Bütün xəbərlər
SUMQAYIT GƏLƏCƏYİN ŞƏHƏRİDİR
Tarix: 03-05-2018 10:04 | Bölmə: Sosial
Məlum 11 aprel seçkilərdən sonra yenidən Azərbaycan Resbublikasının Prezidenti seçilən İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlasa da, regionlarin inkişafı dövlət başçısının əsas siyasi hədəflərindən birinə çevrilmişdir. Ölkə başçısı tərəfindən  həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin  hərtərəfli inkişafının təmin edilmə  sidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yollar çəkilir, körpülər tikilir. Eləcə də, yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşaiyət olunur. Belə ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda da sosial layihələr uğurla həyata keçirilir. Yollar təmir edilir, yaşayış evlərinin fasadları üzlənir, dam örtüyü dəyişdirilir, yeni inzibati binalar tikilir, fəhlə şəhəri sayılan Sumqayıt yenidən qaynar həyatına qayıdır. 
Sumqayıtın əsas giriş qapısı sayılan Sülh küçəsinin əvvəlki görkəmi Sumqayıt sakinlərinin narazılığına səbəb olurdu. Baxımsız vəziyyətdə olan bu ərazidə işıq sisteminin olmaması, səkilərin dağılması nəticəsində törədilən qəzaların ardı-arası kəsilmirdi. Sumqayıta təzə başçı təyin olunan cənab Zakir Fərəcov ilk işinə Sülh küçəsinin təmiriylə başladı. Bu gün Sumqayıtın əsas giriş hissəsi sayılan Sülh küçəsində abadlıq işləri xüsusilə diqqəti cəlb edir. Bu ərazidə buta şəklində əkilən gül kolları, yeni müasir tipli işıqlandırma sistemi, yolların asfaltlanması, səki daşlarının rənglənməsi bu əraziyə xüsusi gözəllik verir. Yoldan istifadə edən sürücülərlə yanaşı, piyadalar da bu mənzərədən zövq alırlar. Sürücülərin və piyadaların yoldan rahatlıqla istifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Təkcə Sülh küçəsində deyil, eyni zamanda şəhərin hər tərəfində abadlıq işləri göz oxşayandır.
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biri də yeni istirahət guşələrinin, park və xiyabanların yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr həyata keçirilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Burada həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdı. Bu ərazidəki şərait sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır. Sumqayıt bulvarı və dənizkənarı park ərazisinə görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir.  Burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilmişdir, 60 min kvadratmetr sahədə isə çəmənlik salınmışdır.

Şəhərin ən gözəl istirahət parklarının ön sırasında ulu öndərimiz Heydər Əliyevin adını daşıyan park durur. Burada əkilən gül kolları, ağaclar parka  xüsusi gözəllik verir.  Eyni zamanda Yeni Azərbaycan Partiyasının binasının yerləşdiyi ərazi də hazırda göz oxşayandır. Binanın qarşısanda əkilən gül kolları, dekorativ ağaclar bu əraziyə xüsusi gözəllik bəxş edir. Şəhərin əsas küçələrindən biri sayılan Koroğlu küçəsində də yol boyu ağaclar, yaşıllıqlar salınmış, gül kolları əkilmişdir. Belə ürək açan mənzərəylə 17-ci mikrorayon ərazisində də rastlaşmaq mümkündür. Həyətlərdə qurumuş ağaclar budanmış, Olimpiya mərkəzinin ətrafında isə yeni fidanlar əkilmişdir. Zülfü Hacıyev kücəsi də başdan-başa yaşıllıqlara bürünmüşdür. Şəhərin gözəlliyinə gözəllik qatan bu yaşıllıqlara xüsusi qulluq edilir. Belə ki, Sumqayıtın təmiz və abad şəhərə çevrilməsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçilərinin də böyük əməyi var. Onlar hər gün sübh tezdən şəhəri təmizliyib, yaşıllıqlara qulluq edir, ağacları budayırlar.
Doqquzuncu mikrorayon ərazisində salınan Lüdviqşafen parkında da geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıl zolaqlar salınaraq oturacaqlar qoyulub. Burada aparılan yenidənqurma işləri ərazinin gözəlliyini daha da artırır.  Parkda  müasir oturacaq və işıq dirəkləri qoyulub, dekorativ ağac və gül kolları əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə yeni bir ünvan kimi əlavə olunub. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, təbii ki, hər kəsin yüksək rəğbətinə səbəb olur. Eyni zamanda  Azərbaycan dövlətinin əhalinin istirahətinin yüksək səviyyədə təşkili məsələsinə olan diqqətini göstərir. Hazırda şanlı-şöhrətli fəhlə şəhərində sumqayitlıları belə sevindirən hallar çoxdur.

Sumqayıtda sosial layihələrin icrası, abadlıq-quruculuq işləri bu gün də davam etdirilir. Belə ki, bu gün şəhərin ərazisində 9103 ədəd ağac, 33750 ədəd dekorativ gül və kol əkilmişdir. Eyni zamanda 587 ədəd quru və təhlükə yaradan ağac   kəsilmiş, 4495 ədəd ağac isə budanmışdır.
Sumqayıtın yaşıl libası günbəgün yenilənir, ərazisi genişlənir. Şəhəri abadlaşdırmağın ən səmərəli atributlarından biri yaşıllıqlardır. Respublikanın ikinci iri sənaye mərkəzi olan Sumqayıt üçün yaşıllaşdırmanın əhəmiyyəti çox böyükdür. Son yeddi ildə Sumqayıtda 20-yə qədər park salınmışdır. Nəsimi adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının yenidən qurulması buna əyani sübutdur.
Yeri gəlmişkən bir hadisəni də yazmaq istəyirəm. Yadımdadır, şəhərin qururcularından biri olan ilk metallurq qadın Zəminə xanım Aslanovadan qəzetimiz üçün müsahibə alırdım. Yaşadığı evin pəncərəsində Nəsimi adına istirahət parkına baxan Zəminə xanım gülümsəyərək demişdi: “Mən qocaldım, ancaq Sumqayıt həmişə gənc qalacaq. Ən azından onun adı illər keçsə də, “Gənclər şəhəri”  kimi xatırlanacaq. Bu şəhər mənim gözlərimin önündə böyüdü, elə biz də onunla birgə böyüdük. Bax, bu parkı görürsənmi, onu biz metallurqlar salmışıq. İndi ora baxanda ürəyim dağa dönür, onunla təsəlli tapıram.  İnanıram ki, illərlə biz metallurqların da adı bu parkla yanaşı çəkiləcəkdir”.
Sumqayıtda güllüklərin, ağacların və qazonların salınmasından tutmuş ağaclara xidmətin təşkilinədək  yaşıllaşdırma tədbirlərinin əhatəsi genişdir.  Buna sübut olaraq 2-ci mikrorayon ərazisində yerləşən Nizami kinoteatrının qarşısını göstərmək olar. Vaxtı ilə bu ərazidə obyektlərdən kinoteatrın binası görünməz olmuşdu. Hazırda teatr binasının qarşısında abadlıq işləri aparılmış, iaşə obyektləri sökülmüz, yerində isə insanların gözünü oxşayan istirahət parkı salınmışdır. Parkın ortasında salınan müasir tipli fantan isə daha ürək aşandır. Belə abadlıq işi 4-cü mikrorayon ərazisində yerləşən Tarix muzeyinin önündə də görülmüşdür.  Şəhərin gözə çarpan yerlərində belə abadlıq işlərin görülməsi insanların könlünü oxşayır. Biz inanırıq ki, şəhərimizdə belə göz oxşayan abadlıq işləri bundan sonra daaparılacaqdır.
TAHİRƏ HƏBLİYEVA


Baxış sayı: 1 194


Bölməyə aid digər xəbərlər