Bütün xəbərlər
Əflatun Amaşov: "Bəzi ailələrdə uşaqlara xurafata əsaslanan fanatik təsəvvürlər aşılanır"
Tarix: 17-10-2018 03:38 | Bölmə: Siyasət

Əflatun Amaşovun Milli Məclisin plenar iclasındakı çıxışı:
«Uşaqların zərərli informasiyalardan qorunması haqqında» Qanun layihəsi yaxşı hazırlanıb, müasir tələblərə cavab verir. Layihənin hazırlanmasında beynəlxalq təcrübədən səmərəli istifadə edilib. Bu, müsbət haldır. Ona görə də işçi qrupuna təşəkkür edirəm.
Mən burada iki məsələyə toxunmaq istərdim. Birincisi, təklif edirəm ki, qanunun «ümumi müddəalar» hissəsinə «dini xurafat» anlayışını, yaxud ifadəsini əlavə edək. Bu, indiki günümüz üçün çox vacibdir. Çünki bəzi ailələrdə uşaqlara bilməyərəkdən, savadsızlıqdan, bəzən isə şüurlu şəkildə xurafata əsaslanan fanatik təsəvvürlər aşılanır. Bunlar özünü həm məktəbdə, həm də sonralar göstərir.
Əlamətdar haldır ki, indi artıq orta məktəblərdə «Həyat bilgisi» dərsində şagirdlərə islam və digər dinlər haqqında məlumatları çatdırırlar. Onlara dinin mahiyyətini aşılayırlar. Yəni əsl din nədir, əsl islam nədir?
Düşünürəm ki, biz həmin dini xurafat ifadəsini qanuna əlavə etsək, xurafata və dini radikalizmə qarşı daha əsaslı mübarizə apara bilərik.
İkinci məsələ Ekspert Şurası ilə bağlıdır. Layihədə göstərilir ki, informasiya məhsullarının yaşa görə təsnifatlandırılması ekspertlər tərəfindən həyata keçirilir. Ekspert rəyindən narazı qalan informasiya məhsulunun istehsalçısı və ya yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı Ekspert Şurasına şikayət verə bilər. Təklif edirəm ki, Ekspert Şurasının səlahiyyətləri tam olaraq bu qanunda əksini tapsın. Onda Şura daha müstəqil olar. Çünki onun çıxardığı qərarlar çox vacibdir. Yoxsa günlərin birində informasiya məhsulunun istehsalçısının, yaxud yayıcısının təkidi ilə uşaqlarımız zərərli məlumatlarla hətta praym-taym vaxtında belə tanış olacaqlar".
Sabaha-inamla.az


Baxış sayı: 665


Bölməyə aid digər xəbərlər