Bütün xəbərlər
Məşhurların övladları - Əli Nağıyevin menecer oğlu - FOTOLAR
Tarix: 24-06-2019 00:48 | Bölmə: Reportaj
              

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 
 Budəfəki təqdimatımız Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Əli Nağıyevin oğlu İlham Nağıyev barəsindədir...
Son günlər Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəis kimi adı medianın gündəmindən düşməyən Əli Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
O, əməliyyat işçisi vəzifəsindən - leytenantlıqdan başlayaraq xüsusi xidmət orqanlarında işləyib. Bu dövlət orqanında əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, müavin səviyyəsinədək yüksəlib.
Bir müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri olub.
2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı sərəncamla ona general-mayor hərbi rütbəsi verilib.
Ə.Nağıyev 11 aprel 2011-ci il tarixində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) vəzifəsindən azad edilmişdi. O zaman onun sabiq MTN rəhbəri Eldar Mahmudov tərəfindən həmin sistemdən uzaqlaşdırıldığı heç kimə sirr deyildi. Ekspertlər Əli Nağıyevin peşəkarlığı ilə Eldar Mahmudova mane olduğunu bildirirdilər. 



Bununla belə, ölkə rəhbərliyi general Nağıyevə etimad göstərməkdə davam etdi və MTN-dən uzaqlaşdırılandan elə bir ay sonra - 2011-ci ilin mayında Əli Nağıyev yeni vəzifəyə təyin edildi.  
12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu.
Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixli sərəncamı ilə isə general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, 8 il Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışdı.
Əli Nağıyevin adı Azərbaycan xüsusi xidmət məktəbinin peşəkar nümayəndələrindən biri kimi, DTX rəisi vəzifəsinə namizədlər arasında ön sırada çəkilirdi.
Nəhayət Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini postundan azad olunan general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.
Vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş və nazir müavini vəzifəsinədək yüksəlmiş Əli Nağıyev kimi peşəkar zabitin yenidən xüsusi xidmət orqanın rəhbərliyinə qaytarılması sabiq “çekistlər” tərəfindən də yüksək qiymətləndirildi.



Əli Nağıyevin oğlu İlham Nağıyev mediaya az-çox tanışdır. Çünki bir müddət Təhsil Nazirliyində çalışmaqla medianın önünə çıxmalı olub.
İlham Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulub. 2004-də Bakı şəhərindəki 43 saylı məktəb-lisey kompleksini bitirib.
2004-2009-da Azərbaycan Dövlət İqtisad Universitetində Biznes inzibatçılığı üzrə bakalavr təhsili alıb.
2005-2006-cı illərdə SOAS London Universitetində Biznes idarəçiliyi və menecment ixtisası üzrə kurs keçib.
2010-2012-də Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi üzrə MBA təhsili alıb.
İlham Nağıyev 2010-cu ilin iyul ayından “Connekt”  şirkətində həmtəsisçilərdən biri olub. 
2008-ci ilin mart ayından 2013-cü ilin avqustunadək “Odlar Yurdu Organisation” şirkətinin rəhbərliyində çalışıb.
İyun 2013 - avqust 2016-cı il aralığında “Baku United FC” futzal klubunun prezidenti vəzifəsini tutub.
Daha sonra dövlət qulluğunda çalışıb. Belə ki, 2013-cü ilin sentyabr ayından 2015-ci ilin noyabrınadək Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini vəzifəsində işləyib.
2015-ci ilin noyabrında nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyinat alan İ.Nağıyev 2016-cı ilin sentyabrınadək bu vəzifədə çalışıb.
İlham Nağıyev 2016-cı ilin noyabrından hal-hazıradək “BINE AGRO” şirkətində Müşahidə Şurasının sədri postunu tutur


Baxış sayı: 1 468


Bölməyə aid digər xəbərlər