Bütün xəbərlər
PEŞƏKAR MÜƏLLİM, BACARIQLI TƏŞKİLATÇI
Tarix: 29-05-2020 18:36 | Bölmə: Sosial

Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəb özünün uğurları, yaxşı ənənələri ilə tanınır. Məktəb 2009/2010-cu tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazandığına görə respublika Prezidenti cənab İlham Əliyevin 5 iyul 2010-cu il tarixli, 997 nömrəli Sərəncamı ilə 10.000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır. Bu məktəbi şərəfləndirən onun pedaqoji kollektivinin üzvləri, qabaqcıl, novator müəllimləridir.

Uğurlara səbəb həm də məktəbin direktoru Elçin Abdullayevin fədakar əməyi, təhsil ocağına rəhbərlik və onun idarə olunması sahəsindəki bacarığıdır. Abdulla Şaiqin müəllim hada dediyi sözlərə diqqət yetirək: “Müəllim sinfin ruhudur. Çalışqan və vicdanlı bir müəllimin sinifdə nə kimi xarüqələr yarada biləcəyi aşkardır”. Həmin sözlərdə dərin həqiqət vardır. Belə müəllimlərdən söz düşəndə yadıma 95 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ofelya Babayeva düşür. Ofelya xanım daim axtarışdadır. Öz ixtisasına, öz peşəsinə bağlı insandır. Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənib yayılmasında fərqlənir, onun innovasiyaların təhsilə tətbiqi sahəsindəki fəaliyyəti önəmlidir. Pedaqoqların qənaətincə, pedaqoji peşə sahibi valideyn kimi hərəkət etməsə, o, müəllim kimi fəaliyyət göstərə bilməz. Ofelya xanım şagirdləri öz övladları kimi sevir, müəllim-şagird münasibətlərini düzgün qurur, təlim prosesini, sinfi idarə etməyi bacarır. Peşəkar müəllim olmağı ondan bəllidir ki, öz

ixtisasını mükəmməl bilir, eyni zamanda ibtidai siniflərdə keçilən fənlərin tədrisi metodikasına yiyələnmişdir. Hər bir dərsdə təlimin təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici funksiyalarına ciddi əməl edir. Şagirdləri təlim materialları ilə yükləmir, daha çox onların müstəqilliyinə və idrak fəallığına nail olmağa çalışır, hər bir mövzunun tərbiyəedici imkanlarından maksimum faydalanmağa nail olur. Ofelya xanımın hazırda və vaxtilə dərs dediyi şagirdlərin uğurları ilə necə sevindiyini və hətta kövrəldiyini görəndə yadıma Abdulla Şaiqin aşağıdakı sözləri düşür: “Bir bağban min zəhmətlə əkdiyi və becərdiyi meyvə bağının məhsulunu sevə-sevə dərdiyi kimi, bir müəllim də mənəvi qidalarla becərdiyi tələbələrinin kamala çatdığını və onların xalqa, vətənə,

cəmiyyətə etdiyi xidmətləri görüncə bir bağbandan daha bəxtiyar görünür; çünki onun yetişdirdiyi məhsul daha qiymətli və səmərəlidir”. İnternet səhifələrində Ofelya xanımın şagirdləri ilə şəkillərini (kollektivlə birlikdə, ayrı-ayrı şagirdlərlə) görürük. Bir şəkil diqqətimi xüsusi cəlb etdi. Ofelya xanım fəxrlə yetirmələri arasında dayanıb. Bunlar, ibtidan sinif şagirdləri deyillər, neçə-neçə əvvəl Ofelya xanımın sinfində oxuyublar. Dünənki balaca, cılız uşaqlar yox, boylu-buxunlu, şən, gülərüz çöhrəli qızlar və oğlanlardır. Onlara baxaraq qürrələnən Ofelya xanım səslənir: “Şagirdlərim! Nə tez böyüdünüz! Maşallah!!!” Şagirdləri də Ofelya xanımı həm bir müəllim, həm də qayğıkeş,
doğma insan kimi çox sevirlər. O, pedaqoji kollektivin də sevimlisidir, Xətai rayon müəllimləri arasında da yaxşı tanınır. Ofelya xanım əslən Füzuli rayonundandır. Azərbaycanımızın müvəqqəti əsirlikdə olan bu gözəl rayonunda 2 iyun 1967-ci ildə doğulmuş, böyüyüb boya-başa çatmışdır. Onda müəllimlik peşəsinə həvəsi anası yaradıb. Ailədə 8 uşaq olublar. Ana müəllim idi.
Övladlarının hamısı ali təhsil aldılar. Ofelya Babayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. 1991-ci ildən pedaqoji fəaliyyətə başlayıb. O, respublika Təhsil Nazirliyi və Mədəd Azərbaycan MMC tərəfindən inzibati-idarəetmə heyəti üçün təşkil edilmiş İKT-nin təhsilə tətbiqi və idarəetmə sistemləri təlim kursunu da bitirib. Ofelya Babayeva şagirdlərlə sinifdənxaric və məktəbdənkənar tədbirlərin bacarıqlı təşkilatçısıdır. Onun təşəbbüsü ilə məktəbdə çoxsaylı tədbirlər hazırlanaraq həyata keçirilir. Ofelya xanım tədbirləri dərs dediyi III sinif şagirdlərinin köməyi ilə təşkil edir. Gördüyü işlərdən, özü dediyi kimi, zövq alır. Həmin tədbirlərin köməyi ilə həm
iştirakçıların, həm də dinləyicilərin mənəvi şüurunun, mənəvi təfəkkürünün inkişaf edib formalaşmasına, onların müsbət davranış təcrübəsinə yiyələnmələrinə kömək edir, əxlaqlarının saflaşdırılmasına nail olur. Beləliklə də, gənc nəsildə vətənpərvərlik, mərdlik, qəhrəmanlıq, mübarizlik, mətinlik, qorxmazlıq, igidlik, böyüyə hörmət, yoldaşlıq və dostluq, sadəlik, fəal vətəndaşlıq mövqeyi, təvazökarlıq, humanizm və s. bu kimi yüksək əxlaqi keyfiyyətləri inkişaf etdirir. Ofelya Babayevanın öz şagirdləri ilə məktəbdə keçirdiyi bir sıra tədbirlər (“Xocalı soyqırımı”, “Müstəqillik günü”, “Ən böyük arzum nədir?”) xüsusi maraq doğurub. “Xocalı soyqırımı” ilə bağlı tədbir keçirilərkən III c sinif şagirdlərinin ifasında səslənən şeirlər, musiqi nömrələri, qəlbparçalayan səhnəciklər XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsini göz önündə canlandırmış, məktəblilərin və tədbir iştirakçılarının düşmənə - erməni qəsbkarlarına sonsuz nifrət hisslərini qüvvətləndirmişdir. Ofelya xanım sənətinin, peşəsinin vurğunudur. Bu xüsusda deyir: “Mən gördüyüm işləri özümün müqəddəs borcu bilirəm. Vətənimi, xalqımı, peşəmi çox sevirəm. Əslində məni yaşadan budur”.
Həmkarları, şagirdləri Ofelya Babayeva haqqında çox xoş sözlər deyirlər. Onların bəzilərini yada salaq: “Ofelya müəllim gözəl simaya, həm də ürəyə sahib olan xanımdır. Çox müsbət auraya malikdir” (Xatirə Ağazadə).
“Mənim əziz, zəhmətkeş, peşəsinin vurğunu anam! Həyatda müəllimim, ilk hərf yazmağı, oxumağı mənə öyrədən insan. Sizinlə övladlarınız fəxr edir” (Nərmin Fərzəliyeva).
“Ofelya xanım, mən mərd və sədaqətli insanlara vurğunam. Sizə bu keyfiyyətlərinizə görə xüsusi rəğbətim var” (Mirfaiq Mirheydərli).
“Ofelya müəllimə həm gözəl insan, əsil dost, ləyaqətli bir xanımdır!” (İbrahim Məmmədov).
Şagirdlərinin sözləri:
“Gözəl müəllimim Ofelya Babayeva. Siz mənə çox dəstək olmusunuz. Kimsə “Sən bacarmayacaqsan” deyəndə siz “Sən bacaracaqsan, qızım” demisiniz” (Aysel Əlicanova).
Ofelya xanım, qeyd etdiyimiz kimi, şagirdlərini çox sevir. Onlara münasibətdə səmimidir, hər birinə yüksək dəyər verir, hər birinin uğuruna qəlbən sevinir. Doğum günlərində, uğur qazandıqları vaxtlarda onları təbrik edir, ürək sözlərini deyir. Diqqət edək:
”Gülçin qızım, üzündən gülüş əskik olmasın. Mənim ağıllı, əlaçı, məsuliyyətli şagirdim. Doğum günün mübarək!”
“Mənim gözəl qızım. Qəlbi gözəl, özü gözəl Aysel müəllimə. Allah sənə də özün kimi gözəl bəxt yazsın. Mən səninlə qürur duyuram. Uğurların bol olsun!”
Övladlarına səmimi sözlərindən: “Canım oğlum! Sən doğulduğun gün mən də yenidən doğuldum. Canım oğlum, hər bir ananın övladına olan arzuları kimi sənə arzularım sonsuzdur. Nə qədər arzu desəm, bitməz-tükənməz. Amma sonda ən əsası bir arzum var. İstəyim budur ki, əməli saleh olasan, hər zaman düz yolda olasan. Allahın nəzəri heç vaxt üzərindən, adı dilindən əskik olmasın”.
Ananın övladına bundan gözəl arzusu nə ola bilər?
Haqqında yazılanlar da, özünün şagirdlərinə, müəllim yoldaşlarına, övladlarına arzuları da Ofelya müəllimin necə bütöv xarakterə malik olduğunu, kamilliyini sübuta yetirir. Müəllim peşəsinə böyük dəyər verir.
Onun qənaətincə, müəllim zülməti yaran nur, cəhaləti elmin qılıncı ilə yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir.
Biz onunla razılaşırıq.

Ofelya xanımın rəhbərlik etdiyi, dərs dediyi III c sinfi ötən ildən Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayevin əmri ilə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyır (Əlif Hacıyev adına III c sinfi).
Ofelya xanın 2019-cu il dekabr ayının 13-də yenə dərs dediyi III sinif şagirdləri ilə çox önəmli bir tədbir keçirməyə hazırlaşır. Həyəcanlıdır. Lakin biz inanırıq ki, Milli Qəhrəmanımıza həsr olunmuş “Əlif Hacıyev - Qarabaq cəngavəri” adlı tədbir uğurlu olacaq, şagirdlərin vətənpərvərlik hisslərini daha da qüvvətləndirəcək.
Biz Ofelya xanıma gənc nəslin təlim və tərbiyəsi işində uğurlar arzulayırıq!

Akif Abbasov,
Pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi








Baxış sayı: 1 618


Bölməyə aid digər xəbərlər