətə çatdırılması baxımından səylərin artırılmasını qeyd edib. Bildirib ki, anonimlik qorunmaq şərtilə belə insanların yaşadıqları haqqında məlumat alan potensial qurbanlar artıq daha ayıq və diqqətli olacaq, ani təhlükə zamanı hara və necə müraciət edəcəkləri barədə maariflənəcəklər.
Tədbir iştirakçıları çıxış edərək insan alveri ilə mübarizə mövzusu ilə bağlı fikirlərini bölüşüb və cəmiyyətdə bu cür halların olmasını qəti şəkildə pisləyiblər, bu istiqamətdə  maarifləndirici tədbirlərin və bu cür layihələrin həyata keçirilməsinə ehtiyac duyulduğunu bildiriblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Məlumat üçün qey edək ki, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin həyata keçirdiyi “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Sabaha-inamla.Az





Baxış sayı: 622


Bölməyə aid digər xəbərlər