Bütün xəbərlər
Azərbaycanda gənclərin ictimai fəallığı və dövlət gənclər siyasəti
Tarix: 20-05-2019 09:29 | Bölmə: Siyasət

Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir.Gənclər cəmiyyətin ən çox enerjili və yeni tendensiyalara açıq olan üzvləridir. Gənc nəslin bugünkü potensialı, xüsusən transformasiya və modernləşmə proseslərinin həyata keçirildiyi müasir cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.
Gənc nəslə qayğının göstərilməsi, diqqətin artırılması, onlara qoyulan sərmaye heç şübhəsiz dövlətin parlaq gələcəyinin təminatıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə dövlətin nüfuzunun artması, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün respublikamızda yetərincə sağlam, vətənpərvər, yüksək intellektli gənclik formalaşmışdır.
Azərbaycanın inkişafı, dünya dövlətləri sırasında öz layiqli yerini tutması hər bir vətəndaşın, o cümlədən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın üzərinə yeni-yeni vəzifələr qoyur və hər bir azərbaycanlı bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Azərbaycanın aparıcı qüvvəsi olan gənclər bu istiqamətdə daha fəaldırlar. Ölkəmizin inkişafına istiqamətlənən, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi yerin ayrılması heç də təsadüfi deyildi.
Hələ 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışından sonra respublikada müəyyən olunan və həyata keçirilən gənclər siyasəti özündə beş mühüm istiqaməti ehtiva edirdi:
- milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik ruhunda tərbiyəsinin təmin edilməsi;
- gənclərin elmi və intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi;
- gənclərin təşkilatlanmasının təmin edilməsi, dövlətin müstəqilliyinin müdafiəsi üçün onların aparıcı qüvvə qismində birləşməsinin gücləndirilməsi;
- dövlət idarəçiliyində gənclərin rolunun əhəmiyyətli dərəcədə artırılması və onlarda məsuliyyət hissinin formalaşdırılması;
- gənclərin Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyası ilə təmin olunan imkanlardan maksimum istifadə etmələri üçün möhkəm əsasın yaradılması.
Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir. Bütün bunlar heç şübhəsiz, gənclərin ictimai fəallığı sahəsində, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması istiqamətində faydalı və olduqca əhəmiyyətli amillərdir.
“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramları, eləcə də “Azərbaycangəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır.
Ümumilikdə dövlət gənclər siyasəti - gənclərin hərtərəfli inkişafının təmin olunması, onların ictimai-siyasi fəallığının artırılması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şəraitlərin yaradılmasını şərtləndirir. Respublikamızda dövlət gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiyatexnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək dövlətin əsas məqsədlərindəndir.
Bu gün Azərbaycan gəncləri öz ölkəsinin suverenliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, peşəkar kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, Azərbaycan Respublikasının bayrağını yüksəkliklərə qaldıraraq dünya səviyyəli idman yarışlarında fərqlənirlər.
Bunun müqabilində qeyd etmək lazımdır ki, Azərbaycan gənci dövlətimizin mənafeyini hər zaman etibarlı şəkildə müdafiə etmək, layiqli vətəndaş kimi formalaşmaq vəinkişaf etmək üçün hərtərəfli çalışmalıdır. Hər bir gənc öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.

Elvin Talışınski,
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri,

siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü


Baxış sayı: 1 945


Bölməyə aid digər xəbərlər