Bütün xəbərlər
ƏN BÖYÜK MÜKAFATIM - ƏSƏRLƏRİMDİR!
Tarix: 07-04-2019 18:53 | Bölmə: Müsahibə

Sabaha-inamla.Az tanınmış yazıçı, jurnalist, kinorejissor Əmir Pəhləvanın "Respublika" qəzetinə verdiyi müsahibəni təqdim edir.

Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin tanınmış nümayəndələrindən olan Əmir Pəhləvan (Hacıyev Əmir Pəhləvan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirdikdən sonra Rusiyanin Novosibirsk vilayətində əsgəri xidmətdə olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1980-1985). Eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında “Gəncliyin səsi” proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb (1981), “Baku”, “Bakı” axşam qəzetlərində (1985-1988), “Azərbaycan müəllimi” qəzetində (1988-1990) müxbir işləyib, “İlham” qəzetinin təsisçisi və baş redaktoru olub (1990).
1985-ci ildə Əmir Pəhləvan ali məktəbin sonuncu kursunu bitirməmiş “Bakı”, “Baku” axşam qəzetlərinə müxbir kimi işə götürülür. Buradan o, “Azərbaycan müəllimi” qəzetinə dəvət olunur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınır və onun “O ay bir də doğmayacaq” adlı ilk kitabı çapdan çıxır. 1990-cı ildə “İlham” mədəniyyət qəzetini təsis edərək baş redaktoru olur. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz “alın yazısı”, “qisməti” diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətə qoşulur, inanır ki, qismətdən “yuxarı” ulu bir varlıq var! Belə bir qismət publisist, yazıçı-şair Əmir Pəhləvanı zamanın axarı ilə kinoya gətirir. Daha doğrusu, o, qəzetdə “deyə bilmədiklərini” ekran dili ilə dünyaya çatdırır. 1995-ci ildə “Step LTD” kinoşirkətini təsis edir, şirkətin xəttilə yaradılan “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız qalası” bədii filmlərinin, “Bakı nefti və Nobellər”, “Avtoritet”, “Göyçay yəhudiləri”, “Doqquzuncu oğuz uyğurları”, “Kurqanlar”, “Hunqariya”, “Şəhriyar”, “Svilizasiya beşiyi - Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru olur. O bu filmlərində tariximizin, taleyimizin maraqlı səhifələrini canlandırmışdır. Əmir Pəhləvan qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi “Fransız” adlı filmi ilə damğalayır. Növbəti “Qarabağ şikəstəsi” filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq milli kinomuza, dramaturgiyamıza yenilik gətirir. O, öz filmləri ilə beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini bu və digər dərəcədə təmsil etmişdir. 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatında milli atributlarımızdan olan Bayrağımıza həsr etdiyi “Spasibo” adlı bədii filmi Hollivud sənədli filmlər festivalında mükafata layiq görülmüş və Los-Ancelesin 18 telekanalında yayımlanmışdır. “Bakı nefti və Nobellər” adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən “Üç qitə” kinofestivalında 2 medala layiq görülmüşdür. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır.
30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub. “Bakılı Nobel”, “Neft taleli Nobel”,”Ayrılıq”, “Səfir” “İsa, Məryəm və Sona” sənədli romanları, “Bakı nefti və Nobellər” üçhissəli sənədli filmi yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib.
Azərbaycanda ən çox oxunan kitabları bunlardır: “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlilər”, “Türklüyün yol xəritəsi”, “O Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” ( l - ll hissə ). “İnsan və İblis” pyesi Bakı Bələdiyyə Teatrında (1999), “İstədiyim yar idi” librettosu Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib.
– Əmir müəllim, bu yaxınlarda Qazaxıstanın sabiq dövlət başçısı Nursultan Nazarbayev 60 illik yubileyinizə təbrik məktubu ünvanlayıb, Əlbəttə bu, sizə və Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən ən yüksək qiymətdir. Əsərlərinizə və şəxsən Sizə olan bu sevgi hardan qaynaqlanır?
– Qazaxıstan və Qırğızıstan dövlət rəhbərləri tərəfindən dəfələrlə mükafatlandırılmışam. Fürsətdən istifadə edib həm - Nursultan Nazarbayevə, həm də Almazbəy Atambəyova öz dərin təşəkkürümü bildirirəm.
“Türk sultanı - Nursultan”, “Manas bayatıları”, “Qəhrəman”, “Dahilər vətəni” “Əmir Teymur”, “Böyük fateh” və başqa əsərlərimin hər biri Orta Asiyada böyük hadisəyə çevriləcəyi haqqında heç düşünməmişdim. Onu da nəzərinizə çatdırım ki, qırğızlarda oxucu auditoriyası başqa türk xalqları ilə müqayisədə olduqca böyükdür. O cümlədən də qazax və özbək xalqlarında. Üstəlik, Qazaxıstanda-Astanada nümayiş olunan “Bakı nefti və Nobellər” adlı 3 hissəli sənədli filmim ekranlarda göstəriləndən sonra yaradıcılığıma qarşı böyük marağa səbəb oldu və məni “Qazaxfilm”in ən yaxın dostuna çevirdi. Əslində mən bu əsərlərlə Turanın müqəddəs türklük mahiyyətinə xidmət edən ideologiyanın fəaliyyət istiqamətləri və milli ruhumuzun coşqun qiyamlarının əsrlər boyu qan yaddaşımıza kök atdığı tarixi həqiqətləri və xronologiyanı xatırlatmaq istəmişəm. Ulu Turanın müqəddəs vahidliyini “Manas” və “Əmir Teymur” əsərində dünya ictimaiyyətinə yeni fəlsəfi formatda təqdim etmişəm.
– Əmir müəllim, bu cür maraqlı süjetli və tarixi əhəmiyyət daşıyan mövzulara müraciət etmisiniz. Buna səbəb nə idi...?
– Birincisi, yazıçı üçün həyat özü azad bir yazı masasıdır. Necə deyərlər, sərhədsiz və qadağasız cüyür oylağıdır. Məni hansı mövzu maraqlandırırsa, onu da həvəslə qələmə alıram, yəni, nədən narahatamsa, nədən üzüntülü, ağrılıyamsa məhz bu narahatçılığın mənbəyinə - predmetlərinə üz tuturam. Yazdıqlarıma isə ürək qoyuram, necə deyərlər, onları canımla, qanımla yazıram. Sizlərə bir fakt söyləyim. 1937-ci ildə mənim doğma xalam yenicə ailə qurduğu həyat yoldaşı iə Qazaxıstanın Taldı Kurqan vilayətinə sürgün edilib. Onun övladları indi də orada yaşayırlar. Artıq ora onlar üçün Vətəndir. O sürgünlər yaradıb o Vətəni. Minlərlə azərbaycanlı ailəsi yaşayır o vilayətdə. Uşaq yaşlarında nənəmlə birlikdə Güssün xalamın yanında çox olmuşam. Sürgünün, həsrətin və “Yurd” yerlərinin - alaçıqlarının nə olduğunu öz gözlərimlə görmüşəm. “Türk sultanı - Nursultan” əsərində xalamla bağlı epizodlar, babam Ziyadın 1938-ci ildə güllələnməsi, yaxud oxşar mənzərələrin qazax xalqının başına gətirilməsi prosesi və digər faktlar sabiq prezident Nursultan Nazarbayevin də diqqətindən yayınmamışdı.
– Çox maraqlıdı. Amma heç vaxt bu mövzuda söhbətlər eləməmisiniz. Sizin yaradıcılığınız və həyatınız necə də maraqlı imiş... Başqa hansı faktlar cənab prezidenti maraqlandırmışdı?!
– Əsərdə qazax xalqının tarixi, görkəmli şair və ictimai xadim Abay Kunanbayev yaradıcılığı, “İsgəndər” poemasının qazax xalqının milli oyanışında və təfəkküründə rolu, Kəngərlilərin tarixi yurd yerləri və ən əsası Astana ( indiki Nursultan) kimi möhtəşəm bir şəhərin Nursultan Nazarbayev tərəfindən inşa edilməsi və öz adına əbədiləşdirilməsi. Dünyada son 200 ildə heç bir millət və heç bir prezident yeni paytaxt - mərkəz inşa etməmişdir. Məhz bu N.Nazarbayevə qismət olmuşdur.
– Əmir müəllim, “Manas” dastanı haqqında yazdığınız bayatılar haqqında fikirlərinizi bilmək istərdik. Niyə məhz bayatı janrına üz tutdunuz. Bax, bu çox maraqlı olardı oxucularımız üçün.
– “Manas” həcmcə dünyanın boyük dastanıdır. “Manas bayatıları” kitabımda isə dastanda olan obrazların və ümumilikdə Orta Asiya coğrafiyasına aid bütün toponimlərə bayatılar həsr etmişəm. Əsər qardaş qırğız xalqının mənəvi siması olan “Manas”ın Türk dünyası üçün Birlik ruhunun lirik - poetik təcəssümüdür. “Manas bayatıları”nın folklor janrında təcəssümünü bədii obrazlarla və mövzu orjinallığı ilə qələmə almağım dastanın ruhuna xələl gətirməməyim üçün seçilmişdir. Böyük türk etnosunun mənəvi gücünü əks etdirən bu bayatılar, eyni zamanda zamanüstü və təhdəlşüur məna qatlarına, mənəvi-pisixoloji dərinliyə nüfuz etməkdir. Bu baxımdan mən folklor nümunəsi olan bayatıları yazmağı üstün tutdum. Məhz buna görə də möhtərəm prezident Almazbəy Atambəyov mənə Dövlətin ən yüksək “Manas” mükafatını verdi.
– Əmir müəllim, yaradıcılığınız çoxşaxəlidir. Film yaradıcılğında nə kimi yenilikləriniz var?
– 1999-cu ildə ssenari müəllifi və rejissoru olduğum “Bakı nefti və Nobellər” adlı 3 hissəli sənədli filminin növbəti seriyaları üzərində çalışıram. Çünki mənim əlimdə zəngin tarixi faktlar və arxiv materialları olduğundan həmin filmin 4 və 5-ci hissələrini tamamlamaq və efir məkanında tamaşaçılara yeni sürprizlər etmək niyyətindəyəm.


Baxış sayı: 1 531


Bölməyə aid digər xəbərlər