Bütün xəbərlər
“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” - Ombudsmanla MÜSAHİBƏ
Tarix: 18-05-2020 16:43 | Bölmə: Müsahibə
       

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:
 
- Səbinə xanım, aprelin 24-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında Ombudsmanın illik məruzəsi dinlənildi. Əvvəlcə illik məruzədə əksini tapmış mühüm məqamlar və rəhbərlik etdiyiniz institutun ötənilki fəaliyyəti barədə fikirlərinizi bilmək istərdik…
 
- İlk növbədə diqqətə çatdırmaq istərdim ki, 2019-cu il bütün digər sahələrdə olduğu kimi, insan hüquqlarının etibarlı müdafiəsi baxımından da uğurlu olub. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Ombudsman təsisatı Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əhatəli iş aparıb, müxtəlif tədbirlər həyata keçirilib.

Bu dövr ərzində Ombudsmanın ünvanına 25 min 500 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur.

Müvəkkil və əməkdaşlar tərəfindən Ombudsman Aparatında və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali qrupları ilə görüşlər keçirlib. Həmçinin, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışlar və başçəkmələr zamanı ümumilikdə 3013 şəxs qəbul edilib.
Milli Məclisin bəhs olunan iclasında diqqətə çatdırılan illik məruzədə də bu məsələlər və məqamlar əksini tapıb. Bununla yanaşı, tərəfimizdən müxtəlif məsələlərlə bağlı bir sıra təkliflər irəli sürülüb. Vətəndaşların əmək hüquqlarının səmərəli təmin edilməsi məqsədilə qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsi, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə Əmək Məcəlləsinə əlavələr edilməsi, vətəndaşların mənzil hüququnun  səmərəli təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsi və digər məsələlərlə bağlı təkliflər bu qəbildən olan nümunələr sırasında yer alır. 
Bütövlükdə, illik fəaliyyətin təhlili göstərir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı müdafiəsi və səmərəli təmin edilməsi məqsədi ilə dövlət qurumları və bələdiyyələr tərəfindən Ombudsmanın müraciətlərinə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılması, şikayətlərdə əks etdirilmiş halların təxirə salınmadan yoxlanılması və cavablandırılması işinə diqqət artırılmalıdır. Başqa sözlə, müraciətlərin təhlili prosesində formalaşmış və Ombudsman tərəfindən səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, həmçinin illik məruzələrdə öz əksini tapmış təklif və tövsiyələrə diqqətlə yanaşılması və həlli üzrə tədbirlər görülməsi vacibdir.
 
- Yeri gəlmişkən, Ombudsmanın müvafiq təklifi nəzərə alınaraq Azərbaycan Prezidentinin Fərmanına əsasən, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslər siyahısına “ən azı, 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs”lər əlavə edilib. Bu məsələ ilə bağlı nə söyləmək olar?
 
- Ümumiyyətlə, vətəndaşların mənzil hüququnun müdafiəsi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzindədir. Ölkə Prezidentinin göstərişlərinə müvafiq olaraq, respublikamızda, xüsusilə Bakı şəhərində vətəndaşların mənzil hüququnun gerçəkləşdirilməsi sahəsində kompleks tədbirlər davam etdirilir.  Yeni yaşayış binalarının, eləcə də mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğun sosial mənzillərin tikintisi böyük vüsət alıb. Yaşayışın və məskunlaşmanın hüquqi təminatı, infrastruktur baxımından müyəssərlik, əlçatanlıq, yaşayış üçün yararlılıq, yerləşmə yeri, mədəni baxımdan uyğunluq bu hüququn təmin edilməsinin əsasını təşkil edir. Sosial mənzillərdən ibarət yaşayış komplekslərinin salınması zamanı məhz bu amillərə xüsusi diqqət yetirilir.
İnsan Hüquqları üzrə Müvəkkilin ünvanına daxil olan müraciətlərin təhlili əsasında müvafiq dövlət qurumlarına təqdim edilən, illik məruzələrdə öz əksini tapan təkliflər istər qanunvericilik aktlarının qəbulu zamanı, istərsə də dövlət qurumlarının gündəlik fəaliyyətində nəzərə alınmaqdadır.  Ombudsman əhalinin mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə həm illik məruzələrdə, həm də səlahiyyətli dövlət qurumlarına ünvanladığı müraciətlərdə digər məsələlərlə yanaşı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin dairəsinin genişləndirilməsini də təklif edib. Ən azı, 15 il ümumtəhsil məktəbində müəllim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlərin tətbiq edilməsi ilə bağlı təklif də bu sırada yer alır. Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda bəhs olunan Fərmanı ilə bu kateqoriyadan olanların güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslər siyahısına əlavə edilməsi təqdirəlayiqdir. 
Bütövlükdə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ailələrin real gəlirləri nəzərə alınmaqla müvafiq addımların atılması mənzil hüququnun etibarlı müdafiəsinə xidmət edir.
 
- Azərbaycan Prezidenti İlham Əliyev yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa qovuşmasını təmin edən əfv Sərəncamı imzaladı. İnsan hüquqları üzrə Müvəkkil olaraq sözügedən Sərəncamın icrası prosesində iştirak etdiniz. Bütövlükdə, bu humanist addımın əhəmiyyəti barədə nə deyə bilərsiniz? 
 
- Əvvəlcə qeyd edim ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında profilaktik – preventiv və mübarizə xarakterli zəruri, təxirəsalınmaz tədbirlər uğurla davam etdirilir. Əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, dövlət başçısının 6 aprel 2020-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması da bu baxımdan xüsusi qeyd edilməlidir. Xatırladım ki, dünyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.  Qeyd olunmalıdır ki, bu əfv Sərəncamı ilə 10 məhkum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla azadlığa buraxılıb. Ümumilikdə, müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib ki, bu da humanizm siyasətinin bariz nümunəsi - əyani ifadəsidir.  
   
- Pandemiya şəraitində Ombudsman Aparatı ölkəmizdə həyata keçirilən tədbirlərə öz dəstəyini hansı formada ifadə edib? 
 
- 2020-ci il üçün ölkəmizin qarşısında yeni çağırışlar durur. Azərbaycanın dayanıqlı inkişafının təmin olunması üçün hər bir funksional qurumun, o cümlədən Ombudsman təsisatının öz fəaliyyətini ictimai maraqlar və dövlətin strateji mənafeyi əsasında davam etdirməsi, bu kontekstdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müvafiq vəzifələrin layiqincə yerinə yetirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, bu, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının əhalinin sağlamlığına və sosial rifahına təsirlərinin minimum endirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Konkret olaraq Ombudsman Aparatı yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. Təsisat əvvəlcə bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərini, atdığı qətiyyətli addımları dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.
COVID-19 infeksiyasının yayılması ilə əlaqədar  ölkədə karantin rejimi elan olunduğu dövrdən tərəfimizdən əhaliyə çağırış ünvanlanıb, monitorinqlər aparılıb, bu ərəfədə həyata keçirilən fəaliyyət çərçivəsində əlilliyi olan şəxslərin, miqrantların, uşaqların hüquqlarının, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə xüsusi karantin rejimi zamanı əhali qruplarının hüquqlarının təmini ilə bağlı təklif və tövsiyələr verilib, dövlət qurumlarına, vətəndaş cəmiyyəti institutlarına, sahibkarlıq subyektlərinə müraciətlər edilib. Eləcə də əhalinin maarifləndirilməsi məqsədilə #evdəqal həştəqi ilə videoçarx hazırlanıb, aztəminatlı ailələrə dəstək göstərilib.
Bunlarla yanaşı, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə qaynar xətlər vasitəsi müraciət imkanları təmin edilib. 
 
- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin  “İnsan Hüquqları Aylığı”nın elan olunması barədə müraciəti oldu. Bu barədə fikirlərinizi bilmək istərdik... 
 
- Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Eyni zamanda, 18 iyun respublikamızda Milli İnsan Hüquqları Günüdür. Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur  və bu ərəfədə müxtəlif qurumlar tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir. Bu il də müvafiq müraciət qəbul olunaraq bəyan edilib.  Hesab edirik ki, pandemiya şəraitində əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri və digər istiqamətdə işlər canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə həyata keçirilə bilər...
 
- Səbinə xanım, yeri gəlmişkən, xüsusi karantin rejiminin yumşaldılması fonunda koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmaması üçün vacib amil olan vətəndaş məsuliyyəti ilə əlaqədar nə söyləmək olar?


- Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, o cümlədən əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır. Bununla yanaşı, mövcud vəziyyət və ümumi tendensiya nəzər alınaraq karantin rejiminin mərhələli şəkildə yumşaldılması istiqamətində müvafiq qərarlar qəbul edərək müəyyən addımlar atılır.  Təbii ki, karantin rejiminin yumşaldılması pandemiyanın bitməsi, təhlükənin sovuşması demək deyil. Ona görə də hər bir şəxs müəyyən olunmuş qaydalara əməl və sosial izolyasiya tələblərinə riayət etməklə özünü, ətrafındakıları və bütövlükdə cəmiyyəti qorumalıdır. Yəni cəmiyyətin yenə də ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var. Cəmiyyət üzvlərinin sosial məsuliyyət nümayiş etdirərək, dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstək vermələri sayəsində pandemiya dövrünü minimum itkilərə geridə qoyaq bilərik. 


Baxış sayı: 493


Bölməyə aid digər xəbərlər