Bütün xəbərlər
Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır
Tarix: 10-05-2020 02:08 | Bölmə: Reportaj

(Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-cü ildönümü münasibətilə)

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır. Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Hər il 10 may tarixində Azərbaycan xalqı ən görgəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. Ümummilli liderin 93-cü doğum gününün yad edilməsi, özündən sonra böyük mənəvi irs qoymuş bu dahi şəxsiyyətin fəaliyyətinə nəzər salmağa imkan verir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. 1987-ci ilin oktyabrında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Azərbaycan xalqı 1993-cü ilin may-iyununda ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Daxili sabitliyin əldə edilməsi və qorunması istiqamətində yorulmadan çalışan Heydər Əliyev, 1993-95-ci illər ərzində daxili birliyi təmin edərək, ölkənin çiçəklənməsi prosesinin əsasını qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı. Çox çətin tarixi və geosiyasi təlatümlər dövründə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasını, və beləliklə də, gələcək nəsillər üçün təhlükəsiz neft siyasətinin aparılmasını təmin edən Heydər Əliyev, həm də çox istiqamətli tarazlaşdırılmış xarici siyasət konsepsiyasını formalaşdırdı. O, qonşu ölkələr olan Rusiya və İranla mehriban qonşuluq münasibətlərini inkişaf etdirməklə yanaşı, Qərb ölkələri ilə də bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi istiqamətində fəal siyasət yürütmüşdü. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dağlıq Qarabağın və digər bitişik 7 rayonun Ermənistanın işğalından azad edilməsi üçün bütün səylərini cəmləşdirən Heydər Əliyev, danışıqlar prosesində və bütün beynəlxalq tribunalarda Azərbaycanın haqqı səsinin dünya ictimaiyyətinə çatdırılması üçün yorulmadan çalışmışdır. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də cismən aramızdan getmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur. Ulu Öndər ruhən həmişə Azərbaycanladır...Bizimlədir...
Vəkil Rövşən Qasımov



Baxış sayı: 969


Bölməyə aid digər xəbərlər