Bütün xəbərlər
Moldovada gərginlik pik həddə çatdı
Tarix: 11-06-2019 20:00 | Bölmə: Siyasət


         

 
                                      Moldovada gərginlik pik həddə çatdı

Ölkə prezidentini öldürmək istəyirlər? 

Moldova tarixinin ən ciddi böhranını yaşayır. Mövcud siyasi durum günbəgün gərginləşməkdə davam edir. Rusiyayönümlü və avropayönümlü qüvvələr parlamentdə prezidentlə birləşib ölkənin ən nüfuzlu oliqarxı Vladimir Plaxotnyuku hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Lakin oliqarx da Konstitusiya Məhkəməsinin köməyi ilə ona qarşı çıxanları "qovmağa” müvəffəq olub. Moldovada hər biri öz legitimliyini elan etmiş iki rəqib hökumət, iyunun 10-da gecə ayrı-ayrı iclaslar keçirib. Dünən isə prezident İqor Dodon parlamentin buraxılması barədə baş nazir vəzifəsini icra edən Pavel Filip tərəfindən imzalanan dekreti ləğv edib. Dövlət başçısı Ali Təhlükəsizlik Şurasının iclasından sonra brifinqdə bildirib ki, Pavel Filip tərəfindən imzalanan dekret Konstitusiya normalarına uyğun deyil. Ən əhəmiyyətli məsələlərdən biri də ordu məsələsidir. Moldova ordusu ölkəni cənginə alan siyasi böhrana müdaxilə etmək niyyətində deyil. Bu barədə Moldovanın Müdafiə Nazirliyi informasiya yayıb. "Moldova ordusu adi rejimdə fəaliyyətinə davam edəcək, böhrana müdaxilə etməyəcək və siyasi oyunlardan kənarda qalacaq”, - nazirliyin bəyanatında deyilib. Vəziyyəti gərginləşdirən həm də odur ki, Moskva bu keçmiş sovet respublikasında baş verənlərə daha açıq müdaxilə etməyə başlayır. Moldovanın separatçı Dnestryanı bölgəsində hələ də 1000 nəfərədək hərbi heyət saxlayan Rusiyanın Xarici İşlər Nazirliyi "yeni hökumət koalisiyasını” dəstəklədiyini bildirib. Halbuki, ABŞ, Avropa İttifaqı və NATO hər iki tərəfi təmkinə çağırmışdı. Qonşu Rumıniyanın prezidenti Klaus İohannis bütün siyasi qüvvələri məsuliyyətli dialoqa çağırıb. Lakin Rumıniyanın xarici işlər naziri Teodor Meleskanu deyib ki, böhranın çözümü üçün yeganə yol Moldovada təkrar seçkinin keçirilməsidir. Bununla da, Buxarest Moldovada yaranmış yeni alyansı dəstəkləmədiyinə işarə edib. Yeni alyansın rəhbəri xanım Mayya Sandu deyib ki, bu siyasi böhran oliqarx Platoxnyukun bütün dövlət strukturlarındakı monopoliyasını dayandıranadək davam edəcək. 
Ümumiyyətlə, Moldova 1991-ci ildə müstəqillik əldə edəndən bəri siyasi sabitsizlik və korrupsiya yaşayır. Yüz minlərlə moldovan imkansızlıqdan mühacirətə üz tutub. Siyasi sabitsizliyin daha da artmasına səbəb 2014-cü ildə ölkənin bank sistemindən 1 milyard dolların yoxa çıxması olub. O vaxt bəzi siyasi qüvvələr bu hadisənin araşdırılması üçün Ləyaqət və Həqiqət Platformasını elan etmişdilər. Bu platforma hazırda rəsmi hökumətə qarşı çıxan ACUM blokuna daxildir. Təşkilat bu qənaətdədir ki, bu pulun yoxa çıxmasında oliqarx Plaxotnyukun birbaşa iştirakı olub. Belə bir xəbər də yayılıb ki, Moldova Demokratik Partiyasının rəhbəri Vladimir Plaxotnyuk Rusiya baş nazirinin müavini Dmitri Kozakla görüşü zamanı ona, içində Kişinyovun xarici siyasət kursunun dəyişdirilərək Moskvaya yönəlməsi barədə təkliflərin olduğu zərf verib. Bunu "Kommersant” qəzetinə müsahibəsində Kozakın özü söyləyib. O, Plaxotnyukun etdiyi təkliflər sırasında Dnestryanı münaqişənin həllinin də olduğunu bildirib. Kozak Plaxotnyukun onlara Dnestryanı böhranını Moldovanın federallaşdırılması əsasında həll etməyi təklif etdiyini deyib. 
İqor Dodon ölkəni cənginə almış böhrandan çıxış ssenariləri barədə danışıb. Bu barədə isə "İzvestiya” yazıb. Prezidentin sözlərinə görə, situasiyadan çıxmaq üçün müxtəlif variantlar mövcuddur. Belə ki, Konstitusiya Məhkəməsinin heyətindəki bir sıra hakimlər öz mövqelərində dəyişiklik edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinə hakimlərin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı qanuna dəyişiklik edilə bilər. "Düşünürəm ki, bu mənada ən vacib element xarici təzyiq – xarici partnyorlarımızın legitimliyimizi tanıması ola bilər”, - Dodon bildirib. İ.Dodon sensasion bir fikir də səsləndirib. "Mənə qarşı sui-qəsd planlaşdırılır” - bu sözləri TV8-ə müsahibəsində Moldova prezidenti İqor Dodon deyib. "Məndə olan məlumata görə, ortadan qaldırılmağım üçün 1 milyon dollar təklif edilir. Əgər mənə bir şey olsa, bunun günahkarı Demokratik Partiyanın sədri Vladimir Plaxotnyukdur”, – deyə o bildirib. O, Dövlət Mühafizə Xidmətinə güvənmədiyini də deyib. Prezident onu da deyib ki, Demokratik Partiya hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazırlaşmır: Geriyə yol yoxdur, sona qədər getməliyik. Bu vəziyyətdə bizim, ya beynəlxalq ictimaiyyətə hakimiyyətin sülh yolu ilə təhvil verilməsi prosesində vasitəçi olmaq üçün müraciət etmək, ya da Moldova xalqına çağırış etməkdən başqa çıxış yolumuz yoxdur”.
Hakim partiyanın tərəfdarlarının nazirlik və hökumət binalarının qarşında çadır qurmaları isə davam edir. Onlar prezident Dodonu "satqın” adlandırıblar və deyiblər ki, onun "beynəlxalq birliyi” Moldovodakı böhrana müdaxiləyə çağırması əslində Moskvaya edilən çağırışdır. Heç kim təkzib etmir ki, İqor Dodon Rusiya tərəfindən maliyyələşdirilir və idarə olunur. Kommunist Partiyasının keçmiş ideoloqu Mark Tkaçuk əhalini sosial şəbəkələrdən küçələrə çıxmağa çağırıb. Kişinyovdakı vəziyyəti şərh edən Moldovanın kütləvi siyasət üzrə institutunun eksperti, politoloq Yuriye Pıntı bildirib ki, ölkədə qan tökülməsini istisna edir. Onun qənaətincə, Moldovada ziddiyyətli və sabitliyə təhlükə olan bir vəziyyət formalaşıb. Onun sözlərinə görə, Avropa İttifaqının Mayya Sandunun rəhbərlik etdiyi hökuməti tanımasına baxmayaraq, Rusiya və Qərbin Moldovada güclənən siyasi böhranda iştirakı görünmür. "Sadəcə, hakimiyyət uğrunda kompromissiz mübarizə gedir, çox böyük kapitallar bölüşdürülür”, - deyə o bildirib.
Kaspi.az


Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər