Bütün xəbərlər
Adlarımız, soyadlarımız... bir də familimiz -Ələkbər Qasımov
Tarix: 12-01-2020 18:26 | Bölmə: Sosial

Sabaha-inamla.Az Nuhcixan.az-a istinadən AMEA Naxçıvan Bölməsi İncəsənət,  Dil və Ədəbiyyat İnstitutunun elmi katibi,  
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun "Adlarımız, soyadlarımız... bir də familimiz" adlı məqaləsini təqdim edir.   


Onomologiyanın tərkib hissələrindən biri olan antroponimika - şəxs adları, soy adları, famillər, təxəllüslər, ləqəblərdən bəhs edir. Şəxs adlarının və familiyalarının öyrənilməsi təkcə dilçilik üçün deyil, tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq və s. üçün də böyük əhəmiyyətə malikdir. Şəxs adları, müəyyən mənada, tarixi kateqoriyadır. Yəni hər hansı bir xalqın vəziyyəti, dünyagörüşü, məişət tərzi və təsərrüfat həyatı şəxs adlarının yaranmasında xüsusi rol oynayır.
Azərbaycanda İslam dini qəbul edilənə qədər yalnız öz adlarımız - Qazan, Burla, Beyrək, Banıçiçək, Tural, Selcan, Qaragünə, Qaraca... mövcud idi. İslam dini qəbul edildikdən sonra yeni doğulanlara Allahqulu, İmamqulu, Həsənqulu, Hüseynqulu, Əliverdi, Allahverdi, Tanrıverdi... kimi adlar qoyuldu. Qul, verdi və s. əlavələr olmasa idi, heç kim uşağını Məhəmməd, Həsən, Hüseyn və s. adlandıra bilməzdi. İslama fanatik münasibət dəyişdikdən sonra, xüsusən də sovet hakimiyyəti illərində vətəndaşlarımız övladlarına Məhəmməd, Əli, Həsən, Hüseyn, Əbülfəzl, Xədicə, Fatimə, Zəhra, Zeynəb, Ayişə kimi adlar qoya bildi.
Lakin sovetlər ölkəsinin repressiya maşını işə düşdükdən sonra, xüsusilə də 1930-cu illərin ikinci yarısından başlayaraq adlarımız bolşevizmin islahat maşınından keçirildi. Əliəsgər, Əliövsət, Əliağa, Əlimərdan, Əliisa, Fatimə kimi adlarda i saitləri ixtisar edildi. Bu addımı doğrultmaq üçünsə Azərbaycan dilinin qramatikasına qondarma qayda əlavə olundu ki, mürəkkəb şəxs adlarının yazılışında birinci ad saitlə bitib ikinci saitlə başlayırsa bu zaman saitlərdən biri düşür, yəni yazılmır. Bu qayda da demək olar ki, adətən birinci addakı saitə şamil edilir. Burada məqsəd müqəddəs adların unutdurulması, kişilərdə Əli kəlməsinin yazılışının və səsləndirilməsinin qarşısını almaq idi. Bir sıra adlar isə tamamilə deformasiyaya uğradıldı: Məhəmməd – Məmməd, Əbutalib – Abutalıb, Əliməhəmməd – Alməmməd, Əbdüllah – Abdulla, Murtəza – Murtuz, Hüseyin – Hüseyn, Əbülfəzl – Əbülfəz (bu gün hətta Əbülfəs), Fatimə - Fatma oldu. 
Bir neçə söz adlarımızın düzgün yazılışı və tələffüzü barədə. Bir çox hallarda “ikimərtəbəli” adlanan adlar, yəni iki ismi özündə birləşdirən adlar böyük yanlışlıqla ayrı yazılır. Belə hallara tarixi şəxsiyyətlərimizin adlarınin yazılışında daha tez-tez rast gəlirik. Məsələn, M. T. Sidqi,  M. C. Cəfərov... Axı Məmmədtağı,  Məmmədcəfər, Məmmədhəsən, Məmmədqulu iki isimdən birləşmiş vahid ada çevrilib və belə də yazılmalıdır. Bir faktı xatırlayaq ki, Məmmədtağı Sidqinin oğlarlarının adları bütün mənbələrdə, kitab və məqalələrdə Məmmədsəfər və Məmmədəli Sidqi yazılır. Bəs nə səbəbə atalarının adı Məmməd Tağı yazılmalıdır? Qayda belədir ki, famildən – soyaddan əvvəl yazılan iki böyük hərf şəxsiyyətin inisiallarını bildirir, yəni adının və atasının adının baş hərflərini. Nəzərə alsaq ki, Sidqinin atasının adı Səfərəlidir, deməli, yazılış belə olmalıdır: M. S. Sidqi.  
Yaxud M. Ə. Rəsulzadə. Sual oluna bilər, bəs nəyə görə M. Ə. Rəsulzadə? Məmmədəmin də bitişik yazılan ad deyilmi? Bəli, bitişik yazılan addır. Lakin burada M.-dən sonrakı Ə. Əmin deyil Ələkbərdir – Məmmədəminin atasının adıdır. Digər bir məsələ. Əksər ədəbiyyatda, dərsliklərdə, bəzi dövri mətbuatda Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və sair belə titullu adlar çox yanlış olaraq A. A. Bakıxanov,           Q. B. Zakir, N. B. Vəzirov, Ə. B. Haqverdiyev kimi yazılır.   
Əvvəllər neçə mərtəbəli olmasına baxmayaraq, hər kəsin adı, atasının, babasının, böyük babasının adları dəqiq olurdu. XIX əsrin birinci yarısından sonra rus üsulu ilə ata-baba adlarına ov,  yev şəkilçiləri artırıldı. Bu, çox böyük qeyri-dəqiqlik yaratdı. Məsələn, bütöv bir nəsil bir əsrdən artıqdır Əhmədov familini daşıyır.  Əhməd kimdir?  Famili  daşıyanların  çoxu bunu  bilmir  və  buna  heç əhəmiyyət də vermir.  
Yeri gəlmişkən bir neçə kəlmə  familiya-famil  məfhumu barədə. 1992-ci ildən ildə bu söz dilimizdə soyad ifadəsilə əvəzlənərək, uzun müddətdir ki, sənədlərdə də rəsmi status almışdır. Nə deməkdir soyad? Yəni şəxsiyyətin ulu babasının adı, hansını ki bizlər və ata-babalarımız ad və ata adı ilə yanaşı daşımışıq. Tarixən millətimiz ad və ata adı ilə, yaxud müəyyən ləqəb və təxəllüslə tanınmışdır. Familiya dilimizə tam 200 il bundan əvvəl daxil olmağa başlayıb. Bu hadisə Şimali Azərbaycanın Rusiyaya birləşməsindən sonra baş versə də, familiya rus sözü deyil. Bu beynəlxalq ifadədir. Sovet Azərbaycanında hətta bir müddət – xüsusən 1960-70-ci illərdə bu kəlmə famil kimi tələffüz olunmuş və yazılmış¬dır. Buna dəqiqlik gətirmək üçün həmin illərin dövri mətbuatını vərəqləmək və milli filmlərimizə bir daha baxmaq kifayətdir. Famil dünyanın bir çox dillərində ailə, qohum mənasında da işlədilir. Əslində isə bu qədim Şərq kəlməsi Azərbaycanda şəxs adı kimi də işlənməkdədir. 
Bizcə bu ifadənin yenidən dilimizə və sənədlrimizə qaytarılmasına nail olmalıyıq. Çünki soyad ifadəsi özünü tam anlamı ilə doğrultmur, xüsusən qadınlarda. Subay qızlar  sənədlərində (şəhadətnamələrdə, attestat, diplom, vəsiqə və pasportda) soyad ifadəsindən müəyyən mənada istifadə edirlərsə, ailə qurduqdan sonra əksəriyyəti könüllü, yaxud məcburən ərinin soyadını qəbul edir. Deməli ailəli qadın öz soy-kökündən imtina edərək ərinin ulu babasını özününkü qəbul edib bu soy-kökə aid olduğunu təsdiqləyir. Bəs bu nə dərəcədə doğrudur, hansı məntiqə əsaslanır?         
 Müxtəlif formalarda – rəsmi və ya qeyri-rəsmi siyahılar tərtib edilərkən, sənədlər hazırlanarkən təəssüf ki, yenə də sovet dövründə olduğu kimi, yəni rus dilinə uyğun olaraq şəxsin əvvəl famili, sonra adı, axırda isə atasının adı yazılır(məs.Məmmədov Əli Həsən oğlu).  Nədənsə, 30 ilə yaxındır ki, müstəqil dövlətimizdə hələ də bu qaydadan imtina edə bilmirik. Yuxarıda qeyd olunduğu kimi XIX əsrin əvvəllərinədək bizlərdə hər bir şəxs adı və atasının adı ilə tanınıb. Bir sıra məşhur şəxsiyyətlər isə adlarının qarşısına müxtəlif titullar, sonuna isə təxəllüslər əlavə ediblər: Seyid İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Şeyx Məhəmməd Xiyabani... Daha sonralar hər bir şəxsin ata babasının adına  zadə, lı, li, lü, lu, ski və nəhayət ov, yev əlavə olunaraq sənədləşmələrdə famillər də əlavə edildi. Demək olar ki, XIX əsrin ikinci yarısından sənədlərdə famillər önə keçdi. Bu isə bizim milli, həm də dini qaydalarımıza zidd bir addım idi. Təəssüf ki, bu gün heç bir məcburiyyət olmasa da, bu addım yenə də atılmaqdadır. Hətta məzar daşını da bu qayda ilə yazdıranlar çoxluq təşkil etməkdədirlər. Axı, qəbir üstündə, yas mərasimlərində mərhumun ruhuna Qurani-Kərimdən ayələr oxunanda belə sonda onun famili deyil, adı və atasının adı çəkilir. Deməli, familimiz o dünyada olduğu kimi, bu dünyada da üçüncü dərəcəli əhəmiyyət daşıyır, onu birinci dərəcəli etməyə ehtiyac yoxdur.  
Əvvəldə qeyd olunmuş hallar istisna olunarsa, heç bir dövrdə əcnəbilər bizə öz ad və famillərimizin necə yazılması, yaxud ifadə olunmasını diqtə etməmişlər. Xüsusən sovet hakimiyyətinin ilk illərindən başlayaraq “başbilənlərimiz” nəinki şəxs adlarını, o cümlədən yaşayış məskənlərinin adlarını və bir çox coğrafi yerlərin adlarını təhrif olunmuş şəkildə rus dilinə çevirmiş,  həmin tərcümələr də bütün Sovetlər İttifaqına yayılmışdır. Məsələn, Qara Qarayev – Kара Караев, Tofiq Quluyev – Tофик Кулиев, Cahangir Cahangirov – Джангир Джангиров, Bülbül – Бюль-бюль, Rəşid Behbudov – Р. Бейбутов, Əbdürrəhim bəy Haqverdiyev – A. Ахвердев, İmran Qasımov – И. Касумов,  Mehdi Hüseynzadə – Мexти Гусейн-заде, Araz–Аракс, Göy göl – Гек-гель, Naxçıvan – Нахичевань, Mingəçevir – Мингечаур,  Qax – Кахи,  Quba – Куба,  Qusar – Кусары,  Şamaxı – Шемаха,  Ələt – Аляты,  Bayıl – Баилово...
Adlarımızın və famillərimizin, o cümlədən coğrafi adlarımızın rus dilində belə anlaşılmaz yazılışında özümüzdən başqa heç kimi günahlandırmamalıyıq. Əcnəbi dillərdə belə təhriflərlə qarşılaşanda dərhal müdaxilə etməli və düzgün, orijinal yazılış formasını izah etməliyik. Çox maraqlıdır, Azərbaycan dilinin saflığı uğrunda canfəşanlıq edən alimlərimiz nəyə görə Quliyev, Nuriyev, Xudiyev famillərinin dilimizdə məhz bu cür yazılışına biganə münasibət bəsləyirlər? Axı, adlar Qulu, Nuru, Xudu olduğu halda ov, yev sonluğu ilə birləşəndə niyə təhrif olunmalıdır? 
Sovet hakimiyyətində “böyük qardaşlarımızın” diqtəsilə “dilçilərimiz” zadə sonluğuna rəsmən qadağa qoymasalar da, onun fars millətinə məxsus olan bir sonluq olduğunu irəli ataraq tədricən yox olması və ov, yevin geniş yayılması məqsədini güdmüşlər. Məhz buna görə də zadəni rus dilində həmişə yad bir şəkilçi kimi defislə yazmışlar və çox acınacaqlı haldır ki, bu qayda günümüzdə də, hətta doğma dilimizdəki yazılışda da qarşımıza çıxır: Vaqif  Mustafa - zadə.  
Əvvəla İran vətəndaşı olan 35 milyona yaxın cənublu soydaşlarımızın demək olar ki, böyük əksəriyyətinin famili  zadə  sonluqludur.  Farslarda isə bu sonluğa çox nadir hallarda rast gəlmək olar. Unutmayaq ki, əsrlər boyu dilimizdə işlədilən şahzadə, zadəgan, əsilzadə... kimi ifadələr vardır. Bir də bunu yad sonluq hesab etsəydilər dilimizin və millətimizin ən böyük təəssübkeşləri olan Cəlil Məmmədquluzadə, Məmmədəmin Rəsulzadə və Bəxtiyar Vahabzadə də xalqımızın digər öndə gedən “ziyalıları” kimi zadədən imtina edərək ovu, yevi qəbul edərdilər.
Ümumiyyətlə, familində, yaxud təxəllüsündə hansı sonluğu qəbul etməsindən asılı olmayaraq tanınmış şəxslər, xüsusən də tarixi şəxsiyyətlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda necə məşhurlaşıblarsa, elə də toxunulmaz qalmalıdırlar. Təəssüf ki, bu gün bir sıra elmi və publisistik ədəbiyyatda, dövri mətbuatda Mahmud Kaşkari – Kaşkarlı, Qasprinski – Qaspıralı, Böyük xan Naxçıvanski – Naxçıvanlı, Şahtaxtınskilər – Şahtaxtlı... kimi təqdim olunur. Unutmaq olmaz ki, Şahtaxtınskilər böyük şəcərəyə mənsub olan məşhur bir nəsildir. Onların ən görkəmli nümayəndələri Azərbaycanın tarixində, elm və mədəniyyətində məhz belə tanınıblar. Bunun bariz nümunəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Şahtaxtinskilər Muzeyi”nin yaradılması haqqında” 9 fevral 2010-cu il tarixli və “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 21 fevral 2011-ci il tarixli sərəncamlarında da görürük. Lakin çox böyük təəssüf hissilə qeyd etmək lazım gəlir ki, bu görkəmli şəxsiyyətin 130 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirlryi tərəfindən buraxılmış poçt zərfinin üzərində onun adı və famili təhrif olunmuş şəkildə - “Behbudağa Şahtaxtlı” yazılmışdır.  Belə bir səhvə yol vermiş mənbənin nəzər-diqqətinə çatdırmaq yerinə düşər ki, əvvəla, o dövrdə addan ayrı yazılan ağa rəsmi titul idi, ski sonluğu isə xüsusən XVIII-XIX əsrlərdə Rusiya İmperiyasında çar hökuməti tərəfindən əlahiddə xidmətləri olan şəxslərə rəsmən təqdim olunurdu. İkincisi, sonluqdan asılı olmayaraq hər bir familin kökünü təşkil edən kəlmə bütöv yazılmalıdır. Burada isə titulun ada birləşdirilməsi bir yana, Şahtaxtı adında ı ixtisar olunmaqla lı sonluğu əlavə edilmişdir. Burada isə məna tamamilə dəyişir: yəni, haradan olan deyil, sahın taxtına malik olan şəxs.
 Bu gün Məhsəti və Nizami Gəncəviləri – Gəncəli, Xaqanini – Xaqanlı, Əcəmi Naxçıvanini, Naxçıvanskiləri – Naxçıvanlı, Qətran Təbrizini – Təbrizli, Seyid Əzim Şirvanini –  Şirvanlı, Əliağa Şıxlınskini – Şıxlılı, Hüseyn Ərəblinskini – Ərəbli, Hüseynqulu Sarabskini – Sərablı, Əhməd Ağdamskini – Ağdamlı, Barat Şəkinskayanı – Şəkili, Möhsün Sənanini – Sənanlı, Elmira Şahtaxtınskayanı – Şahtaxtılı kimi təqdim etsək, tariximiz, ədəbiyyatımız, incəsənətimiz hansı kökdə görünər? Bunu təsəvvür etmək belə acı gülüş doğurur.
Yeri gəlmişkən, böyük şairimiz Əfzələddin Xaqaninin təxəllüsü son illər təhrifə məruz qalmışdır. Bakıda, onun adını daşıyan küçədəki ünvan lövhələrinin əksəriyyətində, həmçinin bir çox telekanalların titrlərində Xəqani yazılmaqda davam edir. Bunu yazanlar şairin şəxsiyyətindən və yaradıcılığından bixəbər olanlardır. Onlar bu lövhələrin sovet dövründən qaldığını və rus dilində olduğunu düşünüb öz aləmlərində onu milliləşdirmişlər. Həmin lövhələri görən telekanallardakı kompüter dizaynerləri də bu kobud səhvi ekrana köçürürlər. Bu məsələ aid təşkilatlar tərəfindən qısa müddətdə öz müsbət həllini tapmalıdır. Bunu onlardan Xaqaninin incimiş ruhu da gözləməkdədir.
Ötən əsrdə olduğu kimi günümüzdə də adlarımızın və famillərimizin tələffüzündə ciddi təhriflərə yol verilir. Çıxışlarda, məruzə və mühazirələrdə, sinif və auditoriyalarda, xüsusən də efirdə onların deyilişində vurğular yerində işlədilmir. Məsələn, Əliyev, Əfəndiyev, Hacıyev, Tağıyev və s. səsləndirilərkən ilk növbədə onun tərkibindəki ad nəzərə alınmalıdır. Bir neçə xalqda olduğu kimi bizim də milli adlarımızda vurğu sonuncu saitə vurulur.  Allahverdiyev səsləndirilərkən onun bəstəkar Verdi ilə “qohumluğu” yada düşməməlidir, Allahverdi deyərkən vurğu e-yə deyil, i-yə düşürsə, yev şəkilçisi qoşulduqda da həmin qaydaya riayət olunmalıdır. Bu gün şou aləmində də milli adlarımızı əcnəbiləşdirməyə meyl güclənib. Ekran titrlərində, kompakt disklərin üzərində müğənnilərin adları doğma dilimizdə bəzən səhvən, çox zaman da bilərəkdən təhriflə - Brilyant – Brilliant, Natəvan – Natavan, Samirə - Samira yazılmaqdadır. Unutmaq olmaz ki, qiymətli daşın adı, görkəmli şairəmizin təxəllüsü və müqəddəs şəhərin adı dilimizdə necədirsə, elə də yazılıb tələffüz olunmalıdır.
Efirdən söz düşmüşkən. Son illərdə televiziya və radiolarda, xüsusilə də gündəlik mühüm xəbərlər təqdim edilən  proqramlarda  Azərbaycana səfər edən rəsmi şəxslərin adları yanlış səsləndirilir. Belə ki, ya vurğular düzgün ifadə olunmur, ya da tələffüz ümumilikdə təhrif edilir. Məsələn, Lavrov ifadə edildikdə vurğu o-ya deyil, a-ya vurulur, II Elizabet ifadə edildikdə vurğu i-yə deyil, gah 1-ci. Gah da 2-ci e-yə, bəzən isə hətta a-ya vurulur. Bu adın yazılışında da ciddi təhrifə yol verilir. Çox zaman Azərbaycan telekanallarının titrlərində səhf olaraq Yelizabet, yaxud Yelizaveta yazılır. Yelizaveta rus dilindən alınma yazılışdır. Çünki bu ad çar Rusiyasında belə qəbul olunmuş, bu gün də həmin formada yazılır və tələffüz olunur. Rusiyadan alınma yazılış və tələffüzə daha bir neçə misal. Yenə də əsasən “Xəbərlər”də rəsmi qonaqlar Abdulla əvəzinə Abdalla, Məhəmməd əvəzinə Mohammad, Həsən əvəzinə Hassan və s. təqdim olunmaqdadır. Bir halda ki, dilimizdə bu adların neçə əsrlərdir doğmalaşmış yazılışı və tələffüzü vardır, onların başqa dillərdə olduğu kimi, dilimizə uymayan təqdimatına heç bir ehtiyac yoxdur.
Dilimizə, milliliyimizə və adət-ənənəmizə uymayan daha bir məsələ. Son illər bir sıra xanımlarımız famil sonluğuna və ya ata adına oğlu əlavə edirlər (Cəfəroğlu, Alıoğlu və s.), yaxud onları tamamilə sonluqsuz yazdırırlar. Məsələn, Məhəbbət Kazım. Bunu məşhur və mərhum müğənnimiz etmiş olsaydı, yeri vardı. Yaxud öz adını bilərəkdən və ya mahiyyətini bilmədən təhrif edənlərə də rast gəlirik. Məsələn. Ələddin adında yersiz dəyişiklik edərək onu Əliəddin etmək. Əvvəla bu ad Ələkbər, Ələsgər  (Əliəkbər, Əliəsgər), Əliağa adlarından tamamilə fərqlənir, ikincisi bu adın orijinal yazılışı Əla əd-dindir. Türkiyədə də çox yayılmış bu ad indi də Aliaddin deyil, Alaaddin olaraq tələffüz edilir və yazılır. Bəzi kişilərdə isə müqəddəs ziyarətgahlarda olduqlarını bildirmək üçün həmin titulları adlarının qarşısında rəsmən yazdırmaq dəbə çevrilməkdədir. Sadalanan belə hallar xüsusən dövlət idarələri, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında yolverilməzdir.    
Adamın ad və famili əhəmiyyətli məsələdir. İndi famil sarıdan özümüzə qayıtdığımız vaxtda adlarımız haqqında da dərindən düşünməli, uşaqlara yüngül zövqsüz adlar verməməliyik. Unutmaq olmaz ki, bugünkü körpə sabah öz adı ilə cəmiyyət içinə çıxanda utana bilər. 
 
Ələkbər Qasımov    
AMEA Naxçıvan Bölməsi İncəsənət,  
Dil və Ədəbiyyat İnstitutunun elmi katibi,  
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
                                                                                 

                                                                                    


Baxış sayı: 908


Bölməyə aid digər xəbərlər