Bütün xəbərlər
“Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL
Tarix: 19-06-2019 10:35 | Bölmə: Siyasət
             

Şimali Afrika və Yaxın Şərq(ŞAYŞ) regionunda demokratiya perspektivləri varmı? Yoxsa region avtoritarizm və müharibələr burulğanında yaşamağa məhkumdur? 
Ərəb dünyası və ya ayrıca götürülmüş hər hansı bir ərəb ölkəsi mükəmməl demokratiyaya doğru ciddi addım ata bilərmi? Bu sual illərdir ki, tədqiqatçıları, siyasətçiləri və sıravi adamları düşündürməkdədir. İndiyədək görünən tərəf odur ki, heç bir ərəb ölkəsi demokratiyaya doğru addım ata bilməmişdir, halbuki hökumət dəyişiklikləri, monarxiyaların devrilməsi və kütləvi üsyanlar region üçün nadir sayıla biləcək hadisələr deyil.
Florensiyadakı Avropa Universiteti İnstitutunun (European University İnstitute) professoru Filip Şmitter və Qahirədəki Amerika Universitetinin professoru Nədin Sika “ŞAYŞ regionunda demokratikləşmə” adlı yazıda 1970-ci illərin ortalarından başlayaraq ərəb dünyası və digər ölkələr arasında demokratik transformasiya fərqləri və bənzərliklərini tədqiq etmişlər. (Araşdırmalara əsasən dünyada, ötən əsrdə demokratikləşmənin üç dalğası bir sıra ölkələri əhatə etmiş və yaşam tərzini əsaslı dəyişmişdir. İlk dalğa, İkinci Dünya Müharibəsindən sonra 1945-46-cı illəri əhatə edir ki, bu dövr faşizmin çökməsi və yeni sistemin yaranması ilə əlamətdardır. 1970-ci illərdə başlayan, İkinci dalğada Yaxın Şərqdəki milli azadlıq hərəkatları son müstəmləkələri çökdürdü və daha sonra bu dalğa Latın Amerikasınadək uzandı. Demokratiyanın üçüncü dalğası isə 1990-cı illərin əvvəllərində Berlin divarının və Sovet İttifaqının dağılması və yeni müstəqil ölkələrin yaranması ilə nəticələnmişdir). Qeyd olunan qlobal dəyişikliklər fonunda ŞAYŞ regionunda gedən prosesləri izləyən müəlliflər fərqlərin bənzərliklərdən daha çox olması qənaətinə gəlmişlər.
2010-2011-ci illər Tunis, Misir, Liviya, Yəmən və Suriyada kütləvi etirazlar yaşandı, ərəb dünyasında böyük transformasiya prosesləri baş verdi. Amma, bu transformasiya demokratiyaya deyil, xaosa, anarxiyaya və qeyri-müəyyənliyə yol açdı.  Şmitter və Sika öz tədqiqatlarında nəinki demokratik, hətta liberal dəyişikliklərin baş verə bilməməsinin əsas səbəblərini göstərmişlər.
 
Birinci səbəb

Müəlliflərə görə demokratik dəyişikliklərin baş verməməsinin əsas səbəbi müxalifətin zəifliyidir. Avtoritar rejimlərin seçkiləri daimi manipulyasiya etdiyi, vətəndaş cəmiyyətinin zəif olduğu ərəb ölkələrində müxalifətin əsas rolu hakimiyyətlə sövdələşərək, yeni mümkün fiqurların və ideyaların meydana çıxa bilməsinin qarşısını almaq və hakim elitanın uzun müddət rəhbərlikdə qalmasını təmin etməkdir. Belə mövqe illərlə davam edir və nəticədə müxalifət passiv, fəaliyyətsiz müşahidəçiyə çevrilir. Ərəb ölkələrində müxalifətin digər problemi ədalətli siyasi  rəqabət mühitinin olmamasıdır. Praktiki olaraq “ərəb baharı” hadisələri  zamanı insanlar kütləvi aksiyalarda müxalifəti dəstəkləmir, daha yaxşı və daha layiqli həyat şəraiti  tələb edirdilər. Adətən belə aksiyalardan sonra siyasi rəqabət təcrübəsi olmayan müxalifətin hakimiyyəti ələ keçirməsi ağır nəticələrlə sonuclanır. Hakimiyyətə gəlmiş müxalifət yeni siyasi düşüncə tərzi ilə deyil, dövlət əmlakı və vəsaitinin yeni simalar tərəfindən daha da çox talanması ilə yadda qalır. Digər çətinlik “demokratiya” məfhumuna ehtiyatlı yanaşma ilə bağlıdır.  Böyük əksəriyyətlə ərəb düşüncə tərzində demokratiya Qərblə, Qərb isə müstəmləkəçi siyasətlə assosiasiya olunur.
Bunun nəticəsidir ki, “ərəb baharı” Suriya, Liviya və Yəməndə olduğu kimi dövlətin iflasına, ya da Tunis və Misirdəki kimi keçid dövrü yaşayan hibrid rejimlərin hakimiyyətə gəlməsinə yol açdı.
   
İkinci səbəb

ŞAYŞ regionunda demokratik dəyişikliklərin baş verməməsinin digər səbəbi RED(Real Existing Democracies), yəni RMD (Real Mövcud Demokratiyalar) adlanan ölkərdədir. RMD ölkələri ərəb dünyasını həqiqətən azad və demokratik görmək istəyirmi? RMD və ŞAYŞ arasındakı münasibətlər azadlıq və demokratiya deyil, daha çox Qərbin mənafeyinə xidmət edən qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub. Ona görə də Qərb dünyası demokratiyadan daha çox, onun iqtisadi maraqlarını təmin edə biləcək sabitliyin tərəfindədirlər. Ərəb millətinin mövcud milli-siyasi savad səviyyəsinin olduğu kimi qalması da Qərbin marağındadır, əks halda, savadlı və siyasi yetkin cəmiyyət fərqli iddialı tələblərlə çıxış edə bilər.
Dünya şəxsi qızıl ehtiyatlarının 60%-dən çoxu zəngin neft istehsalçılarının əlində cəmlənmişdir. RMD-ın əsas məqsədi regionda qarşıdurma və münaqişə ocaqları yaratmaq, sonra istehsal etdikləri silahları münaqişə tərəflərinə satmaq, daha sonra “ədalətli” vasitəçi qismində həmin regiona daxil olmaq və istənilən yollarla qızıl ehtiyatlarının regiondan çıxarılmasına nail olmaqdır.  Ərəb dünyasında baş verən daxili və xarici toqquşmaların əsasında müxtəlif səbəblər ola bilər, lakin bu çəkişmələrin hər birinin arxasında RMD ölkələrinin maraqlarının olması danılmaz faktdır. Ərəblərin hətta belə bir atalar sözü də vardır ki, “dənizdə iki köpək balığı savaşırsa, əmin ola bilərsiniz ki, yaxınlıqda ingilis gəmisi lövbər salmışdır”. Regionda Qərb dövlətlərini ən çox düşündürən neft faktorudur, nefti əldə etmək üçün isə ən asan və ən sadə yol əhalini Qərbin şərtləri ilə razılaşan rəhbərin nəzarəti altında saxlamaqdır. Bundan əlavə RMD-lar rejim dəyişikliyi ehtiyacı yarandığı zaman özlərinə sərf edən loyal namizədin hakimiyyətə gəlməsini dəstəkləyir ki, bu da demokratik transformasiya prosesini ləngidir.
 
Üçüncü səbəb

Ərəb dünyasında demokratik dəyişikliklərin baş verməməsinin daha bir səbəbi regionun coğrafi ərazisi və burada baş verən daxili və regional münaqişələrdir. Ərəb ölkələrində demokratik dəyişiklikləri araşdıran İbrahim Elbadavi və Samir Makdisi göstərirlər ki, dünyanın digər yerlərində vətəndaş müharibələri və xaricdən müdaxilə demokratik proseslərin güclənməsinə təkan versə də, ərəb dünyasında bunun əksi müşahidə olunmaqdadır. Qonşu ölkələrdə də demokratiya təcrübəsinin olmaması regional və beynəlxalq münaqişələri yumşaq müstəviyə keçirməyə imkan vermir, əksinə, həmin münaqişələrin şiddətini artırır. 1990-cı illərdə Qərb yarımkürəsində baş verən hadisələr kommunist blokuna daxil olan ölkələrin demokratik transformasiyası ilə yekunlaşdı.  Avropa strukturlarına inteqrasiya olunmaq perspektivi də bu ölkələrdə sürətli demokratikləşmə prosesinə rəvac verən mühüm amillərdən idi. ŞAYŞ regionunda belə bir perspektiv yoxdur. Bundan əlavə regionda demokratik model rolunu oynayacaq ölkə də mövcud deyil.
Bu səbəblərdən ərəblər rejim dəyişiklərinə baxmayaraq, daha azad, daha sərbəst, daha demokratik və daha zəngin ola bilmirlər. Son zamanlar ərəblərin RMD ölkələrinə böyük köçü müşahidə olunur. İnsanlar Avropa və Amerikaya demokratik azadlıqlar ümidilə köçürlər və bu o deməkdir ki, demokratiya ərəb xalqına yad məfhum deyil.  
Uzun illər Türkiyə, tam demokratiya hesab olunmasa da, regionda uğurla inkişaf edən dünyəvi dövlət kimi qəbul edilir. Türkiyənin sonrakı demokratik inkişafı bəzi ərəb ölkələrini də prosesə cəlb edə bilər. Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması, Rusiyadan silah alınacağı təqdirdə Ərdoğan hökuməti qarşısına qoyulan şərtlər, iyun ayında İstanbulda gözlənilən təkrar seçkilər Türkiyəni çətin seçim qarşısında qoymuşdur. ABŞ-la qarşıdurma yaxşı perspektiv vəd etmir. Hadisələrin bu cür inkişafı anti-Amerika ritorikasının radikallaşmasına gətirib çıxara bilər. Belə olan halda, ABŞ bunu anti-demokratik siyasət kimi dəyərləndirəcək və Türkiyəyə qarşı təzyiq vasitələrini artıracaqdır, ki, bu da ümumən regionda demokratik inkişaf prosesinin qarşısının alınması deməkdir.
Tahir Kərimov
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi 
Modern.az


Baxış sayı: 530


Bölməyə aid digər xəbərlər