Bütün xəbərlər
“Gömrük dəyərləndirməsi” mövzusunda “Qış məktəbi” keçirilir
Tarix: 04-02-2020 21:55 | Bölmə: Sosial

                    “Gömrük dəyərləndirməsi” mövzusunda “Qış məktəbi” keçirilir

Fevralın 4-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük dəyərləndirməsi” mövzusunda keçirilən “Qış məktəbi”nin açılış mərasimi olub.
“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəl, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları, təlimçilər, yerli və xarici universitetlərin tələbələri iştirak edib.
Açılış mərasimində çıxış edən Qulu Novruzov öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan gömrük islahatları barədə məlumat verib. Eyni zamanda, qeyd edilib ki, gömrük təhsilinin səviyyəsinin yüksəldilməsi gömrük xidmətində aparılan islahatların prioritet istiqaməti kimi müəyyən olunub.
“Qış məktəbi”nin təşkil edilməsində əsas məqsəd gömrük xidməti sahəsində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin tətbiq etdiyi son yeniliklərlə bağlı gömrük ixtisası üzrə təhsil alan və gələcəkdə bu sahədə çalışacaq tələbələrin məlumatlandırılması, eyni zamanda, tədqiqatların aparılması, müxtəlif sahələr üzrə akademik yazı bacarıqlarının formalaşdırılmasıdır.
“Qış məktəbi”ndə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak edirlər.
Təlimlərə Rusiya Gömrük Akademiyası, Samara Dövlət Texniki Universiteti, Özbəkistan Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutu, Rusiya Prezident Akademiyası Şimal-Qərbi Menecment İnstitutundan tələbə və əməkdaşlardan ibarət nümayəndələr də qatılıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə fevralın 4-dən 12-dək ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük dəyərləndirməsi” mövzusunda “Qış məktəbi” keçirilir.





Baxış sayı: 1 132


Bölməyə aid digər xəbərlər