Bütün xəbərlər
"Neftçi"nin prezidenti: "Hər oyundan sonra inamımız daha da artır" - MÜSAHİBƏ
Tarix: 06-10-2018 00:50 | Bölmə: Müsahibə

                           

"Neftçi"nin prezidenti Kamran Quliyev evdə "Sabah" komandasını 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra brifinq keçirib.
K.Quliyev "Report"un da suallarını cavablandırıb...
Bu gün 2:0 hesabı ilə qalib gəldiniz. Oyun sizin üçün necə keçdi?
- Əvvəla, komandanı təbrik edirəm. Bu gün bizim üçün əlavə stimul idi, çünki futbolçumuz Kvame Karikarinin anası bu yaxınlarda dünyasını dəyişib. Qələbə qazanıb ona dəstək mesajı vermək istəyirdik. Oyunçularımız qələbəni ona həsr etdilər. Bu da komandadakı abu-havanın göstəricisidir. Hər oyun çətin keçir. Bu mövsüm "Neftçi"yə qarşı oynayan komandalar sanki son matçlarına çıxırmış kimi mübarizə aparırlar. "Neftçi" onlar üçün stimula çevrilib. Bu oyun da bizim üçün çətin keçdi, amma biz lazımi vaxtlarda qol vurub qələbə qazana bildik.
Düzdür, "Qarabağ"ın bir oyunu əksik oısa da, bu qələbə ilə ilk dövrəni lider kimi bitirə bilərsiz. İlk 7 turu necə dəyərləndirərdiniz?
- Əgər "Qarabağ" təxirə salınmış oyunda böyük hesabla qələbə qazansa, o zaman onlar lider olacaq. Amma buna inanmıram. Düşünürəm ki, bu komanda hələ də 100 faizini göstərməyib. Komanda olaraq tam püxtələşməyib. Biz oyundan oyuna daha da yaxşı oyun göstəririk. Təbii ki, burada məşqçi işi də öz sözünü deyir. Gördüyünüz kimi bu gün azarkeşlər də oyunun sonunda Bordinin adını çağırıb ona şüarlar səsləndirdilər. Hələ ilk dövrə geridə qalıb, çempionatın böyük hissəsi qarşıdadır, fikrimcə daha yaxşı oyunlar göstərəcəyik.
Bu gün Slavko Braliç lazımsız yerə iki sarı vərəqə aldı. Görünürdü ki, oyun praktikasının azlığından əziyyət çəkir. Müdafiədə bir neçə epizodda boşluqlar verirdiniz. Hazırda Ruslan Abışov da zədəlidir. Qış transfer pəncərəsi dövründə müdafiəçi transfer etmək fikriniz varmı?
- Müdafiəmizin zəif olduğunu düşünmürəm. 7 tura 3 qol buraxmışıq ki, bu da son illərin ən yaxşı göstəricisidir. Eyni zamanda Səlahət Ağayevi də qeyd etmək istəyirəm ki, o da hər oyun etdiyi vacib qurtarışlarla komandaya kömək olur. Düşünürəm ki, artıq milli komandada da sağlam rəqabət var. Ruslan isə bizim üçün həm kapitan, həm də liderdir. Bütün oyunlarımızda tribunada olur. Artıq yüngül məşqlərə başlayıb və komandaya tezliklə geri dönəcək. Transfer məsələsinə bizdə idman direktoru və baş məşqçi qərar verir. Düşünürəm ki, transfer haqda danışmaq üçün tezdir.
Çempionluq yarışında əsas rəqibiniz "Qarabağ"dır. Sizdə çempionluğa inam nə qədərdir?
- Oyundan-oyuna inkişaf edirik. Komandanın da may ayını düşünməsini istəməzdim. Növbəti oyunu düşünüb, addım-addım irəliləməliyik. Hər oyundan sonra inamımız daha da artır. Bu gün ən yaxşı oyunumuzu sərgiləməsək də, qələbə qazandıq.
Samir Abbasov bu gün deyib ki, "Qarabağ"ın çempionluq uğrundakı rəqibi "Qəbələ"dir. Bu haqda nə deyə bilərsiz?
- Bu haqda heç nə demək istəmirəm. Samir Abbasova uğurlar arzu edirəm.


Baxış sayı: 792


Bölməyə aid digər xəbərlər