Bütün xəbərlər
YUNESKONUN ÜMUMDÜNYA İRS KOMİTƏSİNİN BU GÜN BAKIDA KEÇİRİLƏN 43-CÜ SESSİYASI HAQQINDA
Tarix: 30-06-2019 15:38 | Bölmə: Reportaj
Ermənilər Şəkinin Azərbaycan şəhəri, şəkililərin Azərbaycan türkləri olmadıqlarını, sübut etmək üçün dəridən-qabıqdan çıxmaqdadırlar

Bilirsiniz ki, bu gündən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda Konqres mərkəzində işinə başlayır və bu mühüm tədbir iyulun 10-dək davam edəcək. Təbii ki, xəbərlərdən bunu izləyirsiniz və izləyəcəksiniz, lakin mən həm də özüm üçün mühüm olan bir məqama diqqətinizi cəlb etmək istəyirəm.
Azərbaycan dövləti bu dəfə təkrarən Şəkinin Xan Sarayının, şəhərin tarixi mərkəzi (Qoruq hissəsi) ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi haqqında təklifini vermişdir. Xatırladım ki, indiyədək Azərbaycanın iki maddi irs nümunəsi bu siyahıya daxil edilmişdir. Onlardan biri "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, digəri isə "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" abidəsidir.
Bu sessiyada Şəkinin Xan Sarayının, şəhərin tarixi mərkəzi (Qoruq hissəsi) ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilərsə, bunun Azərbaycan üçün, xüsusilə biz şəkililər üçün nə qədər əhəmiyyətli və qürurverici olacağını izah etməyə məncə, ehtiyac yoxdur.
Bu həm də ona görə vacibdir ki, son dövrlərdə ermənilər Şəkinin Azərbaycan şəhəri, şəkililərin Azərbaycan türkləri olmadıqlarını, beləliklə də burada mövcud olan yüksək mədəniyyətin və sənətkarlığın Azərbaycanla heç bir əlaqəsi olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Gələcək məqsədləri nədir - bunu təkcə özləri bilərlər!
Təsadüfi deyil ki, iki gün bundan qabaq Bakıda Milli Tarix Muzeyində "Şəki: İrsimizi yaşadan ulu diyar" adlı möhtəşəm bir sərgi açıldı və orada nümayiş olunan eksponatların 80 faizi ilk dəfə nümayiş etdirilir! Sərgidən hazırladığım 1 saatlıq filmin montajı bitmək üzrədir və yəqin ki, bu gün gecə saatlarında həmin filmi görəcəksiniz.
Yeri gəlmişkən, təkcə ötən ilin yayında Şəkinin "Yuxarıbaş Qoruq hissəsi"ndə yerləşən 23 abidə, muzey, ev muzeyi, tətbiqi sənət ustaları, Qoruğun təbiəti və məşhur məhəllələri haqqında 23 qısa video film çəkib Yutubda, Feysbuk hesabımda və "İncəsənət xalqa məxsusdur" adlı səhifəmdə yerləşdirmişəm. Artıq Şəki haqqında filmlərimin sayı otuzu keçib. Maraqlananlar Yutubdakı "Etibar Aliyev" adlı səhifəmdə həmin filmlərə HD keyfiyyətində baxa bilərlər.
Sessiyanın gedişini müntəzəm olaraq izləyəcəyəm və yəqin ki, xoş xəbəri də ilk olaraq məndən eşidəcəksiniz.
ETİBAR ƏLİYEB
Sabaha-inamla.Az
Bakı, 30 iyun 2019-cu il




Baxış sayı: 672


Bölməyə aid digər xəbərlər