Bütün xəbərlər
"APA özəl şirkətdir, burada "VURULMA" məsələsi yoxdur" - Vüsalə Mahirqızı ilə MÜSAHİBƏ / FOTOLAR
Tarix: 05-09-2019 03:53 | Bölmə: Müsahibə






“APA Group”un rəhbəri Vüsalə Mahirqızının Redaktor.az saytının "Qırmızı xətt" layihəsinə müsahibəsini təqdim edirik.
- Birbaşa mətləbə keçəcəm. Sözlə işləyən insan kimi, APA-nın bağlanması sizə görə, sözün bitdiyi an idi?
- Yox, qətiyyən. Sözün bitdiyi an, adamlar öləndə olur. Başqa heç bir an, sözün bitdiyi an deyil.
- Bəs, APA-nın yenidən bağlanma qorxusu varmı?
- Heç vaxt “heç vaxt” demək olmaz...
- APA bağlanan zaman sizi Feysbuk dostluğundan çıxaran insanlar oldu. Bunu necə qəbul etdiniz?
- Mənim yaddaşım kifayət qədər güclüdür, telefon və avtomobil nömrələrindən başqa yadımdan çıxan bir şey olmur. APA-nın fəaliyyəti yenidən bərpa olunandan sonra, bir neçə nəfər mənə dostluq göndərdi, xatırladım ki, bu adamlar zamanında mənim dostluğumda olublar. Bununla bağlı statusu da "facebook"da  özümə görə yazmadım. Nə mənim o adamlara ehtiyacım var, yəqin ki, nə də o adamların mənə ehtiyacı var. Onu bir mesaj olaraq yazdım, adamların həyatında həmişə yaxşı şeylər baş vermir. Təkcə işlə bağlı deyil, şəxsi həyatda da enmələr, qalxmalar ola bilər. Məşhur sözdü, düşüb qalxmayan bir Allahdı. Karyera, vəzifə müvəqqətidir, insanların dostluğu, münasibəti buna hesablanmamalıdır. Bəzən olur ki, vəzifədən çıxarılan insanlara qarşı hətta dostları, ailəsi belə anormal münasibət göstərir. Cəmiyyətdə “Filankəs vuruldu” fikirləri səslənir. Söhbət təkcə bizdən getmir. Dediyim kimi, bu, özəl şirkətdir, "vurulma" məsələsi yoxdur. İnsan bir gün gəldiyi kimi, bir gün də gedə bilir. Bu dünyada adamlar ölə bilirsə, həyat bitirsə, vəzifənin, işin, şöhrətin, pulun bitməsi niyə təəccüblü olmalıdır ki?
Yeri gəlmişkən, həmin adamların hamısını yenidən dostluğa qəbul etdim.
- Həmin proseslər vaxtı hansısa dostunuzun xəyanətilə üzləşdinizmi?
- Yox, heç bir formada. Dostlarımın sayı azdır. Onlar hər zaman yanımda olublar. Hesab edirəm ki, onlar "APA Group"un rəhbərinin yox, Vüsalənin dostlarıdır.

- İnsanın əqidəsi nə vaxt dəyişə bilər?
- Bu, xarakter məsələsidir, insanın ailə tərbiyəsi ilə bağlıdır. Hadisələrə baxış zaman-zaman dəyişə bilər. Bunu nə satqınlıq, nə də xəyanət hesab edirəm. 22 yaşlı Vüsalə Mahirqızının düşüncəsilə 40 yaşlı Vüsalənin düşüncəsi eyni ola bilməz. Eynidirsə, bu, anormallıqdır, inkişafdan dayanmadır. İnsanların hadisələrə, proseslərə baxışı, hətta özünə baxışı dəyişə bilər. Mənim üçün 22 yaşımda etdiyim hansısa hərəkət fədakarlıq, qəhrəmanlıq idi. Amma 40 yaşımdan baxanda düşünürəm ki, çox lazımsız hərəkət, gənclik çılğınlığı olub. Məsələn, buranı nəinki 10, hətta 3 il əvvəlki kimi idarə etmirəm. Yaş, təcrübə artdıqca bunlar baş verir. Xarakter məsələsi zamanla formalaşır. Burada mühitin, keçdiyin yolun, ailənin, hətta genetik kodların belə rolunun olduğunu düşünürəm. İnsan, bütün situasiyalarda, ləyaqətini qorumağı bacarmalıdır. Nə olmağından, nə baş verməyindən asılı olmayaraq, vəzifəli, vəzifəsiz adamın hadisələrə yanaşması bir olmalıdır. Hesab edirəm ki, əqidə dedikləri şey insanın qırmızı xəttidir. O, heç vaxt dəyişmir. Adamlar heç vaxt qırmızı xəttinin keçilməsinə icazə verməməlidir və kiminsə qırmızı xəttini keçməyə də özünə icazə verməməlidir.
- APA-nın bağlanması mediada boşluq yaratdımı?
- Azərbaycan mediasında olan hər bir qurumun özünəməxsus rəngi, informasiya axınında yeri var. “APA Group”, ona daxil olan media orqanları və əməkdaşlarının sayının çoxluğuna görə daha çox informasiya təminatı ilə məşğul olurdu. Ümumilikdə, heç bir qurum Azərbaycan mediasında böyük informasiya boşluğu yaratmaq qabiliyyətində deyil. Əsas olan, bu gün “APA Group”un fəaliyyət göstərməsidir.
- 2004-2019-cu illər ərzində Vüsalə Mahirqızı çox dəyişib?
- İnsanlara davranışımda, münasibətimdə statusumun məni dəyişmədiyini ətrafdakılar deyirlər. Amma düşüncəmdə, hadisələrə münasibətimdə, reaksiyalarda çox dəyişmişəm. İlk növbədə, mənim o vaxt və indiki informasiya bazamı, hadisələri təhlil etmə qabiliyyətimi, məlumatlılıq dərəcəmi müqayisə etmək olmaz. O vaxt az informasiyalı idim, indi isə çox. 2004-cü ildə olan baxışdan çox az bir hissə qalıb...

- APA bağlanandan sonra siyasi düşərgələrdən təkliflər gəldimi?
- Müəyyən təkliflər oldu, amma mən siyasətlə məşğul olmaq fikrində deyiləm, heç vaxt da belə fikrim olmayıb. Bu, heç bir formada siyasəti bilmirəm anlamına gəlmir. Siyasi proseslərin həm görünür tərəfini, həm də pərdə arxasını çox yaxşı bilirəm və təvazökarlıqdan uzaq da olsa, bu sahədə özüm qədər informasiyalı çox az adam tanıyıram. Amma mən menecerəm, sabah başqa bir təklif ola bilər, yenə də menecer kimi başqa sahədə fəaliyyət göstərərəm. Mənim işim bundan ibarətdir. Siyasətlə məşğul olmağın müstəvisi başqa yerdir. Siyasi partiyalar, parlament və digər yerlər...  Amma siyasət arzuladığım sahə deyil.
- Gələn il keçiriləcək parlament seçkilərində namizədliyinizi verməyi düşünmürsünüz?
- Gələn ilə çox var...
- Təcrübə göstərir ki, internet televiziyaları bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi TV-lər müstəvisinə keçə və ya özünü doğrulda bilmir. Siz APA TV-dən nə gözləyirsiz?
- Azərbaycanda son bir ildə sosial şəbəkələr arasında artım tempinə görə, ən yüksək yeri “Youtube” sosial şəbəkəsi tutur. Təkcə “Youtube”də deyil, bu gün “İnstagram” və “Facebook”da  görüntülü kontentlər sözlü kontentlərdən çox öndədir. Sosial şəbəkələrdə video görüntülərə şəkil və yazı ilə müqayisəolunmaz dərəcədə çox baxış olur. “Google” sosial şəbəkəsi üzərindən video kontentin axtarışları yazılı kontentin axtarışından daha çoxdur. Burada bir çox məsələlərin rolu var. Məsələn, canlı paylaşımların inandırıcılıq effekti daha yüksəkdir. Burada insanların özlərini hadisə yerində hiss etməsinin rolu var. Bu gün internet televiziyaları analoq TV-dən daha effektlidir. Söhbət internet televiziyasının hansı kontent üzərindən işlədilməsi və targetləmənin nə qədər doğru seçilməsindən gedir. Bu gün Azərbaycan ictimai rəyi üçün analoq televiziyası ilə eyni səviyyədə internet televiziyası yaradacaqsınızsa, bu, effektiv olmayacaq. Ona görə ki, artıq 8-9 analoq televiziya fəaliyyət göstərir və adamlar onlara baxır. İnternetdəki müzakirə mövzuları, siyasi debatlar insanların maraq dairəsinə uyğun seçilməlidir. İndiki nəticədən narazı deyiləm. Artıq APA TV-nin “Youtube” kanalının 248 000 abunəsi var. Bu, kifayət qədər böyük rəqəmdir. Media kontentinin işləməsi üçün artıq yeni peşələr var. Onlayn medianın aktivliyi ənənəvi olmayan peşələr gətirib – kontent, akkaunt menecerlər və s. Bizim media qurumlarında “Digital marketing”, yaxud PR, marketinq şöbəsi yoxdur. Xəbərin maraq dairəsi var və sosial şəbəkələr targetləmə imkanları yaradıblar. Düzgün hədəfləmə edib, sonra nəticəni ölçmək, nəticəyə uyğun kontent təqdim etmək lazımdır. Online media SEO qurulmadan uğuru inkar edir. “APA Group”da piar-marketinq şöbəsi formalaşdırmışıq. Mənim üçün hazırda prioritet həmin şöbənin inkişaf etdirilməsidir. Çünki jurnalist yazır, yazılanı tirajlamaq, hədəf kütləsini müəyyənləşdirmək məsələsi piar və marketinqin işidir. Bunun jurnalistikaya heç bir aidiyyatı yoxdur. Bu işlər görülsə, effektiv olacaq. APA TV yaxın 2-3 ay ərzində mediada ən çox danışılan proyekt olacaq.

- APA bərpa olunandan sonra, bəzi əməkdaşlar geri qayıtmadı. Sizcə, bunun səbəbi daha asan iş rejimi, yoxsa məvacib məsələsi idi?
- Bizim bəzi əməkdaşlarımız həmin müddət ərzində özlərinə başqa yerdə iş tapdılar. Bəzilərini dəvət etsək də, onlar fəaliyyətlərini məmur olaraq davam etdirmək istədiklərini bildirdilər, bəzilərini də biz çağırmadıq. Fasilədən əvvəlki dövrdə, bizimlə çalışan əməkdaşlarımızın 70-80%-i burada, bizimlədir.
- Apa.az, Kulis.az, Lent.az və Vesti.az. Bunlardan hansı sizə daha doğmadır?
- Təbii ki, APA.
- İnanırdız ki, ONA APA-dan güclü və daha doğma olacaq? Səhv etmirəmsə, belə bir açıqlamanız da var idi. Amma APA ONA-nı kölgədə qoydu. Səbəb nə oldu? 
- Səbəbi APA-nın fəaliyyətini bərpa etməsi oldu. ONA analitik informasiya mərkəzi kimi fəaliyyət göstərəcək. Bununla bağlı hazırlıq işləri gedir. Bu, daha çox biznes proyektidir. Analitik yazılar, bazar, marketinq, hətta siyasi mövzularla bağlı araşdırmalar olacaq. Satış məqsədli hesabatların hazırlanması da məqsədlər sırasındadır. Bununla bağlı hazırda iş gedir. Yəqin ki, yaxın 2-3 ay ərzində layihənin təqdimatını keçirəcəyik.
- APA bərpa olunduqdan sonra dəst-xəttində dəyişiklik oldumu?
- Heç bir dəyişiklik olmadı. Həmin xətt, həmin siyasətdir. Yenə hər kəsdən tez xəbər vermək, qarşı tərəfin mövqeyini işıqlandırmaq, eksklüziv xəbərlər, tədbirlərin işıqlandırılması və xəbər olan hər şeyə yer ayırmaq prinsipi aktualdır. 

 - Bu gün mediada bağlandıqdan sonra yenidən bərpa olan sayt demək olar ki yoxdur. Saytın uzunömürlü olmamasının səbəbi sizcə nədir?
- Hərəsinin müxtəlif səbəbləri var. Azərbaycanda bu qədər sayta ehtiyac yoxdur. Hansısa media qurumunun bağlanmasının tərəfdarı deyiləm. Əksinə, bütün həmkarlarımızın işləməsini, mediamızın rəngarəng olmasını istəyirəm. Təəssüf ki, saytlarımızın əksəriyyəti rəngarəngliklə məşğul deyil, aqreqator sayt kimi fəaliyyət göstərirlər. Onlar informasiya agentliklərinin məlumatlarını yığır, hərdənbir də sifarişçilərin yazılarını dərc edirlər. İnternet oxucusu artıq maraq dairtəsini müəyyən edib, ona uyğun yeni, konkret targetə hədəflənən saytlar yaratmaq olar. 10-15 il öncə internet yeni idi, internetdəki hər şey, yaradılan bütün internet media resursları maraqlı idi. Adamlar artıq internet davranışlarında peşəkarlaşıblar, öz maraq dairələrinə aid məlumatları oxumağa üstünlük verirlər. Məsələn, bizim yeni bir layihəmiz var – e-tibb.az. Həkim, aptek axtaran insanlar həmin sayta daxil olub, məlumat əldə edə, onlayn konsultasiyadan belə keçə biləcəklər. Təəssüf ki, bu gün “hərənin bir saytı olsun” yarışına keçilib. Bu gün müxalif, müstəqil, doğru xəbərlərin yeri məlumdur.
Bizim mediada çatışmayan konkret targetə hesablanmış məlumat və xidmət saytlarıdır. Belə təcrübə olub ki, konkret sahəyə aid sayt yaradılıb, lakin bir müddət sonra oxucu sayının azlığından şikayətlənib, saytı xəbər saytına çeviriblər. Saytların oxucu sayı ilə işləmə dövrü keçib. Söhbət oxucunun sayı yox, keyfiyyəti, saytda qalma müddəti, effektivliyindən gedir. Bir dəqiqə əvvəl yaranmış bir saytın xəbərini feysbukda 1 milyon üzvü olan səhifəyə atsaq, həmin sayt Azərbaycanda ən reytinqlilərdən biri olar. Sabah o səhifəyə saytdan xəbər ssılka edilməsə, unudulacaq. Söhbət sayta direkt girişdən, davamlılıqdan, auditoriyanın sadiqliyindən və brendin yaranmasından gedir. Azərbaycandakı saytların 90 faizi "sosial şəbəkə saytlarıdır", sabah nəzəri olaraq sosial şəbəkələr olmasa, kimsə o saytlara direkt daxil olub, xəbər oxumayacaq. Saytda milyonlarla girişi sponsora göstərə bilərlər. Mənim ilk sualım bu olur, "de görüm, o giriş hardan gəlib və necə əldə olunub?".
Sizə deyim ki, bizdə hələ bu sənaye peşəkar formada formalaşmayıb. Əksəriyyət hesab edir ki,  20 manat pul verib domen alıb, 400-500 manata da yeni başlayan bir gəncə "open source" kodlarla bir sayt hazırlatdılarsa, bu saytdır artıq. Normal strukturu olan, alt infrastrukturu doğru qurulmuş sayt hazırlamaq və fəaliyyətini təmin eləmək qəzet nəşr etməkdən çox bahalıdır. 70 000 dollar mətbəəyə pul ödəyib, 4-5 il qəzet çıxara bilərsiniz, lakin 70 000 dollara orta göstəricisi olan daxili şəbəkə sistemini ancaq qura bilərsiniz. Söhbət davamlı və təhlükəsizliyi təmin olunmuş saytdan gedir. Normal internet media resursunu çalışdırmaq üçün ən azı 7-8 nəfərlik İT komandasına ehtiyac var. İT mütəxəssisləri ən bahalı mütəxəssislərdir. Onların maaşı ayda 10 min manatlarla ölçülür. Bütün bunlar göstərir ki, print media ilə müqayisədə, onlayn media daha bahalıdır. Söhbət saytın effektli qurulmasından gedir. Yalnız APA-nın 1 milyon 800 minə qədər xəbər bazası var. Mən hələ burdakı foto arxivləri, video görüntü arxivlərini, daxili şəbəkələrin idarəetməsini, back-up sistemləri və s demirəm. Ona görə aşağı büdcəylə fəaliyyət göstərən saytlar bir müddət sonra bazalarını itirməyə məcbur olurlar. Effektivlik aşağı düşəndə də sponsor pul vermir, nəticədə sayt bağlanır.
- İkinci dəfə bağışlamaq niyə axmaqlıqdır?
- Çünki həyat bir adamı iki dəfə bağışlayacaq qədər uzun deyil...

- Bu gün peşəkar jurnalistlər yetişmir, yoxsa yetişdirilmir?
- Yetişir və yetişdirilir. Ümumiyyətlə, jurnalist yetişdirmək məsələsi çox çətin prosesdir. Bunun üçün ilk növbədə peşəkar jurnalist olmalıdır, sonra qarşıdakı tərəf bunu istəməlidir. Peşəkar jurnalist kimi yetişmək üçün illərlə vaxt lazımdır. Peşəkar jurnalist yaxşı yazı yazan, xəbər tapan jurnalist deyil, həmçinin yaxşı informasiya bazası olan jurnalistdir. Həmin şəxs azı 5-6 il işləməli, tədbirlərə getməli, konkret bir ixtisas üzrə işləməli və həmin ixtisas üzrə qəbul olmuş bütün normativ sənəd və aktları bilməli, prosesləri davamlı olaraq izləməlidir. Peşəkar jurnalist Bakı Dövlət Universitetində kitab oxumaqla olmur. Peşəkar jurnalist kimi yetişmək üçün praktika, zaman, həvəs və səbr lazımdır.
Bir məsələyə də toxunacam. Son zamanlar yaranan yeni qurumlara transfer olunanların əksəriyyəti media adamlarıdır. Adamlar bir müddət jurnalistika ilə məşğul olandan sonra daha perspektivli sahəyə gedirlər. Bu gün medianı perspektivli sahə etsək, onlar bütün ömürlərini öz peşələrinə həsr edərlər. Medianın yetişdirdiyi peşəkarlar mediadan qaçır... Bu gün demək olar ki, bütün mətbuat xidməti rəhbərləri jurnalistlərdir. Hətta digər sahələrə təyinat alanlar, xaricə gedib, iş tapan insanların xeyli hissəsi jurnalistdir. Onlar peşəkar deyillərsə, hara gedə bilirlər?! Sadəcə media çox ağır sahədir. 24 saat, fasiləsiz iş rejimi olan sahədir. Burada insanlara həyat şəraitini təmin etmək, sistem qurmaq çox çətindir. APA 24 saat işləsə də, burada bir iş bölgüsü var. Amma etiraf edək ki, bəzi qurumlarımız 7/24 rejimlə işləyir. Bu cür iş şəraiti zamanla insanları yorur. İnsan daha da peşəkar olmaq üçün istirahət etməli, oxumalı, gəzməli, öyrənməlidir.
- Dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin mətbuatla iş prinsipi sizi qane edir? Razı qaldığınız, ya da qalmadığınız məqamlar nələrdir?
- Son illər yaxşıya doğru dəyişiklik var. Mətbuat xidmətlərinə media təcrübəsi olan insanlar təyin olunur. Düşünürəm ki, son illər sosial medianın gətirdiyi gerçəklik fonunda mətbuat xidməti infrastrukturu, ictimaiyyətlə əlaqə və ictimaiyyətin məlumatlandırılması strukturları dəyişməlidir. Bəzi ölkələrdə nəinki özəl, hətta rəsmi qurumlar belə bu işləri ölkənin içində yaradılmış PR və menecer işiylə məşğul olan peşəkar şirkətlərə tapşırırlar. Bu işi görmək üçün peşəkar dizayner, marketoloq, PR menecer, kontent, akkaunt menecerlər olur. Bizim strukturlarda nazirliklər yanında müxtəlif qurumlar yaradırlar və o qurumların hər birində mətbuat xidməti vəzifəsi formalaşdırırlar. Yaxşı edirlər, amma əlavə olaraq ora insan yığırlar. Bu, əlavə ştat şişirtməsindən, işin idarə olunmaz formaya salınmasından başqa bir şey deyil. Bunu yığıb-yığışdırmaq mümkün deyil. Dünyada bunun praktikası var. Bir neçə media PR şirkəti yaradılır və tenderlər elan olunur, bu işlər ora verilir. Bu işləri görmək üçün həmin qurumlara həftədə bir dəfə 2 saat vaxt lazımdır. Güc, hərbi və hüquq-mühafizə strukturlarında isə mətbuat və ictimaiyyətlə əlaqə xidmətləri tamamilə fərqli təşkil olunmalıdır və çox geniş ştat cədvəlinə malik olmalıdırlar. Orda təkcə informasiya hazırlanması və ötürülməsi deyil, informasiyanın təhlili və geniş ictimaiyyət üçün maraqlı olmayacaq başqa detalların işlənməsi üçün mütəxəssislərdən ibarət ştat cədvəli olmalıdır. Bu strukturların da tərkibində kontent menecer, səhifələrin, qurumun saytının idarə olunması üzrə menecerlər olmalıdır. "Məsləhətçi", "baş məsləhətçi" və s kimi absurd vəzifə adlarını mətbuat xidmətlərinin ştatlarından çıxartmaq lazımdır. Dövrün, yeni media gerçəkliyinin, informasiyanın idarə olunmasının yeni tələblərinə uyğun ştatlar əlavə olunmalıdır və həqiqi mütəxəssislər cəlb edilməlidir. Mətbuat xidmətinin effektli işi gün ərzində onlarla məlumatın yayılması demək deyil. Hansısa bir hadisə baş verərsə, təbii ki, operativ məlumat vermək lazımdır. Lakin qurumun gündəlik olaraq gördüyü işləri press-reliz şəklində yaymaq düzgün deyil. Rəsmi qurum informasiya agentliyi deyil. Həmçinin, bir media qurumunun sorğusunu bütün media qurumlarına press-reliz edib, yaymaq qeyri-etik hərəkətdir. Dünyada belə təcrübə yoxdur. Rəsmi qurumun açıqlığı öz məlumatını yaymaqla yekunlaşmır. Öz istədiyini yaymaq onun işidir. Əsas olan jurnalistin sorğusuna cavab verməkdir. Problem informasiya sorğularının cavablandırılmasıyla bağlıdır, bunu həll etmək lazımdır.
Bir də dünya praktikası ondan ibarətdir ki, tədbirlərin işıqlandırılmasına agentliklər dəvət olunur. Azərbaycanda indi nəinki 3, hətta 4 hərfdən ibarət “az” domenində sayt adı tapıb, açmaq mümkün deyil, bütün hərf birləşmələrində sayt adı var. Ölkəmizdə işlək saytların qeydiyyatı 3300-ü keçib. İndi təsəvvür edin, bu qədər media qurumunu tədbirə dəvət etmək olarmı? Dünyada qəbul olunmuş praktika var, tədbirlərin işıqlandırılması, informasiyanın toplu yayımı ilə informasiya agentlikləri məşğul olur. Digər media qurumları isə eksklüziv müsahibələr alırlar, reportajlar hazırlayırlar, onlarln eksklüziv informasiya sorğuları cavablandırılır. Hesab edirəm ki, zamanla bu problemlər yoluna qoyulub, aradan qaldırılacaq.

- Vüsalə xanıma jurnalistika məktəbini kim öyrədib?
- Mən jurnalistdən daha çox media meneceriyəm. Konkret olaraq kimdənsə öyrəndiyimi deyə bilməyəcəm, amma işlədiyim baş redaktorların hamısına minnətdaram.
- Azadlıqdan üstün məfhum varmı?
- Söhbət fərdin azadlığından gedirsə, mühüm məsələdir. Qeyd etdiyim kimi, bütün zamanlarda ləyaqəti qorumaq lazımdır. Ləyaqətdən üstün heç nə yoxdur.
- #Onueləeləmirlər. Bəs, necə edirlər?
- Bu haştaqı sosial və yeni mediayla bağlı PR məsələlərində ciddi kobudluq görən zaman yazıram. Yəni, normal variantı var. Deyərlər, öyrədərik...
 - "APA Group"un tərkibində olmayan hansı saytları izləyirsiniz?
- Qarşıma çıxan, mənim üçün maraqlı olan saytları oxuyuram. Amma hər saatda yalnız APA-ya baxıram.
- Son olaraq, nə demək istərdiniz?
Redaktor.az mütəmadi olaraq baxdığım saytlar sırasındadır. Uğurlar arzulayıram.

Fotolar: Müzəffər İsmayılovundur


Baxış sayı: 770


Bölməyə aid digər xəbərlər