Energetiklər peşə bayramlarını qeyd ediblər
Tarix: 20-10-2019 19:03 | Bölmə: Sosial


20 oktyabr - Energetiklər Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, "Azərenerji” və "Azərişıq” ASC-lərin kollektivlərinin iştirakı ilə oktyabrın 19-da Şimal Elektrik Stansiyasında keçirilən tədbirdə "Azərbaycan elektroenergetikası” adlı film nümayiş edilib, sonra yeni çapdan çıxan "Azərbaycan elektroenergetikası” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən "Azərenerji” ASC-nin prezidenti Baba Rzayev energetikləri peşə bayramı münasibətilə təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb. B.Rzayev ölkədə energetika sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, energetiklərin peşə bayramının tarixi 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə "Azərbaycan” istilik elektrik stansiyasının birinci enerji blokunun istifadəyə verilməsindən başlanır. Sovet hakimiyyəti illərində, xüsusilə də 1969-cu ildən başlayaraq ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra enerji sisteminin inkişafında mühüm uğurlara imza atılıb. Belə ki, Ulu Öndərin bu sahədə gördüyü işlərin nəticəsi olaraq ölkə üzrə 3500 meqavatadək generasiya gücü işə salınıb, həmçinin elektrik enerjisi istehsalı 12 milyard kilovat/saatdan 22 milyard kilovat/saatadək artıb.
ASC-nin prezidenti vurğulayıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə respublikada elektroenergetika sektorunda böyük islahatlar aparılıb, tikinti, yenidənqurma və bərpa prosesləri uğurla həyata keçirilib. Aparılmış islahatlar nəticəsində respublikanın generasiya gücü 7800 meqavata çatdırılıb, elektroenergetika sahəsində Azərbaycan idxalçı ölkədən ixracatçı ölkəyə çevrilib.
"Azərenerji”nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov isə bildirib ki, son dövrdə ölkə başçısının müvafiq Sərəncamı ilə ASC-də islahatlara başlanılıb. İslahatlar çərçivəsində bir sıra qurğular tam yenidən qurularaq yeni avadanlıqlarla təchiz edilib, yeni idarəetmə mərkəzi yaradılıb, mühəndis-texniki işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün müasir laboratoriyalar qurulub.
ASC rəsmisi qeyd edib ki, qurumun qarşısında duran əsas vəzifələrdən biri də texniki təhlükəsizlik məsələləri, avadanlıqların dövrünün uzadılması və qənaətcillikdir.
Tədbirdə çıxış edən "Azərenerji” ASC-nin və "Azərişıq” ASC-nin nümayəndələri energetiklərin ötən illər ərzində gördüyü işlərdən bəhs edərək elektrik enerjisinin istehsalı, ötürülməsi və idarə edilməsi istiqamətində aparılan islahatlar və yeniliklərdən söhbət açıblar. Sonda energetiklər adından Azərbaycan Prezidentinə müraciət qəbul edilib.
Azerbaijan-news.az



Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər
6-11-2019, 02:29 TƏBRİK EDİRİK!
2-11-2019, 01:19 TƏBRİK EDİRİK!