Bütün xəbərlər
Koronavirus analizi üçün təcili yardımı evə çağıra bilərsiz
Tarix: 18-03-2020 15:14 | Bölmə: Sosial

                 Koronavirus analizi üçün təcili yardımı evə çağıra bilərsiz

Təcili Yardım həkimləri evlərdə koronavirusa qarşı testlər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı məşhur pediatr Vaqif Qarayev yayıb.
Onun sözlərinə görə, kimsə özündə hərarət, zökəm, öskürək və s. kimi respirator əlamətlər hiss edərsə Təcili Yardıma çağırış edə bilər. Bundan başqa, adi mövsümi qriplərdən əziyyət çəkənlər də evə çağırış edə bilər. Test ev şəraitində edilir və cavabı 6 saat müddətinə hazır olur.
“1542” nömrəli “Çağrı” Mərkəzinin koronavirusla bağlı məlumatlar şöbəsinin əməkdaşı Azad Salmanov “Qafqazinfo”ya bildirib ki, özündə COVİD-19 virusu ilə bağlı hər hansı simptomları müşahidə edən şəxslər “103” xidmətinə müraciət edə bilər. Bu zaman ev şəraitində həmin vətəndaşdan yaxma götürüləcək və laboratoriyada analiz aparılacaq. Nəticələr müraciətlərin sıxlığına əsasən 6 saatdan 1-2 gün müddətinə qədər müəyyən oluna bilər. Analizlərin götürülməsi tam ödənişsizdir.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının kriteriyalarına uyğun olaraq virusun simptomları müşahidə olunan şəxslərdən evdə yaxma götürüləcək:
“Hər kəs analiz olunmayacaq. Sadəcə simptomların müşahidə olunduğu şəxslərdən yaxma götürüləcək və laboratoriya şəraitində analizlərə baxılacaq. Özündə xəstəlik əlamətləri hiss edən şəxs heç bir halda özü tibb müəssisəsinə getməməlidir. Həmin şəxs evdən çıxmamalı, Bakı daxili “103”, Bakıdan kənar isə “113” Təcili Tibbi Yardım nömrələrinə zəng vurmalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında da qeyd edilib ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün görülmüş tədbirlərdən biri olaraq insan olduğu yerdən çıxmadan Təcili Yardıma zəng vurmalıdır. Koronavirus xəstəliyi üçün analizlər dövlətin müəyyənləşdirdiyi konkret laboratoriyalarda aparılır və digər dövlət və ya qeyri-dövlət tibb müəssisələri bu analizləri edə bilməz. Bu, qadağandır”.


Baxış sayı: 420


Bölməyə aid digər xəbərlər