Bütün xəbərlər
“Azərbaycanda daimi yaşayan əfqanların Azərbaycan cəmiyyətinə inteqrasiyasına kömək” layihəsi ilə bağlı tədbir keçirilib
Tarix: 05-12-2019 00:32 | Bölmə: Sosial

“Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Azərbaycanda daimi yaşayan əfqanların Azərbaycan cəmiyyətinə inteqrasiyasına kömək” layihəsi ilə bağlı yekun tədbir keçirib. Tədbirdə əfqan qaçqınları ilə işləyən dövlət orqanlarının nüməyəndələri, Əfqanıstan İslam Respublikasının Bakıdakı səfirliyinin əməkdaşları, Azərbaycandakı Əfqan İcmasının rəhbərliyi, çox saylı QHT təmsilçiləri və jurnalistlər, eləcə də əfqan qaçqınları iştirak edib. Tədbiri açan “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyinin sədri Nazlı Zeynalova layihənin məqsəd və vəzifələri, bu istiqamətdə görülən işlər, əldə olunan nəticələr haqqında məlumat verib. Qeyd edilib ki, bu layihə QHT Şurasının təşəbbüsü ilə ölkəmizin beynəlxalq humanist imicinin formalaşması, ölkədə ictimai sabitliyin qorunması, Azərbaycanda yaşayan əfqan qaçqınlarının imkanlarının genişləndirilməsi, hüquqlarının qorunması və rifahının yaxşılaşdırılması məqsədilə icra edilib. Layihə üzrə əfqan qaçqınlarının həyat tərzi, mənzil-məişət şəraiti ilə tanış olunmuş, onların problerini öyrənmək üçün sosioloji soğular keçirilmiş, hüquqlarının müdafiəsi yönümdə hüquqi xidmət göstərilmiş, onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət qurumlarının əməkdaşlarının fikirləri öyrənilib, mövcud qanunvericiliyin beynəlxalq normalara uyğunluğunun analizi aparılıb, əfqan uşaqları arasında “Azərbaycan qaçqın əfqan uşaqlarının dili ilə” inşa müsabiqəsi keçirilib. Çıxış edən layihənin sosioloq-eksperti, AMEA-nın sosiologiya şöbəsinin müdiri, dosent Əhməd Qəşəmoğlu əfqan qaçqınları arasında aparılan tədqiqat və araşdırmalar haqqında məlumat verərək bildirmişdir ki, bu tədbirlər ölkəmizdə aparılan quruculuq işlərinə kənar gözlə baxmaq, tolerant və humanist cəmiyyət qurmaq, ölkəmizə sığınmış insanların rahat yaşayışını təmin etmək, insan hüquqlarını qorumaq üçün vacibdir. O, tədqiqat metodlarından, əldə olunan nəticələrdən, onların gələcək fəaliyyət üçün geniş imkanlar açdığından danışmış, dövlət orqanlarının, QHT-in diqqətini bu problemlərin həllinə yönəltmiş, belə ciddi və əhəmiyyətli layihəyə görə QHT Şurasına minnətdarlığını bildirib. Uzun illər BMT QAK–ın Bakı ofisinin Qaçqınlara Hüquqi Xidmət şəbəkəsinin rəhbəri olmuş hüquqşünas Aydın Kərimov qaçqınlarla bağlı belə layihələrin milli və beynəlxalq əhəmiyyətini qeyd etmiş, mövcud beynəlxalq normaların və milli qanunvericiliyin müqayisəli analizini aparıb. Bildirmişdir ki, Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq qaçqını olan Azərbaycanda Əfqanıstandan gələn qaçqınlara yaradılan şərait dövlətimizin beynəlxalq normalara uyğun fəaliyyətinin və xalqımızın humanistliyinin göstəricisidir. Əfqanıstan İslam Respublikasınınn Bakıdakı səfirliyinin 1-ci katibi, konsul Əziz Rəhman Faiq Azərbaycan dövlətinə, QHT Şurasına və layihə təşkilatçılarına Azərbaycanda yaşayan əfqan diasporunun üzvlərinə göstərdikləri diqqətə görə təşəkkür etmiş, digər ölkələrə də nümunə ola biləcək bu təşəbbüsün davam etdirilməsini arzulamışdır. Azərbaycandakı əfqan icmasının başçısı Hüseyin Əzimi layihə çərçivəsində icma üzvlərinin təşkilatçılarla birgə işindən, keçirilmiş görüşlərdən, göstərilən xidmətlərdən və əldə olunan nəticələrdən danışıb. Eyni zamanda o, əfqan qaçqınlarının mövcud problemlərini dilə gətirmiş, təkliflərini bildirib. Tədbirdə iştirak edən “Ailələrə Sosial Dəstək” ictimai birliyinin sədri Esmira Rəhimova, Azərbaycan Valideyn-Məktəb Assosasiyasının sədri Şahin Rəcəb, şairə Mərcan Şahbuzlu layihə ilə bağlı fikirlərini bölüşmüş, əfqan qaçqınlarına göstərilən qayğını humanist addım kimi qiymətləndirmiş, layihənin uğurlu fəaliyyətini qeyd ediblər. Sonda “Azərbaycan qaçqın əfqan uşaqlarının dili ilə” yazı müsabiqəsinin qalibləri Əbülfəz Şəhidiyə, Aləvi Mustafaya, Nəbi Məryəmə diplom və pul mükafatları təqdim edilib.





Baxış sayı: 969


Bölməyə aid digər xəbərlər