Bütün xəbərlər
"Hər şeyi öz zəhmətimlə əldə etmişəm"
Tarix: 29-11-2018 11:32 | Bölmə: Müsahibə

      Nübar Novruzova: "bu sənətdə heç vaxt dayağım olmayıb"

Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi keçirildi. Gənc Tamaşaçılar Teatrında baş tutan tədbirdə Nübar xanımın indiyə qədər oynadığı tamaşalardan fraqmentlər göstərildi və sənət yoldaşları onun haqqında ürək sözlərini söylədilər.  Sonra Nübar xanım səhnəyə 60 illik yubileyinə hesabat olaraq Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış eyniadlı tamaşada ana rolunda çıxdı. O, oynadığı möhtəşəm ana obrazı ilə bir daha nəyə qabir olduğunu sübut etdi. Tamaşaçılar aktrisanı alqışladılar və ona gül dəstələri təqdim etdilər.  Doğrusu  mən son illər teatrda bu qədər alqış eşitməmişdim.
Biz Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi ərəfəsində   aktrisa ilə görüşüb onun ömür yolunu vərəqlədik.

-Nübar xanım, bu sənətə gəlməyiniz necə oldu?
-Doğrusu bu sənətə gəlmək haqda düşünməmişəm, yəqin bu mənim içimdə olub. Mən ancaq məktəbdə, Naxçıvan televiziyasında çıxışlar edirdim. Müəllimlərim hey mənə deyirdilər ki, səndən gözəl aktrisa olar. Mən isə ancaq hüquqşünas olmaq istəyirdim.  Müəllimlər məni istər məktəbdə, istərsə də İnstitutda çox sevirdilər. Sinifdə nəsə səs-küy, problem olanda deyirdilər ki, Nübar bir şeir desin. Bir şeir deyirdim sinif sakitləşirdi. Qəribə bir həyatla böyüdüm.
 Tale elə gətirdi ki, Naxçıvanda "Məhəbbət çələngi" filminə çəkildim. Orda tez-tez verilişlər aparırdım, şeirlər deyirdim, tədbirlərdə çıxış edirdim. 1975-ci ildə İncəsənət İnstitutuna-dram və kino aktyoru fakültəsinə daxil oldum. 1979-cu ildə oranı bitirdim.  

-İnstitutda hansı sənətkarlardan dərs aldınız?
-Mənim müəllimlərin Rza Təhnasib, Ədil İsgəndərov, Zəminə Hacıyeva olubdu. Rza Təhmasib, Ədil İsgəndərov çox gözəl bir müəllim idi. Rza və Ədil müəllimdən aldığım dərs indidə mənim köməyimə çatır. Biz üçüncü kursda oxuyanda onlar dünyalarını dəyişdi. Sonra mənim müəllimim Zəminə Hacıyeva oldu. O,  dipiom tamaşalarında baş rolları mənə verdi. Şekspirin "Qış nağılı"nda Germona, Nuşiçin "Nazirin xanımı"nda qulluqçu Ankanı oynadım. Qulluqçu Anka rolunu mərhum sənətkarımız Amalya Pənahovadan sonra mən oynadım. İlk diplom tamaşası kimi televiyada bizim tamaşa verildi. Biz o tamaşa ilə Şəkiyə qastrola getdik. O tamaşa ilə İnstitutda oxuyarkən məşhurlaşdım.
    Zəminə xanım çox ciddi müəllim idi. Məni çox sevirdi. Bir dəfə qulluqçu Ankanı mənə verəndə dedim ki, mən bunu niyə oynamalıyam. Həmişə gənc, gözəl qızları oynamışam? Oynamaq istəmirdim,gedib bir xeyli dondurma aldım.  Bu dondurmaları yedim ki, boğazım ağrısın, xəstələnim. Elə oldu doğrudan da xəstələndim. Zəminə xanım dedi ki, sən istədin, istəmədin bu rolu oynayacaqsan. Bu rol sənə şöhrət gətirəcək. Sən xarakterli aktrisasan. İstəyirəm ki, sən belə başlayasan. Mən onda cavan bir qız idim. Bəlkə də o dərinlikləri anlamırdım. Sağ olsun ki, o rolu mənə verdi. Bu gün də küçədə gedəndə  üzü çilli-çili qız Anka deyirlər. Mən uzümə çillər qoymuşdum. O obrazı yetkinləşdirdim, dəyişdirdim, tamaşaçılara sevdirdim.

-Gənc Tamaşaçılar teatrına gəlməyiniz necə oldu?
-Mən İnstitutu bitirəndə  Həsən Seyidbəyli, Tofiq Kazımov, Mehdi Məmmədov və bir çox tanınmış sənət adamları mənim diplom tamaşalarıma baxmışdılar. Tofiq Kazımov mənə "Şöhrət və unudulan adam" tamaşasında rol verdi. İstəyirdilər ki, mən "Azdrama"ya gedim. Amma mən Gənc Tamaşaçılar Teatrını seçdim. Ona görə ki, boyum balaca idi. Düşünürdüm ki, boyu balaca aktrisa Akademik Milli Dram Teatrında gedib nə edəcək? İndi orda balaca boy aktrisalar var. O zaman yox idi. Şəfiqə Məmmədova, Amalya Pənahova orda idi. Mən televiziyada mərhum  böyük sənətkarımız Yusif Vəliyevlə bir tamaşada oynadım. O mənim əlimdən tutub Gənc Tamaşaçılar Teatrına gətirdi.
    Mən teatra qədəm qoyanda oranın binası söküldü, təmirə başlandı. Biz "Aktyor Evi"ndə, 26 Mədəniyyət Sarayında məşqlər etdik. Əsasən də qastrollara gedirdik. Mən gecə-gündüz işləyirdim. O zaman teatrın bəzi aktrisaları analıq məzuniyyətində idi. Teatra gələn gənc aktrisa olduğuma görə bütün yük mənim üstümə düşdü. Əmrimi veməmişdilər. Heç maaş da almırdım. Televiziya verilişlərinə çəkilirdim. O qonorarla yaşayırdım. Evim də yox idi. Kirayədə qalırdım. Düz bir il sonra maaş aldım.
       İlk rolum Soltan müəllimin quruluş verdiyi  "Sən nə üçün  yaşayırsan"da Leyla, Ağakişi Kazımovun quruluş verdiyi "Azad çoban"da Bəyaz, Azər Paşa Nemətovun quruluş verdiyi"Sabah çoxdan başlanır"da Qumru, Müharib Tağıyevin  quruluş verdiyi "Ana laylası"nda Bahar, Möhsün Mürsəlovun quruluş verdiyi "Ərizə"də Nazlı, "Hacı Qəmbər"də Yetər, "Qızaran üfüqlər"də Qumru, Kamal Abdullanın "Unutmağa kimsə yox" əsəri əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi eyniadlı tamaşada qadın, uşaq tamaşasında bala dovşan və s. olub. Bununla belə  televiziyada "Bir ailədə" Ağgül,"Kleopatra"da Kleopatra, "Duel"də Nazlı, "Həmyerlilər"də qız, "Şəkilçi"də qız və s. rollarda çıxış etmişəm. O cümlədən "Qəzəlxan" və "Qorxma mən səninləyəm"  və s. bədii filmlərdə rol almışam.
  - Deyirlər ki, Əli Əmirlinin  "Ərizə" əsəri əsasında hazırlanmış eyniadlı tamaşada siz Nazlı obrazını oynamısınız. Çox gözəl də oynamısınız. Eşitdiyimizə görə o rol massovka olubdu. Necə olub onu gözəl oynamısınız?
-Bəli massovka dərəcəsində bir rol idi. Elə oldu ki, teatrımıza bir cavan aktrisa gəlirdi. Tamaşanın rejissoru Mövsün müəllim dedi ki, həmişə sən teatrda baş rollar oynamısan Nübar xanım, bu dəfə sizə baş rol verilməyəcək. Kömək üçün məktəbli qızlardan birini oynayacaqsan. Amma masssovkadı da, çox sözü yoxdu. Əvvəl razılaşmadım. Fikirləşdim ki, düşünərlər ki, paxıllıq edirəm, o üzdən razılaşdım. Rolu götürdüm. Rolu işlədikcə müəyyən tapıntılar tapdım. Əlavə sözlər oldu, sonra müəllif və rejissor əlavələr elədi. Bu obraz gözəl bir obraza çevrildi. Doğrusu hər kəs bu obrazı sevirdi. Heç yadımdan çıxmaz. Bir gün aktyorlardan biri mənə səhnə arxasından qayıtdı ki, Novruzova, xəbərin var, obrazın baş qəhrəmana çevrilib. Onda bu obrazı hansı səviyyəyə çatdırdığımı anlamadım, başa düşmədim ki, bunu nə üçün deyir. Sonra tamaşaçıların alqışları, insanların münasibətləri məni sevindirdi. Onda başa düşdüm ki, həmin aktyor bunu nə üçün deyirdi. Çünki hər kəs bu rolu çox bəyənmişdi. Heç yadımdan çıxmır gözəl sənətkarımız Firəngiz Şərifova, Şəfiqə Məmmədova, Həsən Turabov, Azər Paşa Nemətov məni görüb alqışladılar, təbrik elədilər. Bu mənim xatirəmdə bir iz olaraq qaldı.
   İllər sonra Cənnət Səlimova bu əsəri tamaşaya qoydu. Amma adı "Mən səni sevirəm" oldu. O vaxtı mənim anamı Xuraman Hacıyeva oynayırdı. İndi həmin ananı mən, qızımı isə Asiya Atakişiyeva oynayır.
-Qarşınıza çəpər çəkənlər oldumu?
-Mən sənətə başladığım dövürdən hər yerdə, hər zaman məni qırağa atmaq istəyiblər. Allah-tala məni çəkib öz yoluma qoyubdu. Televiziya tamaşalarında çox yer alıb oynayırdım. Bir dəfə məni televiziya tamaşasına dəvət etdilər. Sonra o tamaşadan çıxarılası oldum. Səbəbini bilmədim. Heç maraqlanmadım da. İllər keçdi həmin insanlar məni başqa bir tamaşaya dəvət etdi. Həmin rejissor  onda dedi ki, biz indi başa düşdük ki, sizinlə niyə bir çox insanlar oynamaq istəmir. Ona görə ki, efir elə bir şeydi ki,  ağ-qara bir-birindən seçilir. Bir çox insanlar çəkinirdi səninlə eyni məqamda efirdə oynamaqdan. Teatrda da çox vaxt mənə mane olublar.
     Analıq məzuniyyətindən qayıdandan sonra teatrın rəhbərliyinə yaxınlaşdım. Dedim ki, gəlmişəm. Rollarım yoxdur. Məndə teatrın zamanında siması olmuşam. Teatra camaat, tamaşaçı məni görüb gəlirdi. Rəhbərlik mənə dedi ki, yəqin rejissorlar səni görmür. Uşağımın xəstəliyi ilə əlaqədar Moskvaya getdim. Qayıdan da gördüm ki, üç teatr birləşib, teatrın əməkdar aktrisası, baş rollar oynayan aktrisanı massovkaya salıblar. Ömür boyu baş rollar oynamışam. Teatra ilk gəldiyim vaxtlarda massovkaya çıxmamışam. Onda da 45 yaşım var idi. Mənə elə gəlir ki, bunun hamısını aktrisanı sındırmaq üçün ediblər.
       İşə gəldim dilxor və kefsiz. Aktyor truppasının müdiri dedi ki, yazıblarsa massovkaya çıxmalısan. Baxmayaraq səbirsiz, emosianal bir insanam. Səsimi çıxarmırdım, təmkinlə yanaşırdım. Onlar mənim çılğınlıqlarımı bilirdilər. Mən özümü tutdum, dayandım. Gəldim Cənnət xanımın yanına. Ona dedim ki, məni niyə massovkaya salmısınız, mən bu teatrın aparıcı aktrisasıyam?Dedi qızım mən salmamışam, xəbərim yoxdu kim salıb. Dedim ki, xahiş edirəm ki, "Aydın" tamaşasında Böyükxanımı mənə verin. Məndə əməliyytdan sonra kökəlmişdim. Dedi ki, Nübar xanım Dövlət bəyin xanımı bu köklükdə olar? Dedim ki, siz niyə o cür yanaşırsınız. Dövlət bəyin xanımı elə kök olar da. Dedi ağıllı sözdü. Get otur işlə. bir-iki məşq verəcəyəm, xoşum gəlsə gəlıb işləyəcəksən. Amma bilirsən də dörd dublyor var. Sən də olarsan beşinci. Dedi ki, razısan? Dedim hə. Gəldim məşqə. Birinci-ikinci gün məşq elədik. Uçünci gün özü məni yanına dəvət edib mənə ayaqqabı, paltar seçdiyini və teatrın açılışında oynayacaqsan dedi.
    O gün teatrın açılışı mənim üçün bir bayram idi. Nazir və bir çox mötəbər adamlar gəlmişdi. Cənnət xanım belə bir rejissordu, istedada düzgün qiymət verir.
       Sonra Ağaxan Salmanov  quruluş verdiyi "Məzəli hadisə"də Jannina, Bəhram Osmanov  quruluş verdiyi "Hacıqara"da  Sona obrazını mənə verdi.  Cənnət xanım isə Axundovun "Xırs quldurbasan"ında Zalxa, "İtalyansayağı xoşbəxtlik"də Markolfa, "Romeya və Cülyetta"da dayə, Elçin Əfəndiyevin "Buzovna kəndinin əhvalatları" əsəri əsasında hazırlanmış eyniadlı tamaşada  Xeyransa obrazını mənə verdi. Mən Cənnət Səlimovanın sayəsində teatrda o qədər rollar qazandım.                  Narkamaniyadan bəhs edən  Ayla Osmanovanın quruluş verdiyi "Ağ ölüm" tamaşasında isə ana obrazında oynadım.
    Mən efirdə hörmət elədiyim tanınmş sənətkarların danışığına qulaq asmışam. Deyirlər ki, rejissorlar özləri bizə rol verir, yazıçılar özləri bizi istəyir. Mən təsadüfən bir neçə yazıçı ilə rastlaşmışam. Deyiblər ki, biz əsər gətirmişik. Çox istəmişik ki, o obrazı siz oynayasınız. Amma onu başqa aktrisaya veriblər. Bu olubdu. O gözəl vaxtda teatrda müəyyən insanlar imkan vermədilər üstün şeyləri oynayam. Həmişə mənə mane oldular.
Hətta Nahid Hacıyev mənim adıma əsər yazmışdı. Əsərin qəhrəmanının adı Nübar idi. Ancaq bizim teatr bu əsəri götürmədi. Akademik Milli Dram Teatrda, Şəki Dram teatrında, İrəvan Dram Teatrında bu əsər tamaşaya qoyuldu. Müəyyən səbəblərdən bu tamaşada oynamaq mənə nəsib olmadı...
    Hər şeyi öz zəhmətimlə əldə eləmişəm. Mənim bu sənətdə heç vaxt dayağım olmayıb.
-Siz həmişə mənimləsən tamaşasına bir yenilik gətirmisiniz. Bu barədə nə deyə bilərsiniz?
-Xalq artisti Tariyel Qasımov 65 illik yubileyi münasibətilə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsəri əsasında eyniadlı tamaşa hazırlayırdı. Və mənə həmin tamaşada Nargilə obrazını təklif etdi. Lakin teatrın rəhbərliyi Tariyel Qasımova etirazlarını bildirdilər ki, Nübar Novruzova 45 yaşında 16 yaşlı qız obrazını oynaya bilməz. Onda T.Qasımov təkidlə rəhbərliyi əmin etdi ki, Nübar xanım bu rolun öhdəsindən məharətlə gələcək. 
    Mən Nargiləni kepkada, şalvarda, pencəkdə, kurtkada, bir sözlə yeni stildə şıltaq qız obrazını canlandırdım. Tamaşa  gözəl alındı. Kim istəmirdi ki, mən bu tamaşada oynayım, hamısı, rəhbərlikdə daxil olmaqla  sonradan gəlib üzr istədi, dedilər nə gözəl alınıb. Biz Nübar xanımdan gözləmirdik ki, 45 yaşında 16 yaşlı qızı  belə gözəl oynaya bilər.
-Teatrınıza təzə direktor gəlib. Münasibətiniz necədir?
Bu yaxınlarda 60 illik yubileyim idi. Xalqımın qarşısında hesabat vermək istəyirdim. Teatrın yeni gələn direktoru Naidə xanım bu yubileyimin keçirilməsinə hər cür imkan yaratdı. Tədbir ürəyim istəyən, möhtəşəm şəkildə keçdi. O, bir şeyə yox demədi. Bu əsas idi aktrisa üçün. Hiss elədim ki, sərbəstəm. Nəyi istədim, demədi ki, bu olmaz. Ona təşəkkür edirəm.
Həmçinin  mənim yubileyimlə əlaqədar "Ana" tamaşasının quruluşçu rejissoru, teatrın baş rejissoru Bəhram Osmanov, rejissor Nicat Kazımov və gecənin aparıcııs Saleh Bağırova dərin minnətdarlığımı bildirirəm.
-Sənətinizin davamçısı barədə nə deyə bilərsiniz?
-Qızım anasının çətinliklərini görür. Qızım özü sənətimi davam etdirmək istəməz. Onu uşaq vaxtı bir-iki tamaşalara, filmlərə çəkdirmişəm. İstəyirdim ki, bir az uşaqda intellekt cəhətdən inkişaf getsin. Qızım hüquqşünas olacaq. O, qətiyyən bu sahəni istəmədi. Heç mən də istəmirəm.
-Hansı arzularla yaşayırsınız?
-Hər kəsin balasını, mənim balamı  da Allah yaxşı yerlərə gətirsin. Vətənimə, dövlətimə, cəmiyyətimə layiqli övlad yetişdirim. Allah xəstələrə şəfa versin, anam da onun içində.Allah-tala mənə bu sənətdə gözəl-gözəl rollar oynamaq qismət etsin. Dedilər 60 yaşda aktrisaya bənzəmirsən. Lazım gəlsə filmdə, səhnədə at belində də oynayaram.     
    İstərdim ki, gözəl bir filimdə tarixi bir obraz oynayım. Və onunla da sənətə əlvida deyim.
    Mən həyatda həmişə ümidlə yaşayıram. İstərdim ki, bu yaşımda  bir gözəl ev alım, övladımı sevindirim.
     Namiq MƏMMƏDLİ


Baxış sayı: 2 356


Bölməyə aid digər xəbərlər