Bütün xəbərlər
Cavid İmamverdiyev: "Sabah"ın məqsədi Premyer Liqada qalmaqdır"
Tarix: 09-02-2019 23:07 | Bölmə: Müsahibə

                                 


"Qəbələ" ilə oyunumuz hər zaman ağır keçib. Bu gün də təsdiqləndi".
"Report" xəbər verir ki, bunu "Sabah"ın kapitanı Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, 45+1-ci dəqiqədə Marko Deviçin qırmızı vərəqə almasından sonra durumları daha çətinləşib:
"Bundan sonra da toparlana bilərdik. Heç-heçəlik oyun idi. Hücumçumuzu itirdik, alınmadı. Çalışacağıq ki, növbəti turda "Səbail" ilə qarşılaşmada bu oyunu unutduraq".
Deviçin ikinci dəfə simulyasiyaya görə sarı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiniz?
- Hakimdir, qərar veribsə, elədir. Əlbəttə, belə epizodlarda kapitan kimi etirazını bildirməlisən.
Ancaq videotəkrarda simulyasiya olduğu görünür...
- Görsən də belə, vərəqə verməməsi üçün hakimə etiraz etməlisən.
Komandanı pis durumda qoyuğu üçün Deviçə etirazınızı bildirdiniz?
- Futboldur, onun yerinə hamı ola bilərdi. Marko o qədər oyunda bizi qurtarıb, qələbə qazanmışıq. Onu qınamalı olduğumuzu düşünmürəm. O da penalti qazanmağımızı istəyirdi. Heyif ki, belə alındı.
Uduzmaqla bir pillə gerilədiniz. Bu sizi qorxutmur?
- Xeyr, hədəfimiz Premyer Liqada qalmaqdır. Xallar qazanaraq, bunu bacaracağımıza inanıram.
Ardıcıl iki oyundur azlıqda qalırsınız. Komandada intizamsızlıq var?
- Qırmızı vərəqləri intizamsızlığa bağlamaq istəmirəm. Hər ikisi oyun epizodudur. Kimsə kimisə gedib vurmur ki, nizam-intizamın olmadığını deyəm. Elşad Əhmədov elə nizam-intizam yaradıb ki, hansısa futbolçunun qaydalara riayət etməyəcəyinə inanmıram.
Amma uzun müddət azlıqda oynayanda planlar pozulur...
- Yenə deyirəm, intizamsızlığa bağlamaq istəmirəm. Futboldur, hər şey ola bilər. Penalti almaq istəyirdi, alınmadı.
Hakim qərarları oyunun nəticəsinə təsir göstərdi?
- Hakim haqda heç nə demək istəmirəm. Bu barədə danışmağı sevmirəm, danışmayacağam da. Hakimlərin də öz rəhbərlikləri var, qərarı onlar verəcək. Necə məsləhətdirsə, elə də olacaq.


Baxış sayı: 735


Bölməyə aid digər xəbərlər