Bütün xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov : "Koronavirus pandemiyası hər bir cəmiyyət üçün sınaqdır"
Tarix: 04-04-2020 20:48 | Bölmə: Sosial
     Bu gün artıq  dünyanın 203 ölkəsi koronavirus pandemiyasının təhdidi ilə üz - üzə qalıb. Mükəmməl səhiyyə sisteminə malik, ən yüksək elmi texnologiyaları olan ölkələr belə bu virusun yayılmasının qarşısını almaqda və virusla mübarizədə çətinlik çəkirlər.  Virus dünyada sürətlə yayılmaqda davam etdiyindən vəziyyət ən pis ssenari üzrə inkişaf etməkdədir. Dünyanın 200 - dən çox ölkəsində yayılan bu virusla mübarizə müxtəlif ölkələrdə fərqli üsullarla aparılır, sərhədlər bağlanır, dövlətlər təcrid olunur. Bu ağır vəziyyət məhz səhlənkarlığın nəticəsində  hazırda geniş coğrafiyada yayılıb, insanların koronavirusu ciddiyə almaması və dövlətin qoyduğu qadağalara əməl etməməsi bu çətin vəziyyətin yaranmasına səbəb olub.
        Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Məsələn, İtaliyada, İspaniyada, ABŞ - da virusun bu qədər ağır keçməsinin səbəbi də, 65 yaşdan yuxarı insanların əhalinin 23% - ni təşkil etməsidir. Yəni İtaliya dünyanın ikinci ən yaşlı ölkəsidir və buna görə itkilər çoxdur. Son günlər isə Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artır. Təbii ki bunun belə kütləvi hal almasının bir sıra səbəbləri var. İlk növbədə virusun inkubasiya dövrünün çox olması və xəstəliyin üzə çıxmasının 28 günədək çəkə bilməsi, eyni zamanda virusun ilkin mərhələsində infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi isə həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır.
        İlk gündən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb, eyni zamada ölkədə karantin rejimi elan olunub. Belə bir çətin zamanda vətəndaşlarımız hər şeydən öncə özlərinin və yaxınlarının sağlamlığını düşünməlidir. Çünki indiki şəraitdə özümüzü təcrid etmək və ciddi karantin rejiminin tələblərinə əməl etməklə  bu virusa qarşı  səmərəli mübarizə apara bilərik. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin də öz çıxışında dediyi kimi  " vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun ". Ona görə də zəruri ehtiyac olmadan insanlar evlərindən çıxmamalıdır. Əks halda, hər hansı məsuliyyətsiz hərəkət daha pis fəsadlara gətirib çıxara bilər. Buna görə də xoşagəlməz halların qarşısını almaq üçün qaydalara riayət etməliyik. Azərbaycan Prezidenti  İlham Əliyev və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın dediyi kimi biz  birlikdə, həmrəy olub, qaydalara riayət etməklə  bu virusa qalib gələcəyik. O baxımdan  həmrəy olub  vətəndaş kimi üzərimizə düşən məsuliyyətimizi dərk edib, təkcə özümüzün deyil, eyni zamanda ətrafımızdakı insanların da sağlamlığını və təhlükəsizliyini düşünməliyik. Buna görə də hər kəsi mütləq şəkildə evdə qalıb, bütün tələblərə riayət etməyə çağırır, dövlətimizin apardığı böyük işlərə dəstək olmağa səsləyirəm. Çünki bu virus hər bir cəmiyyət üçün bir sınaqdır və biz bu sınaqdan alnıaçıq çıxmalıyıq.


Baxış sayı: 674


Bölməyə aid digər xəbərlər