Bütün xəbərlər
"Badam Bağları" yaşayış massivinin yolları yenidən qurulur (FOTO)
Tarix: 07-02-2019 13:04 | Bölmə: Sosial



2019-cu ildə Bakı şəhərində yenidən qurulması nəzərdə tutulan layihələrin icrası məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərə start verilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, tərtib olunmuş tədbirlər planına əsasən Bakı şəhərinin qəsəbədaxili yollarının və küçələrinin yenidənqurulması işləri çərçivəsində cari ildə Xəzər rayonunda ümumi uzunluğu 20 km-ə yaxın daxili avtomobil yolu əsaslı şəkildə bərpa olunacaq.
Artıq bu çərçivədə Xəzər rayonunda Mərdəkan şosesindən ayrılan və “Badam Bağları” yaşayış massivinə gedən yolun, həmçinin bu yola paralel 2 qəsəbədaxili küçənin əsaslı şəkildə bərpası işlərinə start verilib .
Aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.
Layihə çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə iri və xırda asfalt-beton qarışığından yeni yol örtüyü salınacaq.
Yol boyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkilərinin inşası da layihədə nəzərdə tutulmuş işlərdəndir.
Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.







Baxış sayı: 688


Bölməyə aid digər xəbərlər