Bütün xəbərlər
“Müğənnilər şəxsiyyətini populyarlığının yanında kölgəyə salır” - Azər Süleymanlı
Tarix: 10-05-2019 12:47 | Bölmə: Müsahibə
“Müğənnilər şəxsiyyətini populyarlığının yanında kölgəyə salır” - Azər Süleymanlı


İTV-nin aparıcısı Azər Süleymanovun Axşam.az-a müsahibəsi:
- Son zamanlar İTV-də olan dəyişikliklər barədə danışmağınızı istəyərdim...
- Hesab edirəm ki, ekran hər şeyi daha yaxşı göstərir. Yaradıcı insan üçün yaradıcı mühitdə işləmək zövq verir. Hələ hər şey qabaqdadır.
- İllərdir eyni formatda proqram aparırsınız, dəyişiklik istəmirsiniz?
- Əslində, bu gün yeni yaradıcı meydan həvəsimi kifayət qədər oyadıb. Uzun illərdir eyni xarakterli veriliş aparmağının səbəbi səhər proqramında həyatın hər sahəsi ilə bağlı söhbətlərin getməsi ilə əlaqədardır. Güman ki, bu il tamaşaçılar məni tamamilə başqa layihədə və fərqli görəcəklər. Sosial sahədə özümü sınamaq istəyirəm.
- Niyə populyarlaşmaq istəyiniz yoxdur?
- Hazırda məşhurlaşmaq elə də çətin deyil. Amma düşünürəm ki, aparıcı kimi öncə aparıcılıq ənələrini qorumalıyam. Ekranda oynamıram, olduğum kimiyəm. Manşetlərdə olmaq, xəbər başlıqlarında olmaq kimi bir niyyətim yoxdur. Ola bilər ki, İnstaqramda paylaşımım altına beş rəy yazılar və s. Amma mənim ağıllı və qədirbilən tamaşaçılarım var. Onlarla fəxr edirəm.


- Həmkarlarınız filmlərə və seriallara çəkilirlər. Siz necə, özünüzü aktyor kimi sınamaq niyyətiniz var?
- Əslində, bir seriala dəvət almışdım. Ancaq vaxt baxımından razılaşa bilmədim. Həftədə üç dəfə efirdə oluram, bu da şərait yaratmır. Hər hansı film və ya qısametrajlı ekran işi olsa, rol almaq istəyərm.
- Elə olub ki, verilişdə istəmədiyiniz qonaqla qarşı-qarşıya qalmısınız?
- Efirə çıxan qonaqları şəxsi maraqlarıma görə dəvət etmirik. O zaman sadəcə aparıcı kimi çıxış edirəm. Emosia və hisslərimi büruzə vermirəm.
- Xalq və Əməkdar artistlərimiz şikayət edir ki, nə vaxt səviyyəli proqramlar, aparıcılar olsa, efirlərə o zaman çıxacağıq...
- İradlarını haqlı hesab edirəm. Bu gün özünəhörmət qoyan insanların çıxa biləcəyi verilişlər azdı. Bir tamaşaçı kimi hər hansı bayağı verilişə çıxıb, ucuz duruma düşən qonaqların günahını aparıcıda yox, onların özündə görürəm. Sən özün bilirsən ki, hansı verilişə gedirsən. O, verilişi bir dəfə də olsun izləmisən. Sonra çıxıb o qəbildən olan verilişləri, aparıcı da deyə bilmirəm, veriliş “aparan”ları tənqid edəcəksənsə, getmə. Anlayıram ki, davam etmək üçün populyarlıq lazımdır. Bu tipli verilişlərdə bəzi müğənnilər şəxsiyyətini, sənətini populyarlığının yanında kölgəyə salır. Əgər bunu istəmirlərsə, onu əvvəlcədən ölçüb-biçməlidirlər.


- Aparıcı olmaq üçün təhsilin olması mütləqdir?
- Yaradıcılıqda istedadın olması özü yerində, ancaq hər bir peşənin öz qaydası var. Ola bilər ki, kimsə təhsil almayıb, ən azından aparıcı kimi səhnəyə çıxan adam özündən öncə aparıcılıq məktəbini formalaşdıran insanların adlarını, aparıcılıq üslubunu, nə üçün oradadır, onu bilməlidir. Aparıcı kimdir onu dərk etməlidir. Bunlar mütləqdir. Bəlli bir saatlarda efirə çıxmaq aparıcı olmaq deyil. Hər efirə çıxıb aparıcılıq edən də aparıcı deyil, sadəcə veriliş “aparan”dır.




Baxış sayı: 867


Bölməyə aid digər xəbərlər