Bütün xəbərlər
“Bir az savadı olan başa düşər ki, şəhəri havadan dərmanlamaq olmaz”
Tarix: 13-03-2020 13:34 | Bölmə: Sosial

                “Bir az savadı olan başa düşər ki, şəhəri havadan dərmanlamaq olmaz”

“Şayiə yayanlara nəinki xəbərdarlıq etmək, onları tapıb cəzalandırmaq lazımdır”. 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib. Yoluxma və ölüm hallarının ictimaiyyətdən gizlədilməsi, şəhərlərin helikopterlə dərmanlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirən epidemioloq qeyd edib ki, bu kimi yanlış informasiyaların yayılması onların işini çətinləşdirir:
“Bu yanlış məlumatlar həm camaatı panikaya salır, həm də bizim işimizə ciddi formada mane olurlar. Gün ərzində bu şayiələrlə bağlı onlarla telefon zənginə cavab verməyə, açıqlamalar yaymağa məcbur oluruq. Mən bilmirəm, vətəndaşlar hansı məqsədlə belə məlumatlar yayır. Düşünürəm ki, artıq bununla ciddi məşğul olmağın vaxtıdır. Bir az savadı, dünyagörüşü olan adam başa düşər ki, şəhəri havadan dərmanlamaq mümkün deyil. Mümkün olsa belə bu formada edilmir”. 
Şöbə müdirinin sözlərinə görə, hazırda pandemiya Avropada artan istiqamətdə yayılmağa davam edir:
“Sevindirici haldır ki, artıq Çində yeni yoluxmaların sayı kəskin surətdə azalmağa başlayıb. Artıq ölkə bu epidemiyanı lokallaşdırmağa doğru gedir. Ancaq başqa ölkələrdə, xüsusilə də, Avropa ölkələrində hər gün yoluxmaların sayı artır. O cümlədən, ölüm sayları da. Qonşu İranda da yoluxma halları artan istiqamətdədir. 
Həm ÜST, həm də Çin alimləri təsdiq edib ki, virus mutasiya olur. Qeyd olunur ki, onun iki növü var. Biri daha ağır xəstəliyə səbəb olur, o biri növü yüngül keçir. Belə məlumatlar da var ki, ikinci dəfə xəstəliyə tutulma mümkündür. Virus yenidir, hələ ki, araşdırmalar gedir. 
Çox istəyərdim virusun hər hansı simptonlarını qeyd edib deyim ki, vətəndaşlar ehtiyatlı olsun. Təəssüf ki, heç elə bir simptom yoxdur”.
Qeyd edək ki, Azərbaycanda indiyə qədər kononavirusa 15 yoluxma faktı qeydə alınıb. Onlardan 3-ü sağalaraq evə buraxılıb, biri isə ötən gün vəfat edib. 


Baxış sayı: 481


Bölməyə aid digər xəbərlər