Bütün xəbərlər
Pedaqogika üzrə fəlsəfə doktoru Nazilə Abdullazadə : Soykökünə bağlı olan müəllim kadrları hazırlamaq bu gün təhsil sisteminin qarşısında duran vacib vəzifədir
Tarix: 20-11-2019 13:00 | Bölmə: Sosial
“Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyibacarmaq, özünə  çalışqanlıq,  axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır. Bilik pilləkəni ilə yorulmadan və qətiyyətlə yuxarı qalxmaq gərəkdir, tələbəlik həyatının hər günü bu pilləkənin bir pilləsi olmalıdır. Getdikcə zənginləşən bilik xəzinəsindən, geniş elmi məlumat axınından baş çıxarmağı öyrənməlisiniz, bir sözlə, sabahkı günün mürəkkəb məsələlərinihəll edə bilən yaxşı mütəxəssis olmalısınız”                                                                                                                                                 Heydər Əliyev
Bütün dövrlərdə hər bir xalqı, dövləti düşündürən ən mühüm məsələ təhsil və onun keyfiyyəti məsələsi olmuşdur. Tarix boyu müxtəlif cür yanaşılan bu məsələdə müəllim hazırlığı, müəllimin öz peşəsinə münasibəti, cəmiyyətin arzuladığı kamil insan  yetişdirmək bəşəriyyətin tərəqqipərvər qüvvələrinin amalı olub.
İstər cəmiyyət, istərsə də ayrı-ayrı şəxslər, mütəfəkkirlər cəmiyyətin gələcəyinin müəllimdən həlledici dərəcədə asılı olduğunu bilmiş,  müəllimə, müəllim peşəsinə, onun hazırlığına olduqca böyük önəm vermiş və ondan buna layiq olmağı tələb etmişlər. Sokrat müəllimi şama bənzətmiş, XIII əsr filosof və pedaqoqu N.Tusi müəllimin peşə professioqramını müəyyənləşdirmiş, “Adabül-mütəəlimin” əsərində bu şərəfli və çətin peşə sahibinin davranış normaları, təşkilatçılıq qabiliyyəti, əxlaq və mərifəti haqqında bu günümüzlə səsləşən bir-birindən qiymətli fikirlər söyləmişdir.  Mustafa Kamal Atatürk müəllimlik sənətini ən yüksək qiymətə layiq olan bir peşə, bəşəriyyəti xilas edən yeganə qüvvə adlandırmışdır. Ulu öndər Heydər Əliyev müəllimlərini həmişə minnətdarlıqla xatırlamış, onlar haqqında ürəkdolusu danışmışdır. “Mən müəllimdən yüksək ad tanımıram” deyən ümummilli lidermüəllim kadrlarının hazırlanmasına xüusi fikir vermiş, bəşəriyyətin gələcəyinin müəllimdən asılı olduğunu  dəfələrlə vurğulamışdır.
Müəllim hazırlığı cəmiyyətin tərəqqipərvər qüvvələrini düşündürməklə bərabər, dövlətin və xeyriyyə cəmiyyətlərinin də diqqət mərkəzində olub. Hələ XX əsrin əvvəllərində Azərbaycan müəllimlərinin I və II qurultaylarının işində müəllim hazırlığı məsələləri gündəmdə olmuş, II qurultay layihəsində milli dərsliklərin tərtibi,  vahid tədris metodunun hazırlanması, kənd müəllimlərinin həyat şəraitinin yaxşılaşdırılması, Azərbaycanda xüsusi müəllim seminariyasının təşkil ediməsi, qadın təhsilinin inkişaf etdirilməsi kimi məsələlər məhz müəllim hazırlığının təkmilləşdirilməsinə yönəlmişdi. “...Müəllim hazırlığı məsələsi dövrün  ən zəruri məsələlərindən biri olduğu üçün bu işdə  xeyriyyə cəmiyyətləri  xeyli xeyirxah fəaliyyət göstərirdi. Məsələn, bu cəmiyyətlərin köməyi, yardımı ilə Gəncədə “Mədrəseyi-ruhani”, Şəkidə “Vətən məktəbi”, Bakıda “Darülmüəllimin” və Tağıyevin təşəbbüsü ilə qız məktəblərinin açılması müəllim kadrlarının hazırlanmasında böyük əhəmiyyət kəsb etdi”.
2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda deyilir: “Müəllim amili təhsilalanın öyrədilməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən çox asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur” .
Dövlətin təhsil siyasətinin prioritetlərindən biri kimi müəllim hazırlığı  həm nəzəriyyəçiləri, həm də praktikləri eyni qaydada narahat edir. İbtidai, orta, orta peşə-ixtisas, ali  təhsil sistemi iki özülün – öyrədənlərin və öyrənənlərin maraqları üzərində qurulub. Tərəflərdən birində olan çatışmazlıqlar nəticə olaraq digərinin fəaliyyətində özünü göstərir.
Azərbaycan təhsil sistemində Milli Kurikulum çərçivə sənədinin tətbiqi son vaxtlar “müasir müəllim”,“müasir dərs”, “müasir tələblər”, “müasir təlim metodları” ifadələrini, demək olar ki, bütün tədqiqatçılarla rastlaşdırır.   “Müasir müəllim kimdir və o necə olmalıdır? Onu “ənənəvi” müəllimdən fərqləndirən keyfiyyətlər hansılardır?”, “Yeni təhsil sistemində müasir müəllim hazırlığıhansı istiqamətlər üzrə aparılmalıdır? sualları ilk növbədə müəllim peşəsinə münasibəti  gündəmə gətirir.
Kurikulumla bağlı innovasiya prosesləri istər MİQ-ə qəbul, istərsə də pedaqoji fəaliyyət dövründə müəllimin üzərinə əvvəlkilərdən fərqli rollar qoyur; ali təhsildən sonrakı fəaliyyətlərində zəngin  müəllim peşəkarlığı nümayiş etdirmələri üçün onlara müvafiq surətdə təhsil verilməli, yalnız nəzəri deyil, praktik bacarıq və vərdişlərin mənimsənilməsinə şərait yaradılmalıdır.  İlk növbədə:
  •  müəllim hazırlayan tərəf müasir təlim metodlarını önə çəkməklə innovativ və proaktiv mövqeyə keçməli;
  •  tədris prosesi gözlənilən təlim növlərinə uyğun təşkil edilməli;
  •  müəllim hazırlığı ali təhsili bitirməklə tamamlanmamalı, peşəkar inkişaf zamanla genişləndirilən fəaliyyətə çevrilməli, daimi təlim üçün şərait yaradılmalı;
  •  müəllim hazırlığı proqramları tədris və təlim prinsiplərinə uyğun yenilənməli, praktik vərdişlərin möhkəmləndirilməsi məqsədilə pedaqoji təcrübə sistematik olaraq (ilk  tədris ilindən passiv və aktiv) keçirilməli;
  •  müəllimliyə yeni başlayan gənclər öz peşə karyeralarının başlanğıcında innovativ təlim təcrübəsini stimullaşdıran vasitələrlə dəstəklənməli (belə ki, pedaqoji fəaliyyətə təzə başlayanlar məktəbdə konservativliyə meyilli yaşlı nəslin təcrübəsini təqlid edir);
  •  beynəlxalq təcrübəyə əsaslanaraq internatura sisteminə keçilməlidir.
Qeyd olunanlar, təbii ki, müəllim hazırlığına verilən tələblər kimi özünün mahiyyət və məzmununa görə artmaqda, dərinləşməkdə və dövrün tələblərinə uyğun yeni məzmun kəsbetmədə davam edir. Bu baxımdan müəllim modelində hansı keyfiyyətlərin daha vacib olduğunu, daha önəmli əhəmiyyət kəsb etdiyini araşdırmaq və sistemləşdirmək ortaya çıxır. Prof. M.İlyasov bununla bağlı yazır: “Müasir müəllim artıq yeganə bilik mənbəyi, biliklərin trasformatoru deyildir, o, biliklərin istiqamətləndiricisi, biliyə gedən yolun bələdçisidir. Elə bir təşkilatçı, məsləhətçi, tərəfmüqabildir ki, onun daşıdığı funksiya əvəzolunmazdır və pedaqoji proses onun yaradıcı fəaliyyəti nəticəsində özünün yüksək səviyyəsinə çata bilir” .
Bu gün respublikada müxtəlif fənlərin tədrisini həyata keçirə biləcək pedaqoji kadr  − müəllim hazırlığı peşəkar kompetensiyalara əsaslanır və ölkənin bir neçə ali təhsil müəssisəsində həyata keçirilir: ADPU, BSU, ADU, BDU,  NDU, “Odlar Yurdu” Universiteti, Qızlar Universiteti, SDU, NMİ, “Naxçvan” Universiteti ilə yanaşı, pedaqoji kollecləri də nəzərə alarıqsa, ümumilikdə 12 dövlət, 10 özəl ali məktəbdə hər il cəmiyyətin tələblərinə uyğun minlərlə yeni formatlı müəllim − diplomlu gənc pedaqoji fəaliyyətə hazırlanır. Ali pedaqoji unversitetlərdə müəlim hazırlığı özündə bir sıra amilləri ümumiləşdirir:
  • Təhslin məzmununda şəsiyyətyönümlülüyün təmin edilməsi;
  •  İnnovativ metodlardan və yeni təlim texnologiyalarından istifadə edə bilmək vərdişlərinə yiyələnmək;
  • Təlimin diferensiallaşdırılması;
  •   Müəllim nüfuzunun həmişə və hər yerdə uca tutulmasına çalışılması.
Ali pedaqoji təhsil müəssisələrini bitirmiş müəllim kadrları professional fəaliyyətləri və kompetensiyaları baxımından məntiqi təfəkkürün qanunlarını, forma və metodlarınıbilməli, problem-situasiyalar yaratmağı bacarmalı, fənlərarası inteqrasiyaya hazır olmalı, baş vermiş ziddiyyətləri  həll etməli və müxtəlif məzmunlu tədqiqat işlərini həyata keçirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır” fikri buna əyani sübutdur.
XXI əsrin müəllimi yalnız nəzəri biliklər, praktik təcrübə ilə ilə silahlanmalı, etik ünsiyyətvə yüksək  davranış normaları nümayiş etdirməlidir. Bu gün müəllim hazırlığı təkcə tədris etdiyi fənni bilməklə kifayətlənmir, müasir müəllim standartları və məzmun xətlərini əzbərləməklə müəllim olmur. Ali məktəblərdə pedaqoji təhsilin məzmunu milli-mənəvi, estetik,  intellektual,qloballaşan dünya ilə ayaqlaşa bilənkadr hazırlığına xidmət etməlidir. Hansı fənni tədris etməsindən, hansı ali məktəbin məzunu olmasından asılı olmayaraq, müəllim ilk növbədə dövlətçilik ieologiyasına, azərbaycançılıq konsepsiyasına, mental dəyərlərə sadiq biri olmalıdır.  Yalnız bundan sonra  digər məsələlərdən danışmaq olar.
Prioritet olaraq,  kadr hazırlığında müəllimin pedaqoji ustalığı qeyd edilməlidir . Pedaqoji ustalıq deyəndə ali pedaqoji təhsil yaxud  hər hansı bir fənni incəliklərinə qədər bilmək başa düşülmür. Müəllim nə qədər savadlı, bilikli olsa da, pedaqoji ustalıq olmadan uğur qazana bilməz. Pedaqoji ustalıq ilk əvvəl müəllimin davranışında, üzünün ifadəsində, geymində, imicində, səs tonunda, diksiyasında, hadisələrə münasibətində özünü göstərməlidir.Müəllim mənəvi aləminin zənginliyini hər bir hərəkəti, hər bir sözü ilə nümayiş etdirməlidir.  
Nitq mədəniyyəti, ana dilinin  gözəlliyini qorumaq, onun imkanlarından yerində istifadə etmək müəllim hazırlığında əsas tələblərdən biri kimi qoyulmalıdır. İxtisasından asılı olmayaraq, hər bir fənn müəllimi nitqin etik normalarına ciddi əməl etməlidir. Diskussiya mədəniyyəti, nitq etiketləri, jest və mimikalar müəllimin peşə etikasınınvə nitqinin başlıca şərtlərindən sayılır. Ş.Qurbanov, İ.Şıxlı, X.R.Ulutürk, C.Xəndanı bir  müəllim kimi sevdirən ik növbədə onların nitqləri, danışıqları ilə auditoriyanı özlərinə cəlb edə bilmək qabiliyyəti, zəngin, maraqlı mühazirələri olub.
Ü.Hacıbəyov yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir  vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşaqların tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar.... Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahiazəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəsbii-ruzi vasitəsi axtarsın” . 
“Müəllim − sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri, habelə mənəvi keyfiyyətləri təhsilalanlara məqsədyönlü, planlı və mütəşəkkil qaydada aşılamaq yolu ilə cəmiyyətin inkişafına təkan verən pedaqoji təhsilli mütəxəssisdir. Müəllim − geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən insandır. Müəllim − özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, əldə etdiyi, qazandığı təcrübəni, həyatı dərk etməsi və ona münasibətini digərlərinə ötürən şəxsdir. Müəllim − özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, həyatı dərk etməsi və ona münasibəti ilə bağlı qazandığı təcrübəni digərlərinə öyrədən şəxsdir”.Nəhayət,  müəllim – bir örnək və  nümunədir.
Qeyd edilənlərə baxmayaraq, son illərdə müəlllim nüfuzunun tərbiyəedici təsiri azalmaqdadır. Bunun obyektiv səbəbi kimi  yeni təhsil sistemi müəllim hazırlığında rast gəlinən problemlərdir ki,  bunlara nəzəri biliklərin mənisənilməsi faizinin  təcrübi biliklərdən və peşəkarlıq vərdişlərindən  üstün tutulması, müəllimin sosial statusunun aşağı düşməsi, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi mexanizminin təkmlləşdirilməməsi, son illər müəllimin peşə mədəniyyətinin aşağı düşməsi və hər il hazırlanan və işlə təmin olunan müəllimlərin sayı arasında kəskin fərqin mövcudluğunu qeyd etmək olar.  Belə çıxır ki, ölkədə müəllim hazırlığına ayrılan vəsait nəticədə səmərəsiz istifadə olunur.
Cəmiyyətdə bütövlükdə məktəbə münasibətin dəyişməsi, müxtəlif sosial şəbəkələrin və informasiya texnologiyalarının bolluğu, tərbiyənin millilik çərçivəsindən çıxıb “avropalaşma” məzmununa daha çox meyil etməsi, ictimai şüur zəminində fərdi baxış tərzinin dəyişməsi, medianın və mətbuatın müəllimi gündəmdə saxlaması, nəhayət, müəllimin qayğısı, problemi olan bir insan kimi düşüncələrdən hələ də uzaq tutulması müəllim şəxsiyyətinin və adınınkeçmiş statusunu qorumaqda problemlər yaradır.
Azərbaycan təhsil sistemində müəllim  ləyaqətini hər şeydən uca tutan, seçdiyi sənətə ürəkdən bağlı olan müəllimlərlə yanaşı,  elmi-pedaqoji yeniliklərdən xəbərsiz,  öz üzərində çalışmayan,  pedqoji etikadan və milli dəyərlərdən uzaq müəllimlərimiz də az deyil. Bunun bir  səbəbi yaşlı nəslin öz ənənələrinə “sadiqliyi” kimi – yenini qəbul edə bilməməsi ilə əlaqədardırsa, ikinci və başlıca səbəb müəllim peşəsinə təsadüfi gəlişdir. Bu gün orta məktəbi bitirən hər kəs ali təhsil almaq istəyir,hamı da hüquqşünas, həkim, vəkil, iqtisadçı olmaq stəyir. Bu istək “əlçatmaz” olduqda ixtisas seçimi müəllimliyin üzərində dayanır, hüquqşünas yarıkönül tarix ya ədəbiyyat müəlimi, həkim olmaq arzusu kimya-biologiya müəllimi, iqtsadçı coğrafiya müəllimi,  “ayağını yorğanına görə uzadanlar” isə ən uzağı idman müəllimliyinə seçim edir.
Müəllimlik peşəsi davamlı, dəyişən və dinamik bir peşədir. Cəmiyyət ən qiymətli sərvətləri – uşağı, arzuları, ümidlərini  müəllimə etibar edir. Cəmiyyətdə olan dəyişikliklər insanın həyat tərzinə, baxışlarına, yaşamına təsir etdiyi kimi, necə öyrənməyinə və öyrətməyinə də təsir edir. Dünyaya inteqrasiyalı, yüksək mədəniyyətli bir cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən biri etməyə güçü çatan, milli-mənəvi dəyərlərə bağlı və onları qoruyan, inkişaf etdirən, ailəsini, millətini, vətənini dərindən sevən, soykökünə bağlı olan müəllim kadrları hazırlamaq bu gün təhsil sisteminin qarşısında duran vacib vəzifədir.


Baxış sayı: 871


Bölməyə aid digər xəbərlər