Bütün xəbərlər
Halal hotellərə qarşı yeni tələblər - İşçilərin geyimi İslam əxlaqına zidd olmamalı və...
Tarix: 14-12-2017 08:08 | Bölmə: Sosial
                                  

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-Hotellər" adlı dövlət standartı layihəsi hazırlanıb.
Layihənin müəlliflərindən biri, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov Trend-ə bildirib ki, yeni standartlar halal turizm fəaliyyətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, motellər və digər mehmanxana tipli obyektlər üçün "Halal İdarə Sistemi"ni əhatə edir.
R.Səfərovun sözlərinə görə, mehmanxana halal idarə etmə sisteminin işini qiymətləndirmə və monitorinq üçün qaydalar müəyyən etməli və onları tətbiq edilməlidir: "Mehmanxana halal idarəetmə siyasətinə uyğunsuzluqların səbəblərini aradan qaldırmaq və təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməlidir".
R.Səfərov qeyd edib ki, layihədə halal xidmət verən mehmanxanalara ümumi tələblər qoyulub: "Bu tələblərə görə, halal xidmət göstərən mehmanxanalar müştərilərinə təqdimat zamanı verilən öhdəlikləri yerinə yetirilməlidirlər. Qonaqları aldatmağa yönələn hərəkətlər (reklamlar, kampaniyalar, qiymətlər, xidmətlər, fəaliyyətlər və s.) edilməməli, qonaqların dini həssaslıqlarına maksimum diqqət göstərilməli, sui-istifadə edilməməlidir. Bundan başqa, müştəri şikayətlərinin toplanması, yoxlanması, qiymətləndirilməsi və təmin edilməsinə yönəlmiş tədbirlər həyata keçirilməlidir. Xüsusilə islami həssaslıqlarla əlaqədar şikayətlərə sürətli baxılmalıdır".
Layihə müəllifi əlavə edib ki, mehmanxanalarda halal yemək və içkilərin hazırlanma və təqdim edilmə qaydaları AZS 294-2007-yə uyğun olmalıdır: "Sanitariya-gigiyena üzrə tələblərin gözlənilməsi üçün istifadə edilən kimyəvi maddələr və materiallar halal sahədə istifadəyə uyğun olmalıdır. Qida xammalı və qida məhsullarının qəbulu, emalı, saxlanılması və paylanması zamanı sanitariya-gigiyena tələblərinə ciddi əməl edilməli, keyfiyyətinini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədləri olmayan qida məhsullarının istifadəsinə yol verilməməlidir. İşçilər müəyyənləşdirilmiş qaydada tibbi baxışlardan keçirilməli və onların fəaliyyəti sanitariya-gigiyena normalarının tələblərinə uyğun olmalıdır. Hamam, tualet və duşlarda olan sabun, şampun və s. təmizlik vəsaitləri TSE K 202 meyarlarında göstərilən şərtlərə cavab verməlidir. Bununla yanaşı, hər hansı bir formada təqdim edilən qidaların hazırlanması, istifadəsi, daşınması və saxlanılması zamanı onların halal olmayan məhsullara təmasda olmamasına zəmanət verilməlidir".


Baxış sayı: 743


Bölməyə aid digər xəbərlər