Bütün xəbərlər
Tarix fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi
Tarix: 08-01-2018 22:17 | Bölmə: Sosial
“Müəllim vəzifəsi ona görə şərəflidir ki, cəmiyyət üçün ən dəyərli,bilikli,zəkalı,tərbiyəli vətəndaşlar hazırlayır”.
Heydər Əliyev.

Nizami rayon 12 nömrəli tam orta məktəbin tarix
müəllimi Şövqiyyə Əsgər qızı Əliyeva

  Təhsil hər bir şəxsin,cəmiyyətin, xalqın və dövlətin həyatında inkişaf və tərəqqinin mənbəyidir. Əlbəttə söhbət müasir tələblərə cavab verən yüksək keyfiyyətli təhsildən gedir.
Təhsil prosesinin həyata keçirildiyi məkan isə məktəbdir. Çünki millətin gələcəyi məktəbdə formalaşır. Valideynlər öz övladlarının savadlı böyüməsi, gələcəyinin parlaq olması üçün biz müəllimlərə etibar edirlər. Biz müəllimlər də şagirdlərin bilik səviyyəsini yüksəltmək üçün, təhsildə keyfiyyəti artırmaq üçün müasir tələbləər uyğun olaraq müasir təlim texnologiyalarından istifadə edərək nümunəvi dərs qurmalıyıq.
   Mən də tarix fənninin tədrisində fəal təlim metoduna üstünlük verirəm. Fəal təlim metodu şagirdlərin təfəkkürünü inkişaf etdirir. Şagird kəşf olunanları özü üçün yenidən kəşf edir.
Tarix fənninin tədrisində müasir təlim texnologiyaları işərisində ən geniş istifadə etdiyim forma qruplarla işdir. Təcrübələrimə əsaslanaraq deyərdim ki, qruplar şəklində iş sinifdə bütün şagirdlərin fəal şəkildə öz bacarıqlarını səfərbərliyə almaq imkanı yaradır,şagirdin özünü inamlı aparmasına yardım edir. Şagirdlərdə kollektivçilik hisslərini inkişaf etdirir,ünsiyyət bacarıqlarının formalaşmasına imkan yaradır.
Tarix fənninin tədrisində bu bacarıqları inkişaf etdirməyi özümə borc bilirəm. Hər bir dərs mənim üçün seçdiyim və sevdiyim peşənin yollarında yeni bir kəşfə, yeni bir pilləyə çevrilir. Şagirdlərin dərs zamanı ünsiyyətinə,fikirləşərək yaradıcı olmalarına, öyrənməyi öyrənmələrinə şərait yaradıram.Mən həm də vətənpərvərlik idayası aşılayan zəngin dərs vəsaitlərindən, kinofilmlərdən, tarixi yerlərə ekskursiyalardan və s. bu kimi əyaniliklərdən istifadə edirəm.  
  Şagirdlərimin tarix fənninə marağına artırmaq məqsədi ilə müntəzəm şəkildə “Tarix gecələri” keçirirəm. Bütün tədbirlərimin ssenarisini özüm qururam və bundan zövq alıram.
    Tarix fənninin digər fənnlərlə inteqrasiyasını yaratmaq məqsədi ilə “Fənnlərin dostluğu” bilik yarışması təşkil edirəm.
    Tarix fənninin tədrisində müasir təlim texnologiyalarından olan “Rollu oyunlar” mövzunun daha yaxşı mənimsənilməsinə və uzun müddət yadda qalmasına səbəb olur. Məsələn dərs dediyim V siniflərin birində şəxsən hazırladığım rollu oyunu nəzərinizə çatdırmaq istəyirəm. Paylama vərəqində hər şagirdə deyəcəyi sözləri verdim və belə maraqlı, yaddaqalan oyun alındı.
                                 “Baba və sevimli nəvələr”
Baba-Mənin əziz nəvələrim, tarixlərdən üzü bəri daşlar üstə həkk olunmuş abidələr çox olmuşdur. Bu tarixi abidələr hansılardır?Kim danışar?
Nəvə-Bu tarixi abidələr-Qobustandır.Min illərin yadigarı-Azıx adlı mağaradır.
Baba-Bəsdir əyləş,ardını bəs kim danışar?
Nəvə-Azərbaycan dediyimiz ana Vətən xalqımızın ta qədimdən məskənidir.
Torpağımın altı qızıl,üstü qızıl,bol bəhrəli sərvətlidir,
Bu diyarın övladları zəhmətsevər,qətiyyətli,qeyrətlidir.
İllər ötdü zaman-zaman,neçə-neçə mərd qəhrəman,
Vətən üçün öz canını verib qurban,
O qəhrəman oğullarla fəxr eyləyir bu gün,anam Azərbaycan.
Baba-Demək bizim vətənimiz qəhrəmanlar diyarıdır?
Nəvə-Çoxdur bizim qəhrəmanlar,igid,qorxmaz,mərd oğullar.
Biri-Məşhur Cavanşirdir-Alban sərkərdəsidir.
Biri-Babək,mərd igiddir,tarixi bir şəxsiyyətdir.
O birisi-Qızıl Arslan,Atabəylər dövründə ad qazanmış bir pəhləvan.
O birisi-Şah babamız Xətaidir, sözləri də,qılıncı da kəsərlidi.
Baba-Deyə bilərsənmi sən kimsən?
Nəvə-Mən kiməm?Əlbəttəki azərbaycanlıyam,damarlarımda türk qanı axır.Ürəyi kimi, qəlbi açıq xalqıq biz,özüdə nə desən var bizim vətəndə.Heç kimdən,heç nəyi əsirgəmirik,təkcə Vətən torpağından başqa.
Baba-Çox sağ olun mənim biləyən nəvələrim siz cavablarınızla vətənpərvər olduğunuzu sübut etdiniz.
Bu rollu oyun inandırım sizləri ki, uşaqlarda həm də vətənpərvərlik hissi də oyatdı.Şagirdlərim bir anlığa özlərini başqa aləmdə hiss etdilər. Hətta dərsdən sonra evə gedib bu gün öyrəndiklərini valideynləri ilə bölüşdülər. Həm də bilik səviyyələrini artırdılar,onlara tanış olmayan qəhrəmanları tanıdılar.
  Tarix fənninin tədrisində müasir təlim üsullarından istifadə təhsildə keyfiyyəti hər zaman artırır. Şagirdlərin İKT-dən istifadə bacarığını dərinləşdirmək,sərbəst nitq söyləmək mədəniyyətini inkişaf etdirmək məqsədi ilə müəyyən mövzular haqqında təqdimatlar hazırlamaq tapşırıram. Şagirdlər təqdimatlar hazırlayarkən həm də onlarda olan fitri istedad da üzə çıxır. Məsələn ilk dərs günü VIII sinifdə dərs zamanı Respublikamız, işğal altında olan torpaqlarımız,ərazilərimiz haqqında söhbət apardım. Və şagirdlərə “Bu gün Azərbaycan dedikdə hansı əraziləri nəzərdə tutursunuz?”başlıqlı təqdimat hazırlamağı tapşırdım. İstedadlı şagirdlərimdən biri maraqlı təqdimat hazırladı. Müəllimlik fəaliyyətim dövründə birinci dəfə idi ki, belə dərin düşüncəli, istedadlı bir şagirdlə rastlaşdım. Onun təqdimatını sizin diqqətinizə çatdırmaq istəyirəm.
“Azərbaycan” deyəndə
Xəyalım gedib çıxır Dəmir Qapı- Dərbəndə,
Təbriz düşür yadıma “Azərbaycan” deyəndə,
İrəvan qalasını mən tuturam nəzərdə.
Borçalı yada düşür “Azərbaycan” deyəndə,
Ürəyim sızıldayır mən “Qarabağ” deyəndə,
Xoxalını anıram “Azərbaycan” deyəndə.
Bakımızın adını sevinirəm çəkəndə,
Qürur hissi duyuram “Azərbaycan”deyəndə...
  Deməli müasir təlim texnologiyalarının tətbiqi keyfiyyətli təhsil verir.
Yaradıcı tətbiqetmə də fəal dərsin ən maraqlı, zehni inkişaf etdirən hissələrindən biridir. Bölmə üzrə mövzular bitəndə şagirdlərə krossvord tətbiq etməyi tapşırıram.
  Əyləncəli krossvordların tərtibatı və həlli şagirdlərin diqqət və yaddaşlarını inkişaf etdirir və keçmiş biliklərinin səviyyəsini müəyyən etməsinə imkan yaradır.
   Müasir təlim texnologiyalarının tətbiqi nəticəsində şagirdlər həm tədris,həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunur,müxtəlif informasiya mənbələrindən istifadə edir,sistematik olaraq müstəqil şəkildə bilik ehtiyatını artırırlar.
    19 illik iş təcrübəmə əsaslanaraq onu da demək istəyirəm ki, tarix fənninin tədrisində mütləq əyani vəsait olmalıdır. Şagirdin dərsə diqqətlə yanaşması,öz fikrini,yəni dərsdə qazandığı biliklərin yaddaşa hopması, dərsi mükəmməl mənimsəməsi üçün əyani vəsaitlərin rolu böyükdür. Şagirdlər əyani vəsaitlərdən istifadə edərək keçmiş dərsi möhkəmlədir və yeni dərsə zəmin yaradır.
   Hər hansı bir mövzu öyrədilərkən göz yaddaşı etmək daha keyfiyyətli təhsil verir. Belə ki, mövzuya uyğun resuslar-xəritələr,cədvəllər,illüstrasiyalar,dövrü əks etdirən nümunələr mütləq olmalıdır. Mən öz tarix kabinetimdə keçmişimizi əks etdirən əl dəyirmanı,yun darağı,cəhrə,hana,sandıq,mis qazanlar,saxsı qablar,bəşəriyyətin kəşfi olan təkər,nehrə və s.nümunələr qoymuşam. Şagirdlər dərs zamanı o nümunələri gözləri ilə görür və ömürlük beyinlərinə həkk edirlər.
   Tarix fənninin tədrisində keyfiyyətli dərs əldə etmək üçün ekskursiyaların da çox böyük əhəmiyyəti var. May ayında Bədii sənət nümunələri ilə şagirdlərimi tanış etmək üçün böyük ipəkçilik mərkəzi olan Şəki şəhərinə ekskursiyaya yollandıq. Təkəlduzçuluq,muncuqlu tikmələr,şəbələli işləmələr və s.qeyri-maddi mədəniyyət nümunələrinin hazırlanması qaydası ilə şagirdlərim tanış oldu. İpəkçiliyin mərkəzi olan Şəkidə çox maraqlı bir fakt öyrəndilər ki,ipək saplarla hazırlanmış bədii tikmələrin qalıqlarını arxeoloqlar torpağın altından tapıblar,amma ipəklə işləmələr xarab olmayıb. Araşdırmadan sonra məlum olub ki, torpağın altında belə qurd qurdun məhsuluna dəymir. İnandırım sizi şagirdlərin gözləri yaşardı.Nə qədər tərbiyəvi bir faktla tanış oldular...
   Hər zaman dərslərimi müasir tələblərə cavab verən fəal təlim əsasında qurmağı özümə borc bilirəm.
   Tarix fənninin tədrisində keyfiyyəti artırmaq məqsədi ilə aşağıdakı təkliflərimi nəzərinizə çatdırıram. Diqqətinizə görə əvvəlcədən sizə minnətdaram.
                                            Təkliflər
1.Sinifdə şagirdlərin sayı 10-15 nəfərdən artıq olmasın.
2.Sinif otaqları hər mövzuya uyğun resurslarla təchiz edilsin.
3.Tarix təliminin müasir həyatla əlaqəsi təmin edilsin.
4.Dərs yükünün kəmiyyəti azaldılıb,keyfiyyəti artırılsın.
5.Müvafiq dərslərin məkan amili nəzərə alınaraq vizual şəkildə tədris edilməsi nəzərdə tutulsun.
6.Şagirdlərdə məsuliyyət və özünəgüvən hissini formalaşdırmaq üçün müvafiq dərslərin tədrisi onların təklif və iradları əsasında qurulsun.
7.Şagirdlər arasında dərsə maraq və keyfiyyət meyarının artırılması zəminində standartlardan qaçılsın.
8.Dəstəkləyici və həvəsləndirici mühit yaradılsın.


Baxış sayı: 3 937


Bölməyə aid digər xəbərlər