Bütün xəbərlər
DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək
Tarix: 12-12-2017 22:43 | Bölmə: Sosial
                                     

Dövlət İmtahan Mərkəzi (DİM) 14 və 15 dekabr 2017-ci il tarixlərində Respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax,  Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz,  Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli,  Beyləqan, Şirvan,  Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

Aztəhsil.com xəbər verir ki, bu haqda DİM-dən məlumat verilib.

Regionlarda keçiriləcək monitorinq imtahanlarında 230 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 8554, rus dili fənni üzrə 339, riyaziyyat fənni üzrə isə  8546 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

Azərbaycan (rus) dili fənni üzrə imtahan 14 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.

Riyaziyyat fənni üzrə imtahan 15 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.

Xatırladaq ki, 6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 20 və 21 dekabr 2017-ci il tarixlərində keçiriləcək. 

Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar  dövlət vəsaiti hesabına təşkil olunur.


Baxış sayı: 721


Bölməyə aid digər xəbərlər