Bütün xəbərlər
"Arsenal"ın baş məşqçisindən Bakı finalı barədə açıqlama
Tarix: 28-05-2019 19:06 | Bölmə: Müsahibə

            



Hazırda ancaq sabahkı final oyunu haqqında düşünürəm. Sabah bizi böyük vəzifə gözləyir. Əsas hədəf bu oyunda qalib gəlmək və kuboka sahib olmaqdır. Belə mühüm qarşılaşmalarda qələbə qazanmaq həm "Çelsi", həm də "Arsenal" kimi klublar üçün çox önəmlidir. Ona görə yalnız sabahkı oyun haqqında düşünürəm.
Axar.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasının iştirakçısı - "Arsenal" klubunun baş məşqçisi Unai Emeri mayın 28-də keçirdiyi mətbuat konfransında deyib.
Final qarşılaşmasından sonra "topçular"ın çexiyalı qapıçısı Petr Çexin karyerasını başa vuracağını vurğulayan məşqçi deyib: “Bu, Petr Çexin karyerasında sonuncu oyun olacaq. Çalışırıq ki, karyerasının yekununda onun üçün yaddaqalan uğur qazanaq. Bu oyunda qalib gəlmək bizim üçün çox önəmlidir. Bu, həm oyunçular, həm də mənim üçün böyük məsuliyyətdir. Çünki bu qələbə bizə həm kubok, həm də UEFA Çempionlar Liqasına vəsiqə qazandıracaq".
"Arsenal"ın sabiq məşqçisi Arsen Vengerin bu klubun inkişafındakı xidmətlərini yüksək qiymətləndirən Unai Emeri bildirib: “O, bu klubun inkişafına böyük töhfə verib və "Arsenal"a yeni futbol mədəniyyət gətirib. Bunlardan biri də bütün vəziyyətlərdə rəqabətli olmaqdır. Mən bu mədəniyyəti qorumaq və daha da inkişaf etdirmək istəyirəm.
Mən bir məşqçi kimi ondan çox şey öyrənmişəm və ona böyük hörmətim var. Ona görə də mümkün olduqca bütün imkanları düzgün dəyərləndirərək komandanın nailiyyətlərə imza atmasına nail olmaq istəyirəm.
Bu gün "Arsenal" dünyada on ən yaxşı komandadan biridir".
Baş məşqçi sabah qalib gələcəkləri təqdirdə rekorda imza ataraq karyerasında dördüncü dəfə UEFA Avropa Liqasının qalibi ola biləcəyi ilə bağlı suala cavabında bildirib: "Çalışmalıyıq ki, idmançıları oyuna mümkün qədər daha yaxşı hazırlayaq. Onlar bilməlidirlər ki, bu, məxsusi bir andır. Bu, həm də azarkeşlər üçün gözəl bir hissdir. Biz həm hazırlıq zamanı, həm də sabah bu möhtəşəm stadionda var qüvvəmizlə çalışmalıyıq. Mövsümün əvvəlində çətinliklərimiz olsa da, finala qədər uğurla irəliləyə bildik. Ona görə də sabah bizim qələbə qazanmağımız çox vacibdir".
Son illər UEFA Avropa Liqasının səviyyəsinin daha da artdığını deyən mütəxəssis bildirib: "Son on ildə UEFA Avropa Liqasında böyük irəliləyiş var. Xüsusilə bu turnirin qalibinin UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq imkanı son dərəcə önəmli qərardır. Bu qərar UEFA Avropa Liqasında böyük irəliləyişə mühüm təkan verib. Xüsusilə milli çempionatlarda rəqabət güclü olduğu üçün bəzən əsas komandaların Çempionlar Liqasına vəsiqə qazanmaq imkanı da çətinləşir. Ona görə də bu qərar Avropa Liqasında rəqabətin artmasına təkan verir".
Unai Emeri bəzi azarkeşlərin Bakıya gələ bilməmələri ilə əlaqədar suala cavabında deyib: “UEFA Avropa Liqasının Bakıda keçirilməsi haqqında qərar əvvəlcədən verilib. Mən bu qərara hörmət edirəm. Təbii ki, istərdim, Bakıda daha çox azarkeş olsun. Ancaq hər iki komandanın dünyada, o cümlədən Azərbaycanda kifayət qədər azarkeşi var və onlar bizi dəstəkləyəcəklər".


Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər