"Azərbaycanın bu vəzifəyə seçilməsi heç də təsadüfi deyil..."
Tarix: 04-05-2019 13:35 | Bölmə: Müsahibə


                     

Ötən həftə Sankt-Peterburqda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avrasiya regionu gömrük xidməti rəhbərlərinin konfransında Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Gömrük əməkdaşlığı şurasının sədr müavini, Avropa regionunun başçısı seçilib. Şübhəsiz ki, bu, gömrük sahəsində son dövrlərdə həyata keçirilən islahatların beynəlxalq səviyyədə tanınmasıdır.
Azərbaycan gömrükçülərinin bu nailiyyətinin arxasında nə durur? Dövlət Gömrük Komitəsi tərəfindən konkret hansı islahatlar artıq gerçəkləşdirilib vıə hansıları perspektivdə həyata keçiriləcək? Nəhayət, Ümumdünya Gömrük Təşkilatında bu cür vacib regiona başçılıq Azərbaycana hansı üstünlükləri verir?
Moderator.az xəbər verir ki, Virtualaz.org-un bu və digər suallarını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:

- İlk növbədə icazə verin, sizi Azərbaycan gömrüyünün bu cür əhəmiyyətli uğuru münasibətilə təbrik edək. Qısa müddətdə bu cür nəticəni necə əldə edə bildiniz?

- Çox sağ olun. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin, davamlı inkişaf strategiyasının, qloballaşan dünyada müasir çağırışlara, eləcə də beynəlxalq ticarətin inkişafına töhfə verən layihə və tətbiqlərin nəticəsi olaraq ölkəmiz bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində dünya birliyinə inteqrasiya olunub, Azərbaycan Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri kimi özünü təsdiq edib.
Son illər Azərbaycanda siyasi, iqtisadi, humanitar mövzularda keçirilən beynəlxalq konfrans və forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” kimi mötəbər idman yarışları, mədəniyyət və incəsənət sahəsində beynəlxalq tədbirlər dövlətimiz və onun rəhbəri tərəfindən dünyanın tərəqqisinə yönələn töhfələr kimi dəyərləndirilir.
Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin təhlükəsiz şəkildə reallaşdırılması,  sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə atılan addımlar, həyata keçirilən islahatlar, eyni zamanda, gömrük orqanlarının bu istiqamətdə qarşıya qoyulan vəzifələri uğurla icra etməsi təkcə Azərbaycan vətəndaşlarının deyil, region və dünya dövlətlərinin də iqtisadi inkişafına, xalqların rifahının yaxşılaşdırılmasına münbit şərait yaradır. Bu da Azərbaycanın dünyada nüfuzunun sürətlə artmasını, ölkəmizə beynəlxalq aləmdə göstərilən etimadın yüksəlməsini təmin edən amillərdir.

- İslahatların özü və onların bütün Azərbaycan gömrüyünün nüfuzuna təsiri barədə daha ətraflı danışardınız.

- Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlar da kompleks xarakter daşıyır. İslahatlar fiskal siyasətin, maliyyə-uçot sisteminin düzgün qurulmasını, şəffaflığın təmin edilməsini, qaçaqmalçılığa qarşı effektiv mübarizə aparılmasını təmin etməklə yanaşı, ölkə gömrüyünün dünya gömrük ailəsinin ən etibarlı üzvünə çevrilməsinə şərait yaradıb.
Təkcə son bir ildə Azərbaycanda 100-dən çox ölkədən ümumilikdə mindən artıq nümayəndənin,  beynəlxalq ekspertlərin, gömrük xidməti rəhbərlərinin, hökumət və özəl sektor təmsilçilərinin iştirakı ilə keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans kimi tədbirlər Azərbaycan gömrük orqanlarının beynəlxalq aləmdəki nüfuzunun bariz nümunəsidir.

- Ötən həftə Sankt-Peterburqda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avrasiya regionu gömrük xidməti rəhbərlərinin konfransında Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Gömrük əməkdaşlığı şurasının sədr müavini, Avropa regionunun başçısı seçilib. Bu, bizim ölkəyə və onun gömrük orqanlarına hansı üstünlükləri verir?

- İstər adı çəkilən beynəlxalq tədbirlər, istərsə də bu ilin iyununda Ümumdünya Gömrük Təşkilatının Bakıda keçiriləcək informasiya texnologiyaları sahəsində beynəlxalq konfrans və sərgisi Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə dəstəyi, tapşırıq və tövsiyələri əsasında təşkil olunan mühüm tədbirlərdir.
Ölkəmizin gömrük xidmətinin ÜGT-də yüksək səviyyədə  etibar qazanmasını və Avropa regionuna rəhbərlik etməsini təmin edən əsas amillər də Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici və daxili siyasət, gömrük işinin təşkilinə göstərdiyi diqqət və qayğıdır.
Dünya ticarətinin 98%-nə nəzarət edən  və 183 üzv ölkəni özündə birləşdirən ÜGT, ilk baxışdan sadə görünsə də, mürəkkəb idarəçilik mexanizminə malik bir beynəlxalq təşkilatdır.
Təşkilatın ali orqanı bütün üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin təmsil olunduğu Gömrük Əməkdaşlıq Şurası sayılır. Şura illik olaraq özününsədrini seçir.
Şura, ÜGT-nin fəaliyyəti ilə bağlı bütün siyasi və strateji qərarları yekun olaraq qəbul edən bir qurumdur. ÜGT Baş katibi o cümlədən ÜGT-nin bütündirektoratlıqları öz faəliyyətlərinin yekunları, o cümlədən müxtəlif işçi komitələr öz iclaslarının nəticələri barədə ÜGT Şurasına hesabat verirlər.
Şuranın sədrinə 6 sədrmüavini köməklik edir. ÜGT idarəçiliyin rasionallaşdırılması baxımdan 6 regiona bölünür ki, bu regionlar da hər biri də özlərinin illik konfransında Region üzrə ÜGT Şurasının sədr müavinini seçir.
Ötən həftə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa Regionu Gömrük Ximədlərinin illik Konfransında region ölkələri Azərbaycanı 1 iyul 2019-30 iyun 2021-ci il tarixləri üzrə, yəni 2 maliyyə ili müddətinə Avropa Regionu üzrə ÜGT Şurasının sədr müavini seçib.

- Ölkəmizin Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatında yeni rolunu necə icra etmək niyyətindədir? Azərbaycan hansı vəzifələri yerinə yetirməlidir?

- Bu vəzifə AR DGK üzərinə ilk öncə Avropa regionunun ümumi maraqlarını ÜGT-nin müxtəlif idarəedici qurumlarında təmsil etmək vəzifəsini qoyur. ÜGT Şurasının Avropa üzrə sədr müavini birbaşa olaraq həm də ÜGT Siyasi Komissiyasının üzvü seçilmiş hesab edilir.
Bu məqamda qeyd etmək istərdim ki, Siyasi Komissiya ÜGT-nin fəaliyyəti ilə bağlı geniş spektrli siyasi məsələlərə dair ilkin qərarlar qəbul edən və ali qurum olan ÜGT Şurasına yardımçı-məsləhətverici funksiya daşıyan vacib bir təsisatdır.  Avropa regionu üzrə sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrük xidmətlərinin maraqlarını qoruyacaq.
ÜGT Avropa regionu sədr müavinliyinin funksiyaları barədə mətbuatda artıq kifayət qədər məlumat verilib. Mən bu vəzifənin və qarşıya qoyduğumuz məqsədlərin siyasi aspektləri barədə danışmaq istərdim.
ÜGT Avropa Regionu özündə 52 ölkə və Aİ olmaqla, toplam 53 üzvü birləşdirən ən böyük regiondur. Bu regionun özünəməxsus  xüsusiyyətləri və bu səbəbdən gömrük əməkdaşlığı sahəsində həll edilməli məsələləri - problemləri vardır. Müxtəlif iqtisadi inkişaf səviyyələrinə və siyasi maraqlara malik ölkələri özündə cəmləşdirən bu regionda, ÜGT çətiri altında əməkdaşlıq heç də arzu olunan səviyyədə deyildir. Bu isə öz növbəsində, bölgənin bütün ölkələrinin mənafeləri nəzərə alınmaqla konsolidasiya olunmuş regional maraqların ÜGT Şurası və digər qurumlarında effektiv təmsil olunması məsələsini çətinləşdirir.
ÜGT-nin siyasi proseslərində ciddi mövqe sahibi olan AR DGK, regiondakı əməkdaşlıq problemləri ilə bağlı duruma biganə qala bilməzdi. Xüsusən nəzərə alsaq ki, ölkəmiz ÜGT-nin 3 regional strukturuna ev sahibliyi edir, bu coğrafiyamızda cərəyan edən prosesslərin vacibliyini bizim üçün daha da artırır.
Xatırlayırsınızsa, cari ilin yanvar ayında özünün yeni mandatında ilk səfərini ölkəmizə edən ÜGT Baş Katibi cənab Kunio Mikuriya, yerli telekanallara verdiyi müsahibəsində ÜGT-də Azərbaycanın aktiv rolu və əhəmiyyətini qeyd etmişdir. Bu heç də təsadüfi olaraq söylənilmiş fikirlər deyildir.
Sədr müavinliyinə aparan prosesslər – əgər bele demək mümkündürsə - ötən ilin ikinci yarısından başlayaraq uzun bir yol keçdi. Azərbaycanın bu vəzifəyə seçilməsi heç də təsadüfi deyil. Əksinə, bu, bizim məqsədyönlü xarici gömrük siyasətimizin məntiqi nəticəsidir.

- Azərbaycanın Şuranın sədr müavini seçilməsi üçün hansı addımları atmağınız barədə daha ətraflı danışmağınızı xahiş edirik.

- Ötən ildən etibarən biz, öz təşəbbüsümüzlə - mənim tapşırığıma əsasən, ÜGT-nin digər regionlarının daxilində əməkdaşlıqla bağlı qabaqcıl təcrübələri öyrənməyə başladıq. Bu zaman müşahidə elədiyimiz əsas məqamlardan biri o  oldu ki, bəzi regionlarda geniş spektirli, yüksək səviyyəli əməkdaşlıqda aparıcı rol   regionun daha aktiv bir-iki üzvlərinin üzərinə düşür. Digər tərəfdən düşünəndə ki, ÜGT Avropa Regionunda kifayət qədər inkişaf etdirilməli əməkdaşlıq məsələləri var və illərdir bu problemlər öz həllini tapmayıb, biz qərara gəldik ki, bu problemlərin aradan qaldırılması və regionda yenilikçi-islahat xarakterli təşəbbüslərin irəli sürülməsi və üzv ölkələrin bu məqsədlə səfərbər edilməsi missiyasını Azərbaycan DGK öz üzərinə götürməlidir.
Və biz, eyni zamanda onu da gözəl başa düşürdük ki, bu məqsədlərə nail olmaq üçün sədr müavinivəzifəsinə seçilmək o qədər də asan bir prosess olmayacaq. Çünki regionun 53 üzvündən 29-u (28 Aİ üzv ölkələri + Aİ özü) əksər hallarda vahid mövqedən çıxış edərək, özünün siyasi və iqtisadi maraqlarını təmsil edəcək üzv ölkəninsədr müavini seçilməsinə çalışır.
Bu elə qeyd etdiyim kimi də oldu. Aİ-nin, “sürpriz olaraq” son anda Yunanıstanı namizəd kimi irəli sürməsi seçimlərin o qədər də asan olmayacağının göstəricisi idi.
Amma biz hadisələrin bu cür inkişaf edə biləcəyini proqnozlaşdırdığımız üçün həm diplomatik, həm də siyasi danışıqlar üçün ciddi hazırlıqlar görmüşdük ki, bunun da nəticəsi artıq göz qabağındadır.
ÜGT Avropa regionu daxilindəki əməkdaşlıq, hər bir üzv ölkənin maraqlarına və ehtiyaclarına xidmət etməlidir, onların inkişaf səviyyəsindən asılı olmayaraq.

- Bütün Avropa regionuna məsul olaraq Azərbaycan gömrükçüləri hansı addımları atmaq niyyətindədir?

- Biz sədr müavini vəzifəsinin icrası müddətində görəcəyimiz işlər barədə artıq indidən müxtəlif maraq qruplarını cəlb etməklə ilkin koordinasiya və məsləhətləşmə işlərinə başlamaq üçün addımlar atırıq. Əsas məqsədimiz ÜGT Avropa Regionu daxilində əməkdaşlığı yeni inkişaf səviyyəsinə qaldırmaq və bunun üçün zəruri islahatçı təşəbbüsləri irəli sürərək onları irəli aparmaqdır.
Planlaşdırılan və atılacaq addımlar haqqında mətbuata, vaxtı gəldikcə məlumat veriləcək. İnanırıq ki, 2 illik sədr müavinliyi müddətimiz ÜGT Avropa Regionunun tarixində müsbət anlamda yadda qalan izlər buraxacaq.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər