Bütün xəbərlər
Tanınmış azərbaycanlı aktyor: "Minnətləri olsun ki, onları parodiya edirəm"
Tarix: 04-05-2018 21:18 | Bölmə: Müsahibə

Aktyor Elcan Rəsulovun Milli.Az-a müsahibəsi.
- Elcan, illər öncə müğənniləri parodiya edirdiniz. İndi də edirsiniz, yoxsa bu işi artıq bitirmisiniz?
- Mən parodiyaya heç vaxt bir iş kimi baxmamışam. O vaxt 6-cı sinifdə oxuyurdum. Xalq teatrından gəlmişdilər, uşaqları seçirdilər. Uşaq idim, durub özüm üçün parodiya hazırladım, dekorasiya qurdum. Onda mənə parodiya lazım idi ki, özümü bu adamlara göstərim.
- İlk dəfə hansı müğənnini parodiya etmisiniz?
- Faiq Ağayevi.
- Hansı məşhur onu parodiya etdiyinizə görə sizdən inciyib?
- Xeyr, inciməyiblər. Onların minnəti olsun ki, mən onları parodiya edirəm (gülür).
- Bəs parodiya etməkdən çəkindiyiniz şəxs var?
- Xeyr, niyə çəkinim ki? Kimi istəyirəm, kimi bacarıram edirəm. Parodiya ağız əymək demək deyil, sən onun üstündə işləməlisən gəlişini, gedişini göstərməlisən.
- Hansı məşhuru parodiya edərkən özünüzə də xoş gəlir?
- Murad Dadaşovu. Çox vaxt etmirəm efirlərdə, amma onu parodiya edəndə özümü də gülmək tutur.
- Elə məqamlar olub ki, aktyor sənətini seçdiyiniz üçün peşman olasınız?
- Ayda bir 2-3 dəfə olur.
- O hansı məqamlardır?
- Sonuncu dəfə oldu, gecə saat 6-ın yarısı. Həmin günü səhər saat 8-dən ayaq üstə idim. Ordan da çıxıb "Ər-arvad"ın çəkilişinə getdim.
- Aktyorluqdan kifayət qədər pul qazana bilirsiniz?
- Özümə görə kifayət qədər yaxşı qazanan aktyorlardanam. Ən çox qazanan aktyorlar siyahısını tərtib etsələr məni də içərisinə daxil edə bilərlər. Amma digər dövlətlərlə müqayisə etsək, təbii ki, yox.
- "Oğlan evi" filmində oynadığınız cənubi azərbaycanlı rolu sizdə çox yaxşı alındı. Səbəb nə idi?
- Tək cənubi azərbaycanlıdan söhbət getmir, mən həm yaxşı rus, ingilis, ərəb obrazları oynaya bilərəm. Mən bu rollara da tamaşaçıları inandıraram. Elə bilərlər ki, həmin rolları oynayan əcnəbidir. Onun da hamısı müşahidədir.
- Gənc nəsil aktyorlardan kimi bəyənirsiniz?
- Bir ikisi var, amma adlarını bilmirəm. Onları görəndə deyirəm ki, gəl qardaşın sizi öyrətsin.
- Vaynerlərə münasibətiniz necədir?
- Vaynerdi də. Telefon üçün düzüb-qoşanlardır. Yaxşı uşaqlardır hamısı.
- Amma film də çəkiblər.
- Bunun nəyi pisdir ki? Yaxşıdır, rəqabətdi də. Qoy vayner də film çəksin.
- Üzünüzə deyən olubmu rolunuzu niyə yaxşı oynamamısız?
- Onu mənə yox, rejissora, ssenaristə deyirlər. Bilirlər ki, biz bu işin fəhlələriyik.
- Başqa ölkədə aktyor kimi fəaliyyət göstərmək istəyirsiniz?
- Xeyr, istəmirəm. Başqa bir ölkədə özümüzün məhsulu ilə tanınmaq istəyərəm.
- Teatr, kino yoxsa televiziya?
- Öz teatrımız olsa, işləyərəm.


Baxış sayı: 1 043


Bölməyə aid digər xəbərlər