Bütün xəbərlər
ÜMUMMİLLİ MƏFKURƏMİZİN ATASI -Ramiz QASIMOV
Tarix: 10-05-2020 22:35 | Bölmə: Siyasət
Azərbaycan tarixi Heydər Əliyevin bənzərində hələ bir şəxsiyyət yetirməyib. Ulu Öndər Heydər Əliyev ən çətin zamanlarda ən çətin sınaqlardan xalqını, ölkəsini öz müdrik, uzaqgörən qərarları ilə üzü ağ çıxarmağa qabil bir fenomenal şəxsiyyət kimi əbədiləşib. Böyük Xilaskar kimi özünü təsdiq edən dahi şəxsiyyət həm də Azərbaycan xalqının yeni əsrdə yeni inkişaf strategiyası və müstəqillik təliminin yaradıcısıdır. Ümummilli lider Heydər Əliyev eyni zamanda Azərbaycan xalqının ümummilli ideologiyası olan Azərbaycançılıq məfkurəsinin banisidir. Onun zəngin, çoxcəhətli və ölkəsinin inkişafına həsr olunmuş həyat və fəaliyyəti gələn hər yeni nəsillər üçün bir vətəndaşlıq məktəbi, dövlətçilik təlimidir.
Görkəmli elm adamı və ictimai xadim akademik Ramiz Mehdiyev dahi liderin ictimai mövqeyi ilə bağlı yazırdı: “Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Tanrının və taleyin hökmü ilə müstəqil dövlətimizin ən müasir tarixi də məhz belə liderin adı ilə bağlıdır və dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti ilə, rəhbərliyi ilə yazılıb. XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik”. Bu cəhətdən Azərbaycanı müdrik və qətiyyətli addımları ilə dağılmaqdan xilas edən Heydər Əliyev öz şəxsi həyat təcrübəsi ilə milli vətəndaşlıq təliminin əsasını qoymuşdur. Azərbaycançılığın milli məfkurə, ümummilli ideologiya kimi bitkinləşməsi və formalaşması da məhz dahi şəxsiyyət Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Bu mənada Azərbaycan xalqının milli ideologiyası olan Azərbaycançılıq məfkurəsinin müəllifi və banisi məhz ümummilli lider Heydər Əliyevdir. Tamamilə doğru ifadə edilib ki:“Azərbaycançılıq anlayışı milli siyasi müstəvidə özünün ən yüksək ifadəsini ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində tapa bilmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyev çoxəsrlik tariximizdə ilk dəfə olaraq Azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyası səviyyəsində çatdırmağa nail olmuşdur. Böyük və uzaqgörən siyasətçi Heydər Əliyevin apardığı müdrik siyasətin nəticəsində artıq Azərbaycançılıq dünya azərbaycanlılarının vahid milli amalına çevrilmişdir”  (Akademik İsa Həbibbəyli). Bütün gerçəkliyi ilə demək olar ki, milli idolologiya kimi formalaşmış Azərbaycançılığın müddəa və tezislərinin müəllifi məhz ulu öndər Heydər Əliyevdir. Onun müdrik və uzaqgörən fikirləri bu ideyanın əsas məğzi, mənası və müddəalarını təşkil edir. Əbədiyaşar lider Heydər Əliyev deyirdi:“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz ən əsası Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənlərini yaşatmalıyıq”. Dahi liderin: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”                                                   fikirləri Azərbaycançılığın təməl prinsipi, “kəlmeyi-şəhadəti” kimi səslənir. Müdrik və uzaqgörən rəhbərin: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – müdrik kəlamı Azərbaycançılıq ideologiyasının məzmunu, məğzi, miqyası, parametrləri və atributları, azərbaycanlı və Azərbaycançı vətəndaşın vəzifələri, məqsədi, ideyasınının müfəssəl, proqram xarakterli manifestidir.
Dahi liderin şəxsiyyəti xalqımızın ümummilli məsələlərinin təcəssüm və hərəkət xəritəsidir. Ümummilli lidеrimiz öz şəxsiyyəti ilə vətənçilik, vətəndaşlıq, azərbaycanlılıq və Azərbaycançılıq kimi vacib ümummilli xaraktеrin idеal daşıyıcısıdır. Onun vətəndaşlıq nümunəsi böyük təlim-tərbiyə mənbəyidir. Təsadüfi deyilmir ki, Heydər Əliyev ən ideal vətəndaş, bütün zamanların ən böyük azərbaycanlısı və Azərbaycançısıdır. Dahi rəhbər Heydər Əliyev həm də öz uzaqgörənliyi və müdrikliyi ilə dünya azərbaycanlılarının həmrəylik ideyasının müəllifi və onun lideridir.
Müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbayançılıq məfkurəsinin ilkin müəddəasını, məğzi və mahiyyətini Vətənə məhəbbət və sədaqət təşkil edir. Vətənçilik Azərbaycançılıq məfkurəsinin əsas şərtidir. “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycandır”, - dahiyanə fikrinin məğzini məhz vahid, müstəqil Azrbaycana sevgi və sədaqət təşkil edir. Azərbaycan bir vətən kimi müqəddəs mənasını məhz bu görkəmli şəxsiyyət və ideal vətəndaşın fikir və nümunəvi sevgisində tapır. Ümummilli liderimiz Heydər Əliyev öz dərin, yığcam ibarəsi ilə: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, - deyərək azərbaycanlılığın və Azərbaycançılığın məğzini ifadə etmişdir. Dili, dini, milli dəyərləri, adət-ənənələri, ümumən milli düşüncəsi və davranışı ilə müəyyənləşən azərbaycanlılığı Ulu Öndər ən müəkəmməl və ideal örnək olaraq öz şəxsində, şəxsiyyətində təcəssüm etdirirdi. Dahi lider azərbaycanlılığın qarşısında ən böyük vəzifə və məqsədi müstəqillik, azadlıq və bütövlük üzərinə müəyyənləşdirmişdir:“Hər bir vətənpərvər adam millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur”
Dahi rəhbərin zəngin, müdriklik dolu fikirlərində Azərbaycan müqəddəs vətən, qibləgah və səcdəgahdır. Bu böyük insanın qüdrətli xaraktеr və şəxsiyyətinin məzmununda, fəaliyyət təhrikində müstəqilliyi əbədi və dönməz оlan bütöv, böyük Azərbaycanın konturları çulğaşıb. Fikrimizcə, Heydər Əliyevin ömür yolu, həyat fəaliyyəti və fikir ümmanında Vətən qibləsinə durub Azərbaycan adlı Tanrıya səcdə edən, iman dolu sözlərini imanla ifadə edən vətən qazisinin ibadəti görünür. Bu mənada doğru deyilib ki: “Heydər Əliyev əsl ümummilli lider, azərbaycanlıların mənəvi atası”dır. Bu mənada Ulu Öndər Heydər Əliyev həm də dünya azərbaycanlılarının həmrəyli ideyasının təşkilatçısı və təminatçısıdır. Müdrik liderin siyasi kursunun uğurlu davamçısı olan cənab İlham Əliyevin:“Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idi” kimi fikirləri Azərbaycançılıq ideologiyasıın mükəmməl şərhini təqdim edir.
Beləliklə, birmənalı və qətiyyətli qənaətdir ki:“Heydər Əliyev ...Azərbaycançılıq dövlət ideologiyasının yaradıcısıdır”  (İ.Həbibbəyli). Çünki Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyev fenomeninin misilsiz xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyev zəngin və çoxcəhətli təcrübəsi və bilikləri ilə Azərbaycançılıq ideologiyasının yetkinləşməsinə xidmət etmiş, siyasi cəhətdən bitkinləşməsi və ümummilli ideologiya olmasında əvəzsiz xidmətlər göstərmişdir. Ümummilli lidr Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin ideoloqu və dünya azərbaycanlılarının əbədi lideridir. İndi bu ideologiyanın daha da möhkəmlənməsində cənab İlham Əliyevin dövlətçilik təlimi mühüm rol oynayır. Bu təlim milli dövlətçiliyimizin əsasını təşkil edən bir təlimdir. Uğurla həyata keçirilən bu təlim Azərbaycançılıq və milli dövlətçilik təlimi olaraq ölkəmizin – Azərbaycanın bir Günəş kimi parlamasına xidmət edir və ona əbədiyaşarlıq qazandırır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
filologiya üzrə fəlsəfə doktoru, dosent



Baxış sayı: 432


Bölməyə aid digər xəbərlər