Bütün xəbərlər
Arzu Alızadə: "bu islahatın içərisində yeni təyin olunmuş kadr kimi özümü də görürəm"
Tarix: 07-01-2020 17:31 | Bölmə: Müsahibə
" Çalışacam ki, mənə göstərilən etimadı doğruldum"-Arzu Alızadə

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadənin Sabaha-inamla.Az-a müsahibəsi

-Arzu xanım, söhbətə tərcümeyi-halınızdan başlayaq ki, oxucular sizi daha da dərindən tanısınlar.
-1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Birinci sinifə Sumqayıt şəhər 28 nömrəli orta məktəbə getmişəm. Yerdəyişmə edib 34 nömrəli məktəbdə oxumuşam, oranı bitirmişəm. 1993-cü ildə orta məktəbi bitirib Pedaqoji Universitetin kimya-biologiya fakültəsinə daxil olmuşam.1997-ci ildə Universiteti bitirib təyinatla Sumqayıta-general Məhəmməd Əsədov adına 20 nömrəli məktəbə göndərilmişəm. Orda kimya-biologiya müəllimi kimi fəaliyyətə başlamışam. 2005-ci ildən həmin məktəb internat tipli məktəbə çevrildi. O ildən  22 nömrəli məktəbə yerdəyişmə elədik. Bir müddət bu məktəbdə işlədikdən sonra 2013-cü ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist kimi fəaliyyətə başladım. 22 nömrəli məktəbdə və Təhsil Şöbəsində işlədiyim son illər- yeni təhsil proqramının- kurikulumun qəbul olunduğu  bir dövrü əhatə edirdi. Həmin vaxt bu proqramın təlimçisi kimi də fəaliyyət  göstərirdim. Sumqayıt, Bakı şəhərləri, eyni zamanda Respublikamızın bir sıra rayonlarında kurikulumun təlimçisi kimi işləmişəm. Həmçinin bir neçə kurslarda, layihələrdə iştirak etmişəm. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda mentorluq üzrə təlim kursunu bitirdim. Eyni zamanda dərslik qiymətləndirilməsində ekspert kimi Təhsil Nazirliyinə dəvət olundum. Orda dərsliklərin qiymətləndirilməsində ekspert kimi fəaliyyət göstərirdik.  Azərbaycan Müəllimlər İnstitutunda  "Təhsil menecerləri" kursunun müdavimi olmuşam. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən  Qafqaz Universitetində  təşkil olunmuş "Direktorların hazırlığı" kursunu müvəffəqiyyətlə başa vurmuşam. Həmin illərdə eyni zamanda Təhsil Şöbəsində metodiast kimi fəaliyyət göstərirdim. Bu dövrlərdə şəhərin 28 və 1 nömrəli məktəblərində dərs demişəm. "Direktorların hazırlığı" kursunu bitirdikdən sonra 25 nəfərdən 7 nəfər təyinat aldı. Onlardan biri də mən idim. Və fəaliyyətimi Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə direktor kimi davam etdirdim.  Direktor işlədiyim dövrlərdə  məktəbin müəllimlərini müxtəlif layihələrə cəlb edirdim. Eyni zamanda özüm "Təhsildə inkişaf və innovasiyalar" üzrə qrant müsabiqədə iki il ard-arda layihə qalibi oldum. Daha doğrusu, məktəbi qalib etdim. Çünki layihə rəhbəri- məktəb direktoru olaraq mən özüm idim.
Bu vəzifəyə 2019-cu ilin yanvar ayının 29-dan təyin olunmuşam.


"Məndə bütün işlərin hamısı  imtahan və müsahibələrlə olub"



- Belə bir məsuliyyətli işin altına girmək sizi qorxutmadı ki?
- Burda tez-tez müdir dəyişmələri olurdu. Məndə həmin dövrdə Təhsil Şöbəsində metodist işləyirdim, artıq bütün direktorlarla təmasda olurdum Məktəbdə müəllim işlədiyim dövrdən müşahidə qabiliyyətim güclü olub.  Kimin hardasa səhv addım atdığını, yanlış işi sezmək asan idi. Eyni zamanda  müşahidə etdiklərimdən özümə bir nəticə çıxarırdım. İstər vəzifədə olum, olmayım. Sadəcə düşünürdüm ki, bu addımı belə atsaydı daha düzgün olardı...
Bildiyiniz kimi  Direktorların və Təhsil Şöbəsinin müdirlərinin işə qəbulunda dəyişikliklər var. Təhsil Şöbəsində işləməyim, direktor olmağım, pedoqoji fəaliyyətim, iş təcrübəsi uyğun gəldiyi üçün ilk öncə hörmətli icra başçımız Zakir müəllim məndən soruşdu ki, "belə bir işdə işləyə bilərsənmi?"
Əlbəttə təhsil sahəsində pillə-pillə addımladığım üçün özümü bu məsuliyyətli işdə görürdüm. Sonra Təhsil Nazirliyi Tərəfindən keçirilən müsahibədə iştirak etdim.

Elə birinci müsahibədən bildim ki, bəyənilmişəm. Orda pisixoloji dayanıqlıq, bacarıq, idarəetməçilikdə səriştəlilik, münasibətlər, qaydalar, məktəb  sənədləri,  hər bir şey sual-cavab, söhbət əsasında oldu.
Mən işlədiyim dövr ərzində heç bir işə elə-belə gəlməmişəm. Təlimçi işləyəndə  Bakı-Avropa liseyində YUNİSEF-in təlim kursunu keçmişdim. Beynəlxalq sertifikat  almışam. O işə  Zülfiyyə xanım Veysova  rəhbərlik edirdi. Çox ciddi bir kurs idi. Bu sertifikatı hər kəs ala bilmirdi. Təlimçi işində, mentor işində işə yararlı olub-olmamaq üçün müsahibələrdən keçmişəm. "Direktorluq kursu"na getməmişdən əvvəl məntiqdən imtahan verdik, sonra  yenə müsahibə oldu. Kursu  bitirəndən sonra  imtahan və müsahibə oldu.
Dərslik qiymətləndirilməsində ekspert seçirdilər. Onda 10-15 nəfər dərslik müəllifləri, universitet professorlarının qarşısında da müsahibədən keçmişəm. Məndə bütün işlərin hamısı müsahibələrlə olubdu.
 İkinci müsahibədən də keçdim. Yanvarın 29-da cənab başçı tərəfindən əmrim verildi.

"Bildiyim işin içindəyəm"


 -Çətin deyil ki, bu vəzifədə işləmək?
-Əslində heç bir işin asanı olmur. Deyirlər hər bir işin özünəməxsus çətinliyi var. Mən deyərdim çətinliyi yox, ağırlığı var. Bununda ki, öhdəsindən gəlirik.
 Niyə mən bu işi özümə asan bilirəm? Çünki bildiyim işin içindəyəm. Mən uzun illərdir bu sahədəyəm.

" İlham Əliyev təhsil işçilərinə böyük bir hədiyyə elədi"


-Artıq təhsilin yarım ili arxada qalıb. Hansı uğurlarınız olubdu?
-Bizdə tədris ili sentyabrın 15-dən iyunun 14-ə qədərdir. Bizim illik planımız yanvar ayından başlayır. Sumqayıt təhsilinin ənənəsi var. Bu gün desəm ki, bu nəticə mənə görə əldə olunub, bu yaxşı fikir olmaz, yaxşı səslənməz, özündən deməklik olar. Sadəcə olaraq biz çalışırıq ki, bu ənənələri qoruyub saxlayaq. Və qoyulan tələblərə uyğun daha da yüksəklərə aparaq. Son dörd ildə nəticələrimiz daha yaxşıdır. Ölkə üzrə nəticələrimiz birincidir. İstər qəbulun faizində, istər buraxılış imtahanlarının faizində, istər olimpiadaların nəticələrinə , müxtəlif layihələrdə qalib olmağımıza görə.
 Bu il müəllimlərin pedaqoji mühazirəsinə üç müəllim göndərdik, üçü də qalib oldu. Ulu öndərin doğum günü ilə bağlı "Heydər Əliyev-96" təqdimatına 2 şagird göndərdik. İkisi də qalib oldu. Sadəcə  düşünürəm ki, seçimimizi düzgün apardıq. Komissiyalar yaratmışıq bu seçimləri aparmaqdan ötrü. Həmin komissiya üzvüləri dəqiq, qərəzsiz işləyirlər. Artıq tapşırıq belədir: qoy nəticələr yüz faizli olsun.
Bu il ən yadda qalan uğurlardan biri də Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilən  elmi-praktik konfransımız oldu. 16 mövzudan ibarət "Sumqayıtın tarixi, bu günü, məktəblilərin gözü ilə" adlı nəfis kitab  çıxardıq.  Həmin konfransa beş ən aktual mövzunun çıxışını saldıq. Şagirdlər çox gözəl araşdırma aparmışdılar. Şagirdlərin elmi rəhbərləri, müəllimləri idi.

 İcra başçımız Zakir müəllim özü də konfransa dəvət olunmuşdu.  Aparılan araşdırmalar hər bir kəsin xoşuna gəldi.
 Qəbul, buraxılış imtahanlarının qaydaları dəyişib. Birinci ildi ki, 2018-2019-cu tədris ilində şagirdlər kurikulum proqramını tam başa vurublar. Və bu proqramla imtahan veriblər. Yeni proqram, yeni qaydalar, yeni qəbul üsulu ilə. Əgər biz bu yeni qaydalara rəğmən nəticəmizi qoruyub saxlaya bildiksə, bu həqiqətən böyük uğurdur. Biz qəbulun ən pik həddinə- 2017-2018-ci tədris ilində çatmışdıq. 2017-2018-ci ildə əldə etdiyimiz nəticəni- 2018-2019-cu tədris ilində də proqramın dəyişilməsinə rəğmən qoruyub saxlaya biliriksə, müəllimlərin o proqramı düzgün mənimsədiyini, düzgün tədris, təbliğ etdiyini demək olar. Amma buna baxmayaraq builki qəbulda, buraxılış imtahanlarında müəyyən çatışmazlıqlar oldu. Biz çalışırıq bu gün bu çatışmazlıqları  aradan qaldıraq.  Yeni qaydalarda açıq tipli suallar var. Açıq tipli suallarla işləmə qaydaları, ingilis dili fənninin salınması, ingilis dilidən dinləmə, anlama mətninin izahlı şəkildə verilməsi, şagirdlərin ona uyğun şəkildə testi həll etməsi. Bütün bunlar hamısı yeniliklərdir. Yeniliklər olan yerdə, adətən bir az geriləmə olar. Amma bizdə geriləmə olmadı,əldə etdiyimiz nəticəni saxladıq. İngilis dilində, riyaziyyatda biraz faizlərimizdə nisbət fərqi oldu.
Bu yaxınlarda şəhərin 70 illik yubileyində iştirak edən cənab İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də təhsil işçilərinə böyük bir hədiyyə elədi. Biz təhsil işçilərinin, müəllimlərin, şagirdlərin, valideynlərin ən böyük arzusu tədrisin geniş, yaraşıqlı, işıqlı, isti rahat, yayda sərin olan sinif otaqlarında aparılmasıdır.
 Prezident bu gəlişində də yenə bizim üçün hədiyyə elədi. 1 nömrəli tam orta məktəbin əsaslı şəkildə təmirinə göstəriş verdi. Bu məktəb 650 yerlikdir.Orda 2220 şagird təhsil alır. Hazırda 1800 yerlik məktəb tikilir... Bizim üçün önəmli odur ki, məktəblərimiz təmir olunsun, rahat şərait olsun, texniki baza gücləndirilsin, müəllimlərin işləmə qabiliyyəti artırılsın. Eyni zamanda həmişə dövlətin diqqətini, qayğıısnı məllimlərin peşə bayramında, bilik günündə hiss etmişik. Prezident, o cümlədən cənab nazir, həmçinin şəhərin icra başçısı tərəfindən  fəxri adlar, fəxri fərmanlar, döş nişanları və s. mükafatlar verilib. Bunlarda müəllimin əməyini stimullaşdırır, müəllim əməyinə verilən qiymətdir. Təbii ki, müəllim öz əməyinin bəhrəsini görəndə daha həvəslə işləyir. Bu adı almaq arxayınçılıq yaratmamalıdır. Hər dəfə ad alan müəllimləri təbrik edəndə deyirik ki, adı almaq məsuliyyətimizi birə beş artırır.  Bizim üzərimizə qoyulan etimadı daha da artırır. Biz bu etimadı doğrultmağa çalışmalıyıq.

"İslahatlar düzgün istiqamətdə aparılır"

-Yeri gəlmişkən, ölkədə gedən islahatlarla bağlı sizin fikrinizi də bilmək maraqlı olardı.
-Təbii ki, hamımız düzgün aparılan  islahatların tərəfdarıyıq. Ümumiyyətlə biz təhsil işçiləri olaraq  ulu öndərin dövründən bu yana, həmişə düzgün aparılan siyasətin tərəfdarı olmuşuq, bu siyasətin ardınca getmişik. Eyni zamnda bu gün aparılan islahatlar, təbii ki, görülən işlər göz qabağındadır...
Bu vəzifəyə təyinat alanda artıq hiss elədim ki, gəncləşmə siyasəti gedir. Səriştəli, savadlı, işgüzar gənclərə artıq yol açılıb. Və mən də  bu islahatın içərisində yeni təyin olunmuş kadr kimi özümü də  görürəm. Aparılan bu islahatlar,dəyişikliklər, gənclərin müxtəlif vəzifələrə təyinatı, onlara göstərilən etimaddır. Əsas məsələ isə o etimadı doğrultmaqdır. Və onu qoruyub saxlamaqdır.  Bir gənc kadr kimi həmişə çalışacam ki, mənə göstərilən etimadı doğruldum.
"Görülən bütün işlər göz qabağındadır"

-Sumqayıt şəhərində son dörd ildə görülən abadlıq və quruculuq işləri barədə nə deyərdiniz?
-Siz də bu şəhərin sakinisiniz. Görülən bütün işlər göz qabağındadır. Məsələn, ən dəyərli iş  Bulvarın tikintisidir. Cənab Prezidentin təbirincə desək, "Sumqayıt Bulvarı bir möcüzədir".  Respublikanın hər yerində abadlıq, quruculuq işləri aparılır.
Təlimlərlə bağlı Azərbaycanın rayonlarına gedirdim. Hər dəfə orda gedən işləri görürdüm. O vaxtı görürdüm ki, Sumqayıtda bu işlər çox ləng gedir. Amma hörmətli icra başçısı cənab Zakir Fərəcovun rəhbərliyi altında son dörd ildə görülən işlər həqiqətən də göz qabağındadır. Cənab Prezidentimiz sağ olsun, bu işlərin görülməsi ilə bağlı lazımi göstərişlər verib. İncəsənət məktəbi, Şahmat məktəbi, Nizami kinoteatrı, Muğam Mərkəzi kimi möhtəşəm obyektlər tikilib. Nizami kinoteatrının tikilməsi də şəhər sakinlərinin sevincinə səbəb olub. Şəhərimizdə kinoteatr yox idi. Görülən işlərin hamısı təqdirəlayiqdir, bəyəniləndir.

"2020-ci il bizim üçün uğurlu, düşərli olsun"

-Bu gün dekabrın 30-dur.Bayrama çox az bir vaxt qalıb. Sizin təbrikiniz maraqlı olardı.
-31 dekabrı biz Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edirik. Həm bu gün, həm qarşıdan gələn yeni il münasibətilə Təhsil Şöbəsinin müdiri olaraq bütün təhsil işçilərini, Sumqayıt şəhərinin bütün təhsill ailəsini, o cümlədən xalqımızı, başda Prezidentimiz, vitse prezidentimiz olmaqla bütün rəhbər işçiləri səmimi qəlbdən təbrik edirəm. Qoy üzümüzə gələn il-2020-ci il bizim üçün uğurlu, düşərli olsun. Cənab Prezidentimizin apardığı düzgün siyasətin, düzgün islahatın son nəticəsi  o olsun ki, torpaqlarımız geri qaytarılsın. Bizim 2020-ci ildən də gözləntimiz budur. İnanırıq ki, bu da olacaq. Və ən əsası, hər kəsə möhkəm can sağlığı, iş başında olan, vəzifə başında olan hər bir məmura işlərində müvəffəqiyyətlər, uğurlar, sağlam iş atmosferi və nailiyyətlər arzulayıram. Təbii ki, hər birimizə,  gələcəyimiz olan gənclərimizə xoşbəxt gələcək arzu edirəm!
Hamiq MƏMMƏDLİ
Sabaha-inamla.Az
 


Baxış sayı: 3 714


Bölməyə aid digər xəbərlər