Bütün xəbərlər
Nazir müavini: Ömrümdə bir sərçəyə də daş atmamışam - MÜSAHİBƏ
Tarix: 07-02-2019 15:07 | Bölmə: Müsahibə



Oxu.Az ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə müsahibəni təqdim edir:
– Xeyli vaxtdır ki, nazir müavini vəzifəsində çalışırsınız. Ondan əvvəl millət vəkili olmusunuz. Hansı daha rahatdır? 
– Vəzifənin böyüyü-kiçiyi olmur. Bir insan işinin  məsuliyyətini hiss edirsə, hər vəzifə onun üçün mühümdür. Əsas verilən tapşırığı vaxtında və layiqincə yerinə yetirməkdir. 
1995-2000-ci illərdə millət vəkili olmuşam. Baxmayaraq ki, həmin vaxtlarda müəyyən çətinliklər var idi, amma əsas qanunvericilik bazasının formalaşmasında I çağırış Milli Məclisin rolu böyük olub.  
 Bu gün plastik qablaşdırma materialları və polietilen torbaların tədricən azaldılması mövzusu gündəmdədir. Nazirlik tərəfindən hansı işlər görülür?
– Polietilen torbalar tədricən azaldılmalı, sellofan torbaların alternativləri, yəni kağız, parça, kətan torbalar və həsir zənbillərlə əvəzlənməlidir. Alternativ materialların istehsalının genişləndirilməsi məqsədilə nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib.

Nazirlik tərəfindən hazırlanan “Tədbirlər Planı” isə müvafiq qurumlarla razılaşma mərhələsindədir. Planda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb.
“Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanacaq. Lakin məncə, ilk növbədə insanlar özü könüllü olaraq, bunun zərərli tərəflərini başa düşərək, polietilen qablaşdırmadan imtina etməlidir. Plastik məmulatlardan imtina edilməsi birdən-birə baş verməyəcək.
Ona görə söhbət tədricən imtinadan gedir və bunun üçün güclü təbliğat aparılmalıdır ki, bütün əhali plastik qablaşdırmanın həm sağlamlığa, həm təbiətə vurduğu zərərləri öyrənsin, insanlar könüllü olaraq bundan imtina etsin.
– Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi hansı işləri görüb? Fiziki coğrafiyaya inansaq, Azərbaycanın 12 faizi meşə ilə örtülüb. Bu, dünya ölkələri ilə müqayisədə, çox azdır. Nəzərə alsaq ki, meşələrin böyük qismi dağlıq ərazilərdədir. Son illər Azərbaycanda nə qədər meşə sahəsi bərpa olunub?
– Ötən il nazirlik tərəfindən meşə massivlərinin artırılması və qorunması işləri görülüb. Azərbaycanın meşə fondu torpaqları məhdud miqdarda olmaqla, 1213,7 min hektar, meşə ilə örtülü sahələr isə 1033 min hektardır. Azərbaycan meşələrinin 85 faizi dağlıq, 15 faizi düzən ərazilərdə yerləşir. 
Respublikamız azmeşəli regiondur və dünyada qəbul edilmiş normadan 2-2,5 dəfə azdır. Qonşu Rusiyada 48, Gürcüstanda 38, Türkiyədə 25, Belarusda 43, Estoniyada 38 faiz təşkil edir. Amma ölkədə davamlı olaraq yeni meşəliklərin salınması işləri görülür. 2018-ci ildə 10155 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib, 1 milyon 350 min ədəd ting əkməklə 2505 ha ərazidə meşə əkini aparılıb və aqrobağlar salınıb.
Eyni zamanda, nazirlik tərəfindən qeyri-meşə fondu torpaqlarında da yaşıllaşdırma işləri aparılır. Buna misal olaraq, bildirim ki, tərəfimizdən “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi üzrə lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 66 hektar sahə təmizlənərək bərpa edilib, kollektor-drenaj sistemi qurulub, yaşıllıq salınıb. 

– İşğal olunan ərazilərdə nə qədər meşə sahəsi var? Oradakı meşələrin böyük faizinin taleyi bizə qaranlıqdır. 
– 261 min hektar meşə işğal ərazisində qalıb. Ən böyük meşə təsərrüfatımız Xocavənddədir – 180 min hektara yaxın. Orada qiymətli ağaclar var. Təəssüf ki, ermənilər həmin meşəni qırıblar. Onlar gözəl bilirlər ki, bu torpaqlar onların deyil, gec-tez geri qaytarmaq məcburiyyətindədirlər. MDB ölkələri arasında ən az meşəsi olan Ermənistandır, ancaq statistik rəqəmlərə görə, daha çox ağac satmaqla gündəmdədirlər.
Həmin ağacları işğal altında olan ərazilərdən kəsib, satırlar.  Eyni zamanda, abidələrimizi dağıdır, faydalı qazıntılarımıza ziyan vururlar. O torpaqları işğaldan azad edəcəyik və orada meşəbərpa işləri həyata keçirəcəyik. 
– Meşələrdə kameraların quraşdırılması da birmənalı qarşılanmır. 
– Meşələrdə kameraların quraşdırılması dünya praktikasında var. Biz də bu praktikadan istifadə edərək, meşələrin giriş və çıxış yollarında şlaqbaumlar və kameralar yerləşdirmişik. Bu, meşələrə nəzarət etmək üçün vacib addımdır.

1650 metr məsafədən artıq obyekti seçə bilir. Meşələrdə kameraların quraşdırılması bu il də davam etdiriləcək. Hələlik beş rayonda, yəni Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarındakı meşələrə bu cür kameralar quraşdırılıb. Kameraların quraşdırıldığı az müddət olsa da, meşələrə müdaxilələr azalıb.
– Bizim redaksiyaya Xəzərə çirkli suların axıdılması ilə bağlı tez-tez videogörüntülər göndərilir. Bu məsələ ilə bağlı vəziyyət necədir?
– Xəzərə tökülən axarlarla bağlı keçən il araşdırma aparıldı. Xəzərin Azərbaycan sahil zolağında Xaçmazdan Astaraya qədər ərazi təftiş olundu, Xəzərə tökülən axarlar müəyyən edildi, su nümunələri götürüldü, analizlər aparıldı.
Bununla bağlı icra hakimiyyətləri ilə, müxtəlif təşkilatlarla görüşlər keçirildi. Konkret məsələ qoyuldu ki, bu istiqamətdə köklü dəyişikliklərə nail olunsun, müasir təmizləyici qurğular quraşdırılsın. Hazırda bu istiqamətdə müvafiq işlər gedir.
– Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, daş karxanaları ilə bağlı nazirlikdən göndərilən material əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində araşdırma aparılıb və bəzi sahibkarlara qarşı cinayət işi açılıb. Nazirlik tərəfindən daş karxanalarında monitorinqlər davam etdiriləcəkmi?
– Uzun müddət bu sahə diqqətdən kənarda qalıb. Bəzi sahibkarlar sui-istifadə hallarına yol verərək, qanunvericiliyin tələblərini pozmuşdular. Ötən il prezident İlham Əliyevin məsələyə diqqətindən sonra bu sahədə müsbət mənada köklü dəyişikliklər aparıldı.
Bir neçə iş adamı cinayət məsuliyyətinə cəlb olundu. Sahibkarlar karxana işlədir, amma primitiv, köhnə texnika ilə. Bu da ətraf mühitin çirklənməsinə səbəb olurdu.

– Ovla maraqlanırsınızmı?
– Ömrümdə bir sərçəyə də daş atmamışam. Mən ovçuları başa düşmürəm. Hərdən deyirlər ki, Azərbaycanda qeyri-rəsmi 300 minə yaxın ovçu var. Onların hamısına icazə verilsə, təbiətimizdən heç nə qalmaz. Kimliyindən asılı olmayaraq, hamı təbiəti qorumalıdır. 
– Övladlarınız hansı sahə ilə məşğul olurlar?
– Mənim sahəm üzrə çalışan yoxdur. Azərbaycan övladları kimi oxuyub, təhsil alıblar. Hazırda hər biri öz sahəsi üzrə çalışır.


Baxış sayı: 733


Bölməyə aid digər xəbərlər