Bütün xəbərlər
MÜQƏDDƏS AMALLARIN CARÇISI - ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏ
Tarix: 06-04-2020 01:11 | Bölmə: Siyasət
Təkcə ölkəmizdə deyil, bütün dünyada sülhün bərqərar edilməsində, tolerant dəyərlərin püxtələşməsində, yüksək amalları özündə ehtiva etmiş mənəvi dəyərlərin mühafizə edilməsində və bu qəbildən olan ülvi dəyərlərin təbliğində mühüm xidmətlərə imza atmış Şeyxülislam Hacı Allahşükür Paşazadənin dini-ictimai fəaliyyəti təqdirəlayiqdir. 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinə şərəflə rəhbərlik edən Şeyxülislam Hacı Allahşükür Paşazadə beynəlxalq arenada millətimizin sülhməramlı və tolerant niyyətini təbliğ etmiş, bu dəyərlərin qorunub saxlanılması üçün əlindən gələni əsirgəməmişdir. Beynəlxalq arenada dini-ictimai xadim kimi böyük nüfuza malik olan Allahşükür Paşazadə Qafqazda vahid təhlükəsizlik sisteminin yaradılması işində böyük işlərə imza atmışdır. Dini, elmi və ictimai müstəvidə paralel fəaliyyət göstərən Allahşükür Paşazadənin böyük səyi nəticəsində ölkəmizdə dini dəyərlər tolerant səpkidə istiqamətləndirilmişdir. İslam dininin incəliklərinə dərindən bələd olan A. Paşazadənin dini-elmi yaradıcılğı beynəlxalq səviyyədə də nüfuzlu mənbə kimi qəbul edilmişdir. Hələ gənc yaşlarından məsul vəzifələrdə çalışan A. Paşazadə öz öhdəsinə düşən bütün işləri layiqincə yerinə yetirmiş, milli və bəşəri dəyərlərlə daim sadiq qalmışdır. Bu müqəddəs amal uğrunda apardığı mübarizədə qarşısına çıxan bütün çətinliklərə mərdliklə sinə gərmişdir. Xeyirxah və təmiz qəlbli bu ruhani rəhbərin ömür yolu bizlər üçün bir örnək olmalıdır. İctimai-siyasi həyatda islam həmrəyliyi prizmasından çıxış edən A. Paşazadə beynəlxalq aləmdə dinlərarasında sülhün və həmrəyliyin yaradılması üçün böyük səy göstərmiş, gərgin münaqişlərə tolerant və obyektiv münasibət bildirmişdir. Mürəkkəb ideoloji çərçivələrdə meydana gələn irqi və dini qarşıdurmaların sülh və əmin-amanlıq yolu ilə həll edilməsində mühüm xidmətlərə imza atmış Allahşükür Paşazadə hər zaman müqəddəs amallarla yaşayıb-yaratmışdır. A. Paşazadə müdrik el ağsaqqalı kimi taleyüklü məsələlərin müzakirə edilməsi zamanı daim insanpərvər mövqe nümayiş etdirilməsi ilə diqqəti cəlb etmişdir. A. Paşazadənin genişmiqyaslı və çoxşaxəli fəaliyyətini əks etdirən sanballı tədqiqat işləri yazılmış, bu tədqiqat işlərində Şeyxülislamın şərəfli həyat yolu obyektiv bir şəkildə işıqlandırılmışdır. Mənsub olduğu xalqı dərin bir məhəbbətlə sevən Şeyxülislam Hacı Allahşükür Paşazadə ictimai-siyasi sferada müqəddəs amalların carçısı kimi tanınmışdır. A. Paşazadə hələ sovet hakimiyyəti illərində kommunist rejminin yürütdüyü ədalətsiz siyasətə qarşı çıxmış, ölkəmiz müstəllik əldə etdikdən sonra isə beynəlxalq kürsülərdə İslamın yüksək amallarla ehtiva olunduğunu dünya ictimaiyyətinə bəyan etmişdir. 40 il ərzində Qafqaz Müsəlmanları İdarəsi kimi nüfuzlu dini quruma sədrlik edən A. Paşazadənin gərgin fəaliyyəti nəticəsində ölkəmizdə dini dözümlülük ideyaları geniş vüsət almışdır. Müasir dövrdə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində, bu münasibətlərin düzgün məcrada axmasında, dövlət və din arasındakı əlaqələrin humanist və tolerant oriyentasiyada inkişafında A. Paşazadənin oynadığı rolu qeyd etmək də yerinə düşərdi. Nümunəvi əxlaqi davranışı ilə seçilən A. Paşazadənin zəngin mənəviyyatında xalqımızın milli mənəvi dəyərləri və islam dinin ülvi prinsipləri təcəlli tapmışdır. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının, mental dəyərlərimizdə özünə kök salmış dini dözümülülüyün dünya arenasında təbliğində önəmli işlərə imza atmış A. Paşazadənin dünya ictimaiyyəti qarşısındakı sarsılmaz nüfuzu onun sülhməramlı, ədalətli və humanist fəaliyyəti ilə sıx əlaqədardır. P.S cəmiyyət arasından təcrid olunmuş insanların atdığı çamur layiqli insanlara yapışmaz. Şeyxülislama, Azərbaycan cəmiyyəti, ölkə rəhbərliyi, dünyanın tanınmış din xadimləri və ziyalıları hər zaman yüksək qiymət vermişdir.
Əlisoy Aqil Arif oğlu
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi


Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər