Bütün xəbərlər
Deputat “toy biznesmenləri”ni hədəfə aldı: “Bu ağır gündə gözə dəymirlər”
Tarix: 21-04-2020 22:30 | Bölmə: Reportaj
               

COVİD-19 pandemiyasına qarşı mübarizə ön və arxa cəbhədə davam edir. Koronavirus infeksiyasının davam etdiyi dövrdə tətbiq edilən karantin bir çox insanları cəmiyyətə tanıtmaqdadır.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hazırkı situasiyanı şərh edərkən toy adətlərimizə də diqqət çəkib.
Komitə sədri Modern.az-a açıqlamasında öncə toy adətlərimizin əhəmiyyəti barədə danışıb:
“Azərbaycan xalqının adət-ənənələri sırasında ən başlıca yeri toy etmək, oğul evləndirib, qız ərə vermək tutur. Toy yeni bir ailənin təməlqoyma mərasimidir. Hətta mən deyərdim ki, övlad toyu görmək bizdə hər ata-ananın həyatının mənasına, mahiyyətinə çevrilib. Təsadüfi deyil ki, bir insan vaxtsız dünyasını dəyişəndə, ilk növbədə onun övladlarının toyunu görüb-görmədiyi soruşulur. "Hə" cavabını eşidəndə rəhmətə gedən haqqında “gözü dolu getdi” deyirlər. Bax, biz belə övlad sevən xalqıq...
Ta qədimdən toy ərəfəsi və sonrası bütün qohum-əqrəba toy evinə yığılar, yeni qurulacaq ailənin çatışmayanlarını müəyyən edər və hər kəs imkan daxilində yeni qurulan ailənin təməlinin möhkəm olması üçün maddi və mənəvi köməklik göstərərdi”.
 
“Toy biznesmenləri” gözə dəymir
 
Sadiq Qurbanov toy adətlərimizin bir oyuna çevrildiyinə təəssüf etdiyini də qeyd edib:
 
“Təəssüf ki, son illərdə toylar mahiyyətini dəyişib, bir növü rəqabət meydanına çevrlilib. Bəzi işbazlar isə bu tendensiyadan sui-istifadə edərək, münbit psixoloji mühit, saxta rəqabət mühiti formalaşdırıb, fundamental ailə dəyərlərinin zədələnməsi hesabına küllü miqdarda pul qazanırlar. Mən toy biznesini idarə edənləri, ölkə boyu sıralanan şadlıq saraylarını, restoranları nəzərdə tuturam.
Maraqlıdır, illik dövriyyələri çox böyük rəqəmlərlə ifadə olunan “toy biznesmenləri” xalqımızın bu ağır günündə niyə gözə dəymirlər? İndi onlardan soruşmaq lazımdır, belə çətin günlərdə koronavirusla mübarizədə dövlətə dayaq oldunuzmu, cənab Prezidentin dəstək çağırışlarına qoşuldunuzmu? İmkansız, aztəminatlı ailələrə yardım etdinizmi?”.
 

 
“El nə deyər” düşüncəsi…
 
Komitə sədrinin sözlərinə görə, "toy biznesmenlərinin” əksəriyyəti yoxa çıxıb:
 
“Müşahidələr belə deməyə əsas verir ki, “toy biznesmenlərinin” əksəriyyəti yoxa çıxıb. Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürən, ehtiyacı olanlara yardım kampaniyası aparan böyük restoran, şadlıq evi sahibləri barmaqla sayılacaq qədər azdır.
Necə deyərlər, hər işdə bir xeyir var. Fikrimcə, düşdüyümüz bu vəziyyət tələb edir ki, bir daha düşünüb-daşınaq, mövcud toy adət-ənənələrimizə yenidən baxaq. Toylarımızı əvvəlki məcrasına qaytaraq, xüsusən imkansız ailələri illərlə davam edən maddi-mənəvi çətinliyə salan mənasız bəhsəbəhsdən, “el nə deyər” düşüncəsindən xilas edək. Belə psixoloji mühitdən sui-istifadə edərək asan yolla böyük pullar qazanan, lakin xalqın ağır günlərində gözə görünməyən işbazlara da bundan sonra çox da fürsət verməyək. Siz nə düşünürsünüz?”.


Baxış sayı: 496


Bölməyə aid digər xəbərlər