Bütün xəbərlər
Bu, ən maraqlı parlament seçkisi kimi tarixə düşə bilər...
Tarix: 05-12-2019 17:30 | Bölmə: Siyasət

                 .Bu, ən maraqlı parlament seçkisi kimi tarixə düşə bilər...

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev ölkədə növbədəkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Sərəncama əsasən ölkədə Milli Məclis buraxıldı və yeni seçkilər fevralın 9-da keçiriləcək. 
Parlamentin buraxılması ölkədə tarixi bir hadisədir. 
“Qafqazinfo” xəbər verir ki,  Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə  bağlı ölkə başçısına çağırışından sonra, cəmiyyət artıq yeni seçkiyə köklənib.
Seçki ab-havası həm sosial şəbəkələrdə, həm də ictimaiyyətdə hiss olunmağa başlayıb. Artıq sosial şəbəkələrdə müxtəlif spektrlərdən  olan insanlar seçkiyə gedəcəklərini açıqlayıblar. 
Bu da onu göstərir ki, VI çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanda ən aktiv parlament seçkisi kimi yadda qalacaq.  
V çağırış parlamentin vaxtından əvvəl buraxılması onunla əsaslandırılmışdı ki, Milli Məclis aktiv fəaliyyət göstərmir, ölkədə gedən proseslərə adekvat deyil və həyata keçirilən islahatlarla ayaqlaşmır. Yeni  tələblərə cavab verəcək qanunverici orqanının formalaşması zərurəti yarandığına görə, növbədənkənar seçkilərin keçirilməsi qərara alınıb.  
Ölkə başçısı da belə bir sərəncam verməklə, artıq yeni seçkilərin startını vermiş oldu. Bununla da, Prezident ölkədə aparılan islahatların sözdə deyil, əməldə olduğunu göstərdi. Son bir neçə ayda həyata keçirilən islahatların sanki kulminasiya nöqtəsi növbədənkənar seçkilərin təyin edilməsi oldu. 
Bu seçkilərin ölkə tarixində analoqsuz bir seçki olacağı gözlənilir. Artıq bir sıra siyasi təşkilatların nümayəndələri seçkiyə qatılacaqlarını elan ediblər. Hələlik isə gözləmək, maraqla prosesi izləmək, seçki marafonunda aktiv olmaq tələb olunur.  Seçkidə iştirak etmək üçün yaş limiti də 18 olduğu üçün gənclərin də bu seçkidə aktiv iştirak edəcəkləri gözləniləndir. Bu da seçkidə çox böyük rəqabət mühiti yaradacaq. 
Qeyd edək ki, seçki ilə bağlı proqramı Mərkəzi Seçki Komissiyası elan etməlidir. Bundan sonra, imza toplanılması, namizədlərin qeydə alınması, təbliğat-təşviqat kimi bir sıra məsələlər ardıcıllıqla baş tutacaq.


Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər