Veteran pəhləvanımız dünya mükafatçısı oldu
Tarix: 20-10-2019 15:29 | Bölmə: Sosial
                           


Ölkəmizdə güləş idman növü tarixən ənənəsini qoruyub saxlamışdır. Pəhləvanlarımız dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında və digər mötəbər yarışlarda öz peşəkarlığı və ustalıqları ilə xalqımızı sevindirir, Azərbaycan bayrağını ucaldır.
Digər idman növləri kimi, güləş də ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Son illər beynəlxalq yarışlarda böyük uğurlar qazanan yeniyetmə, gənclər və əsas komanda üzvləri ilə yanaşı, veteran idmançılarımız da iştirak etdikləri bütün turnirlərdən müxtəlif əyarlı medallarla vətənə qayıdırlar.
Bu günlərdə Gürcüstanın paytaxtı Tbilisidə başa çatmış veteran güləşçilər arasında 21-ci dünya çempionatı da bu baxımdan istisna deyil. Turnirdə məşhur pəhləvanımız, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən İsmayılxanlı yunan-Roma növündə Qazaxıstan, ABŞ, Macarıstan və digər ölkələrin təmsilçilərinə qalib gələrək bürünc medal əldə etmişdir. Bu, veteran güləşçimizin ardıcıl olaraq dünya çempionatlarında qazandığı beşinci medaldır.
Rövşən İsmayılxanlı 2015-ci ildə Yunanıstanda bürünc, 2016-cı ildə Finlandiyada gümüş, növbəti il Bolqarıstanda gümüş və 2018-ci ildə Rusiyada gümüş medala sahib çıxmışdır. Hazırda Naxçıvan Dövlət Universitetində Hüquq fənləri kafedrasında müəllim vəzifəsində çalışan veteran idmançı Ulu Öndər Heydər Əliyevin "Azərbaycanda güləş milli və ən məşhur idman növüdür, bütün dövrlərdə bizim çox məşhur güləşçilərimiz olmuşdur. Onlar müxtəlif beynəlxalq yarışlarda böyük uğur qazanmışlar” sözlərini daim rəhbər tutaraq gənc nəslin təlim-tərbiyəsində, idmana cəlb edilməsində və zərərli vərdişlərdən uzaq olmasında yaxından iştirak edir və bunun üçün səylərini əsirgəmir.
Gənc və veteran idmançılara hərtərəfli dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən R.İsmayılxanlı növbəti mundialda da layiqli çıxış edərək vətənə qızıl medalla dönmək arzusundadır.
Onu da qeyd edək ki, Tbilisidəki dünya çempionatında 73 ölkənin veteran idmançıları mübarizə aparmışdır. Bu mötəbər yarışlarda hakimlərimiz Xəyal Əliyev və Eldar Məmmədov ölkəmizi təmsil etmiş və beynəlxalq dərəcəli hakim olmaq üçün müvafiq imtahan vermişlər.
Azerbaijan-news.az


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər
6-11-2019, 02:29 TƏBRİK EDİRİK!
2-11-2019, 01:19 TƏBRİK EDİRİK!