Bütün xəbərlər
Ayxan Abbasov: "Sumqayıt”dan ayrılmaq istəyim nəticələrə görə deyildi"
Tarix: 22-04-2019 16:08 | Bölmə: Müsahibə

                                   

“Kubokda səbrli və dözümlü olan komanda turu keçir. Cütün favoritini göstərməkdə çətinlik çəksəm də, öz komandama inanıram”.
Bunu “Report”a “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun yarımfinalında evdə “Sumqayıt”a qarşı keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.
38 yaşlı mütəxəssis aprelin 23-də “Kapital Bank Arena”da baş tutacaq oyunun Avropa Liqasına vəsiqə baxımından önəmli olduğunu söyləyib. O, yarışın favoritini də açıqlayıb: “Ən çətini bizim cütlükdür. Həm “Sumqayıt”, həm də “Zirə” tarixlərində ilk dəfə final həyəcanı yaşaya, rəqibin baş məşqçisi Samir Abasovla mənim vaxtilə rəhbərlik etdiyimiz komandalara qarşı oynayacağımız isə mətbuat üçün maraqlı ola bilər. Amma özüm üçün bu mövzu keçmişdə qalıb. İndi hər ikimiz öz komandamıza köklənmişik. Avrokuboka düşmək üçün son şansımızdır. Durumun fərqindəyik. Çalışacağıq ki, finala adlayan biz olaq. “Qəbələ” ilə “Qarabağ” digər cütü təşkil edirlər. Ağdam klubu çempionatda liderdir. Bu komandanı kubokun da favoriti saymaq olar. Hər halda məsələyə real yanaşsaq, “Qarabağ” üstün görünür".
Abbasov deyib ki, hazırda Azərbaycandakı futbol matçlarında ev - səfər prinsipi böyük önəm daşımır: “Əlbəttə, öz azarkeşlərimiz önündə oynamaq üstünlükdür. Lakin hazırda Azərbaycanda ev - səfər prinsipi bir qədər arxa planda qalıb. Əvvəllər Lənkəran, Tovuz, Şəmkir və digər bölgələrə səfərlərdə fərqi hiss edirdik. Amma bu gün görünür ki, Bakıda belə bir problem yoxdur. İstənilən komanda səfərdə də rahat qalib gəlir”.
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun finalını mayın 19-da Naxçıvanda təşkil etmək istəsə də, klublar bunun əleyhinədir. “Sumqayıt”ın baş məşqçisi də həlledici görüş üçün başqa stadionu məqbul sayır: “Final oyunu bir şəhərdə olursa, növbəti dəfə başqa şəhərə təşkil etmək olar. Naxçıvanda şərait ideal deyil ki, tez-tez ora üstünlük verilsin. 2017-ci ildə final orada olub. İndi həlledici matçı Gəncə və ya Tovuzda da təşkil etmək olar. Lakin qərarı PFL verir. Seçimi də bu qurum edəcək”.
Baş məşqçinin fikrincə, hazırda digər komandalar “Sumqayıt”dan üstündürlər: “Ötən ilin dekabrında “Neftçi”ni Azərbaycan Kubokunun 1/4 finalında keçmək bizim üçün böyük uğur idi. Ancaq sonradan eniş oldu. Qış fasiləsində rəqiblərin güclənməsi vəziyyətə təsir etdi. Bir müddət əvvəl “Sumqayıt”dan ayrılmaq istəyim nəticələrə görə deyildi, başqa səbəblər vardı. Bura gələndən çalışmışam ki, ab-havanı, bəzi baxış və fikirləri dəyişək. Bəli, vuruşuruq, uşaqlar da çalışır, amma digər komandaların üstünlüyü bizdən çoxdur. Söhbət təkcə legionerdən getmir. Məsələn, “Zirə”də 11 əcnəbi var, lakin komanda 6-cı yerdədir. Yaxud “Keşlə”nin 8 legioneri var, amma komanda son sıradadır. Mövsüm bitəndən sonra rəhbərliklə danışacağıq. Narazı olsalar, başqa məsələ. Komandanı elə vaxtda götürmüşdük ki, böyük dəyişiklik edə bilmədik. Üstəlik, geniş seçimimiz də yoxdur. Gəldiyim gündən mənim olmayan komandaya tez bir zamanda uyğunlaşmağa çalışmışam. Hazırda bəzi işlər gedir. Əsas məsələ seleksiyadır. İlk növbədə, məqsədimizi təyin etməliyik. Ondan sonra problemləri həll etmək olar”.
Gənc mütəxəssis “Zirə” ilə oyun ərəfəsində müdafiəçilər - Vurğun Hüseynov və Arif Daşdəmirovun cəzalı olduğunu, yarımmüdafiəçi Ehtiram Şahverdiyevin isə zədədən əziyyət çəkdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, “Sumqayıt” – “Zirə” matçı 18:30-da başlayacaq. Bu komandalar arasında cari çempionatda baş tutmuş 4 oyundan 3-də qəsəbə təmsilçisi qalib gəlib - 3:1, 1:0, 2:0, 0:1. 


Baxış sayı: 620


Bölməyə aid digər xəbərlər