Bütün xəbərlər
Şahin Diniyev: “Qarabağ”ın mərhələ keçmək ehtimalı daha realdır” - MÜSAHİBƏ
Tarix: 16-07-2019 11:04 | Bölmə: Müsahibə

                                Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin “Report”a müsahibəsi



Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin “Report”a müsahibəsi
- “Qarabağ”ın Çempionlar Liqasının (ÇL), “Səbail” və “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində keçirdikləri ilk oyunlardan sonra Azərbaycan təmsilçilərinin növbəti raunda yüksəlmək şanslarını necə dəyərləndirirsiniz?
- Komandalarımız fərqli nəticələr göstəriblər. Burada qələbə də var, heç-heçə də, məğlubiyyət də. Oyun planında da fərqliliklər müşahidə etdik. Ancaq avrokubok mövsümü yeni başladığı üçün onların çıxışlarına qiymət vermək uyğun deyil. Rəqiblər barədə də eyni sözü deyə bilərəm. Avrokuboka düşən komanda zəif ola bilməz. Növbəti mərhələyə yüksəlmək baxımından “Səbail”in şansı daha azdır. Evdə Rumıniya “Universitatya”sına 2:3 hesabı ilə uduzdular. Sanki rəqibdən bir qədər qorxdular, oyundan başlanğıcında çətin duruma düşdülər. Ayılanda artıq gec idi. Krayova təmsilçisi əksər komponentlərdə güclü idi. Lakin “Səbail”in mərhələ keçmək üçün şansı az da olsa var. Cavab matçı fərqli də ola bilər.
- Albaniyada “Partizani” ilə qolsuz heç-heçə edən “Qarabağ”la Moldovoda “Sperantsa”nı 3:0 hesabı ilə üstələyən “Neftçi”ni cütün favoriti saymaq olar?
- Bərabərliyə rəğmən, “Qarabağ” ilk matçda dominantlıq edə bildi. Sadəcə olaraq, qol vəziyyətləri yaratmaqda çətinlik çəkdilər. Bunu da avrokubok mövsümünün yeni start götürməsi ilə əlaqələndirə bilərik. Futbolçular arasında bir qədər anlaşmazlıq vardı və sürət çatışmırdı. Həm də “Partizani” oyun nizam-intizamına gözəl riayət edirdi, “Qarabağ”a boş zona vermirdilər. Çempionumuz təcrübəli komandadır, arıcıl 5 mövsümdür qrupa mərhələsinə düşür. Heyət də stabildir və belə vəziyyətlərdən çıxmağın yollarını yaxşı bilirlər. Ona görə də “Qarabağ”ın mərhələ keçmək ehtimalı daha realdır. Ancaq yenə deyirəm, nəticə fərqli də ola bilər. “Neftçi”yə gəlincə, inamlı qələbə qazandılar. Yaxşı oyun göstərməsələr belə, bu, 3 top fərqi ilə qalib gəlmələri üçün bəs etdi. Futbolçuların fərdi səviyyələrinin yüksək olması nəticədə öz əksini tapdı. Çütün taleyi böyük ölçüdə həll olunsa da, hələ cavab qarşılaşması var. “Neftçi” Bakıda Moldovadakından lap bir qədər zəif çıxış etsə belə, bu, mərhələ keçməyə kifayət etməlidir. “Sperantsa” oyunun taleyini həll edə biləcək çox sayda futbolçuya malik deyil.
- “Neftçi” “Sperantsa”nı keçəcəyi təqdirdə növbəti mərhələdə Rusiya “Arsenal”ı ilə qarşılaşacaq. Bu komandalar arasında səviyyə baxımından ciddi fərq var?
- Rusiya futbolu hazırda yüksəlişdədir. Ötən həftə Rusiya Premyer Liqasında yeni mövsüm start götürdü, bir neçə oyunu izlədim, gözlənilməz nəticələr də oldu. Məsələn, “Krılya Sovetov” MOİK-i, “Axmat” “Krasnodar”ı uddu. “Arsenal” da Avropa Liqasına vəsiqə qazanmağı bacaran ortabab komandalardan biridir. Ötən mövsüm İqor Çerevçenkonun rəhbərliyi altında uğurlu qrafik cızdılar. Son illərdə orada çox baş məşqçi dəyişirdi, stabil oyun tapa bilmirdilər. Lakin son çempionatda yaxşı təsir bağışladılar. Ötən mövsümkü heyətdən 3-4 aparıcı futbolçu komandanı tərk etdi. Bu, hardasa “Neftçi” üçün müsbət məqam ola bilər. Ancaq məşqçilər korupusu onların yerlərini doldura biləcək futbolçular tapmağa qadirdilər. “Arsenal” pressinq etməyi sevən komandadır. Fiziki cəhətdən də güclüdürlər, meydanın hər qarışı uğrunda vuruşmağı bacarırlar. Hazırda kollektiv futbol sərgiləyirlər. Çempionatların səviyyəsini və klubların hazırkı durumunu gözə alsaq, “Arsenal” kağız üzərində “Neftçi”dən çox yox, bir balaca üstündür. “Neftçi”də oyunu öz üzərinə götürə biləcək fərdi bacarıqları yüksək olan oyunçular çoxdur. Onların sayəsində rəqibin pressinqindən çıxmaq olar.
- “Qarabağ” Çempionlar Liqasında yoluna davam edərsə, II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalardan hansını Ağdam təmsilçisi üçün daha münasib hesab edirsiniz?
- İrlandiyada keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. Fikrimcə, “Qarabağ” üçün “Riqa” daha yaxşı olar. Postsovet ölkəsinin təmsilçisidir, futbol məktəbimiz oxşardır. “Dundalk” isə İrlandiyanı təmsil edir və atletik futbol nümayiş etdirirlər. “İkinci mərtəbə”də oynamaq bizim üçün bir qədər çətin olur. Hər ikisi təhlükəli komandadır, lakin qrand deyillər.
- “Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Klubun büdcəsi azaldılıb, heyət əvvəlki deyil. Rəqib isə böyük ehtimalla Tbilisi “Dinamo”su olacaq. Gürcüstan təmsilçisi evdə Andorranın “Enqordan” kollektivini 6:0 hesabı ilə üstələyib...
Bəli, “Dinamo” güclü rəqibdir. Ancaq oyundan qabaq əllərimizi qaldırıb təslim olası deyilik ki... “Qəbələ”nin nəyi də olmasa, adı var. Avropa Liqasının qrup mərhələsində oynayan bir komandadır. Fikrimcə, rəqibinin qarşısında aciz olmayacaq. Bu komandalar arasında çox böyük fərq, uçrum yoxdur. Düzdür, “Saburtalo”nun ÇL-də Moldova “Şerif”ni 3:0 hesabı ilə udması bizim üçün bir siqnal olmalıdır. Lakin bizim komandanın da real şansı var. Ustaqlı səviyyəsindən çox, motivasiya, əzmkarlıq ön plana çıxsa, “Qəbələ” mərhələni keçə bilər.


Baxış sayı: 577


Bölməyə aid digər xəbərlər