Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Tarix: 05-07-2019 20:31 | Bölmə: Reportaj

           

İyulun 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə istedadlı jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş konfrans keçirilib.
Trend-in məlumatına görə, mərhum jurnalistlə bağlı “Son zəng” kitabının da təqdim olunduğu toplantıda qələm sahibinin əzizləri, dostları və həmkarları iştirak ediblər.
Toplantıda çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Z.Müqabiloğlunu özünə xas yaradıcılıq üslubu olan jurnalist kimi xarakterizə edən cəhətlərdən söz açıb. Ə.Amaşov bildirib ki, ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrində çalışmış Z.Müqabiloğlu özünün zəhmətkeşliyi ilə yanaşı, həm də vətənpərvərliyi ilə də nümunə olub. “Mərhum həmkarımız Vətən, torpaq niskilini də qəlbində daşıyan biri idi. Bu cəhət onun yaradıcılığına da təsir göstərirdi. Zabil həm də ictimai-siyasi proseslərə məxsusi yanaşma tərzi ilə də seçilirdi. Əlbəttə, dostlarının, həmkarlarının nəzərində o, qayğıkeş, səmimi biri idi. Zabilin yoxluğu həqiqətən böyük itkidir”, - deyə deputat əlavə edib.
Çıxış edənlər Z.Müqabiloğluna həsr olunmuş kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirərk bu qədirbilənliyi jurnalistin ruhuna ehtiram nümunəsi kimi dəyərləndirdilər. Onlar jurnalistin həyat yolu ilə bağlı fikirlərini, xoş xatirələrini bölüşdülər.
Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 2017-ci il fevralın 26-da dünyasını dəyişib.


Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər