Bütün xəbərlər
Baş seysmoloq: Kabinetdə oturub danışmırıq
Tarix: 07-02-2019 15:13 | Bölmə: Müsahibə



Fevralın 5-də, gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində - zəlzələ baş verən ərazilərdə təkanlar davam edir.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, baş verən təkanların heç biri hiss olunan deyil:
“Hazırda ərazidə zəif təkanlar baş verir, nəticədə, enerji boşalması olur. Yavaş-yavaş təkanların sayı azalacaq. Ola bilsin ki, bu xırda təkanlar 10 gün, bir ay və daha çox davam etsin.
Fevralın 5-də gecə Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələ 6 ballıq - orta güclü zəlzələdir. Ərazidə böyük dağıntılar yoxdur. Çay daşları, keyfiyyətsiz tikinti materiallarından istifadə olunmuş tikililərin, evlərin divarlarında çatlar əmələ gəlib, divar tökülmələri var. Zəlzələ cəmi 10 saniyə çəkib”.
Baş direktor bildirib ki, zəlzələnin dəqiq vaxtını demək mümkün deyil:
“Birinci dəfə deyil ki, biz bu halla qarşılaşırıq. 35 ildir bu sahədəyik və böyük təcrübəmiz var. Qısamüddətli proqnozunu, yerini, vaxtını, gücünü demək bütün dünyada qeyri-mümkündür. Amma seysmoloji aktiv zonalarda gərginliyin olduğunu və zəlzələnin təxmini nə zaman olmasını bilmək olur.
Oxu: Qurban Yetirmişli: Şamaxı və İsmayıllı seysmoloji aktiv vəziyyətdədir - VİDEO
Mən öz praktikamdan deyə bilərəm ki, mayda Zaqatalada baş verən zəlzələ zamanı demişdim ki, növbəti zəlzələ Balakəndə olacaq. Oktyabr ayında orada zəlzələ oldu. Mən bilirdim orada zəlzələ olacaq, amma oktyabrda olacağını deməmişdim. Biz bunu tədqiqat aparmaqla bilirik”.
Ərazidə prezident İlham Əliyevin tapşırığı ilə seysmoloji araşdırmalar aparılır:
“Gərginlik sahəsi öyrənilir. Zəlzələ bölgəsində mərkəzin stansiyaları ilə seysmik mobil stansiyalar quraşdırmışıq. Orada mənfi maqnitudanın ocaqda gedən prosesini belə izləmək mümkündür.
Biz afterşokların hansı istiqamətə miqrasiya etməsi, qırılma boyunun necə getməsi barədə araşdırma nəticəsində dəqiq məlumat veririk, kabinetdə oturub danışmırıq. Kəndlərdə makroseysmik tədqiqatlar aparacaqlar. Hansı zonada neçə ballıq zəlzələnin olması müəyyən ediləcək. Araşdırma davam edir. Cihazlar bir aydan çox orada qalacaq”, - deyə Qurban Yetirmili qeyd edib.
Baş direktor Azərbaycanda seymik baxımdan aktiv ərazilərin adlarını açıqlayıb:
“Yanvar ayından bu günə kimi Azərbaycanda ümumilikdə 570, İran, Gürcüstan, Dağıstanla sərhəddə isə 700-dən çox yeraltı təkan olub. Azərbaycan seysmoaktiv bölgədə yerləşir.
Sadəcə, bölgələrin bir-biri ilə seysmik strukturlarında fərq var. Onlar 8, 9, 10 ballıq zəlzələ zonalarına bölünür. Azərbaycanın şimal, Böyük Qafqaz dağlarının cənub-şərqi, Talış dağları, qərb bölgəsi - Şəki, Zaqatala, Balakən, Kiçik Qafqazda - Gəncə, Kəlbəcər, Xəzər dənizi seysmoaktiv ərazilərdir.
Azərbaycanda tarixən güclü zəlzələlər olub, indi də hər gün ölkədə 3-dən 20-dək zəif yeraltı təkanlar qeydə alınır”.


Baxış sayı: 762


Bölməyə aid digər xəbərlər