Bütün xəbərlər
Mübariz Mənsimov Azərbaycana nə dərəcədə bağlıdır? - Deputat RƏYLƏRİ
Tarix: 05-06-2019 09:42 | Bölmə: Reportaj
                            

Xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamları, varlı biznesmenlərə Azərbaycan ictimaiyyətində birmənalı münasibət yoxdur. Səbəb onların vətən üçün etdiklərinə bağlıdır.  Onlar arasında Azərbaycan üçün mühüm işlər görənlər də var, yalnız öz maraqlarını qoruyanlar da.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov ölkəmizdə də yaxşı tanınır. “Palmali” Şirkətlər Qrupunun sahibi 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənclik illəri maddi baxımdan elə də əlverişli keçməsə də, M.Mənsimov 3 nəfər dostu ilə birlikdə balıqçı gəmisi kirayəyə götürərək, öz işini qurmağa başlayıb. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu isə 1998-ci ildə Türkiyəyə gətirib.
Məşhur milyarderin doğulub boya-başa çatdığı ölkəyə - Azərbaycana, öz xalqına nə dərəcədə can yandırdığını azərbaycanlı deputatların dilindən eşidək... Millət vəkilləri onu necə tanıyırlar?
Deputat Rasim Musabəyov Modern.az saytına xatırladıb ki, Mübariz Mənsimov Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen kimi işini qurub. O düşünür ki, M.Mənsimovun əsas işi biznesini inkişaf etdirmək, bu sahədə irəliləməyə çalışmaqdır:
“Yəni Azərbaycanı dünyaya tanıtmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək onun vəzifəsi deyil. Bu iş mətbuatımızın, Azərbaycan diasporunun üzərinə düşür. Ola bilər, Mübariz Mənsimov müəyyən humanitar layihələrlə azərbaycanlılara dəstək versin. Amma onun Azərbaycanı təbliği haqqında nə isə deməkdə çətinlik çəkirəm".




Deputat Fazil Mustafa
 isə bu məsələ ilə bağlı konkret bir şəxsin simasında fikir bildirməkdə çətinlik çəkir:
“Konkret kimlərinsə fəaliyyətini qiymətləndirməyi düzgün hesab etmirəm. Çünki xaricdə yaşayan azərbaycanlılardan kimlərin hansı sahədə, hansı istiqamətdə işlər gördüyü barədə məlumatlı deyiləm. Mətbuatda çox zaman bu məqamların işıqlandırılması reklam xarakteri daşıyır. Ona görə, sözügedən mövzuda bilgi yetərsizliyi hiss edirəm. Amma hesab edirəm ki, xaricdə yaşayan hər hansı azərbaycanlının fəal olması müsbət addımdır. Humanitar məsələlərin, xaricədə təhsil alan azərbaycanlılarla bağlı layihələrin işlənməsi, hətta Azərbaycan cəmiyyətinə müəyyən mesajların ötürülməsi təqdirəlayiqdir.
Azərbaycanda diaspor işi bir qədər çətindir. Çünki kim irəli çıxırsa, xarici ölkədə hansısa addım atmağa çalışırsa, hər kəsdə bir növ şübhə elementi baş qaldırır. Hər kəsin əməlində hansısa mənfi xüsusiyyəti qabartmağa çalışırlar. Amma biz insanların, eləcə də xaricdə yaşayan azərbaycanlıların müsbət addımlarını, onların müsbət işlərini qabartmağa can atmalıyıq. Dediyim kimi, konkret məlumatım olmadan bir fərd haqqında fikir söyləyə bilmərəm. Amma ümumilikdə düşüncəm budur”.
Deputat Tahir Kərimli isə Mübariz Mənsimovun humanitar addımlarını yüksək qiymətləndirir. O bildirib ki, “Palmali” şirkətinin rəhbəri xaricdə yaşasa da, Azərbaycanla nəfəs alır:
“Onun həm Türkiyədə yaşayan azərbaycanlılara dəstək olması, həm də ölkəmizdə bir çox insana əl tutması müsbət qiymətləndirilməlidir. Mübariz Mənsimov hətta Rusiyada azərbaycanlı jurnalist Fuad Abbasov təhqir olunanda da ona dəstək oldu. İnşa etdirdiyi gəmilərə azərbaycanlı liderlərin adlarını verir. O, həmçinin prezident İlham Əliyevin siyasətini də dəstəklədiyini dəfələrlə bəyan edib.
Mübariz Mənsimovu digər xaricdə yaşayan azərbaycanlılardan, diaspor nümayəndələrindən fərqləndirmək lazımdır. Məsələn, bu yaxınlarda “Rusiya neftinin atası” olan həmyerlimiz Fərman Salmanovun nəvəsi çıxış edərək, Vahid Ələkbərov və Rusiyada yaşayan digər həmyerlilərimizə müraciətini səsləndirdi. O, adlarını çəkdiyi azərbaycanlı biznesmenlərin Azərbaycanı Rusiyada təbliğ üçün iş görmədiyini diqqətə çatdırdı. Amma Mübariz Mənsimov həmin iş adamlarından seçilir. Dediyim kimi, o Azərbaycana bağlı insandır”. 


Baxış sayı: 708


Bölməyə aid digər xəbərlər