Bütün xəbərlər
Xınalıqda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalı keçirilib - REPORTAJ
Tarix: 07-09-2019 01:21 | Bölmə: Reportaj

                                       

Sentyabrın 6-da Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib.
''Report'' xəbər verir ki, açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və media nümayəndələri iştirak edib.
Sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını nümayiş etdirəcək və müxtəlif master-klasslar keçirəcəklər.
Layihə rəhbəri Sitarə İbrahimova jurnalistlərə bildirib ki, Xınalıq kəndində ötən il də ''workshop''lar keçirilib: ''Bu il üçün isə daha böyük layihə etmək istədik. Ötən ilin noyabr ayından bu layihənin üzərində işləyirik. Məqsəd Xınalıq, Qrız və Cek kəndlərinin əhalisinin turizm potensialının daha da artırılmasına çalışmaqdır. Bir ay əvvəldən tanınmış rəssamlar və memarların iştirakı ilə uşaqlara ''workshop''Iar keçirilib. Yəni ''VarYox'' komandası bir aydır ki, burada fəaliyyət göstərir. Buradakı insanlar daha çox toxuculuqla və dağlardan müxtəlif çaylar toplayıb satmaqla məşğul olurlar. Biz də onlara topladıqları çayı, toxuduqları məhsulları turistlərə təqdim etməyə yardımçı olduq. Həmçinin yerli sakinlərin dünya görüşünü artırmağa çalışdıq.
Layihə çərçivəsində uşaqlara ingilis dili, teatr, foto dərsləri və 12 uşağın iştirakı ilə foto müsabiqə keçirilib. Müsabiqə iştirakçılarına isə fotokameralar hədiyyə edilib. Həmçinin müsabiqə üçün çəkilən fotolar satışa çıxarılıb. Eyni zamanda insanlara müxtəlif bəzək əşyalarının düzəldilməsi öyrədilib. Ümumilikdə layihə ərzində ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka baş tutub ki, bu da hazırladıqları məhsullardan daha çox gəlir əldə etmək məqsədi daşıyır''.
Sitarə İbrahimova bildirib ki, uşaqların teatr anlayışı barədə məlumatları olmayıb: ''Burada onlar teatr barədə məlumatlar toplayıb və festival günləri ərzində öyrəndiklərini nümayiş etdirəcəklər. Bundan əlavə, onlar üçün yoqa, meditasiya “workshop”ları və açıq havada kino nümayişi təşkil olunub. Ümumilikdə insanların sosiallaşması üçün işlər görürlür''.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, layihənin məqsədi incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etməkdir: ''Eyni zamanda buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsullarını yaratmaqdır. Bugünkü festival üç həftənin nəticəsidir. Avqustun 16-dan başlayan layihə müddətində azərbaycanlı və xarici sənətkarlar Xınalıq kəndində məskunlaşıblar, mədəniyyət və incəsənət nümunələri yaradıblar. Həm sənətkarlıq, həm də Xınalıq xalqının yerli icması gələn qonaqlarla birlikdə festivalı ərsəyə gətirdi''.
Layihə çərçivəsində yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçirilib.
Qeyd edək ki, “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi “Dağların başı” layihəsinin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi edir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalıq kəndini turizm mərkəzinə çevirmək üçün böyük konsepsiya hazırlandığını bildirib: ''Konsepsiya hazırlandıqdan sonra Prezident İlham Əliyevə təqdim ediləcək. Konsepsiya təsdiq edildikdən sonra Xınalıqla bağlı çox böyük işlər görüləcək və turistlərin göstərdiyi maraq daha da artırılacaq". Gələcəkdə də qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu növ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. 

                          




Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər